Azərbaycanın taleyinə nur saçan Heydər Əliyev dühası
Digər xəbərlər

Azərbaycanın taleyinə nur saçan Heydər Əliyev dühası

Ötən əsrin 60-cı illərinin əvvəllərində Azərbaycanın əksər göstəriciləri aşağı, həmçinin sənaye potensialı zəif olduğu üçün Sovet İttifaqında geridə qalmış kənd təsərrüfatı respublikası kimi tanınırdı. Müdrik rəhbər Heydər Əliyev ilk günlərdən məqsədyönlü tədbirlər hərtərəfli islahatlar həyata keçirərək ölkəmizi qısa müddətdə dirçəltdi və nəticədə Azərbaycan geridə qalmış kənd təsərrüfatı ölkəsindən aqrar-sənaye respublikasına çevrilərək ümumittifaq büdcəsinə töhfələr verən respublikalardan biri oldu. Vətənpərvər insan Heydər Əliyev paralel şəkildə milli-mənəvi dəyərləri bərqərar etmək, xalqın zəngin mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq üçün də ölçüyəgəlməz işlər görürdü.

Qətiyyətli şəxsiyyət Nizami Gəncəvinin və İmadəddin Nəsiminin yubileylərinin dünya miqyasında qeyd olunması ilə bağlı partiya qərarlarının verilməsinə belə nail olmuşdur. Milli-mənəvi dəyərlərə bütün varlığı ilə bağlı olan böyük insan xalqın düşüncələrini, adət-ənənələrini, azadlıq ideyalarını özündə yaşadan Azərbaycan folklorunun, o cümlədən aşıq musiqisinin inkişafını da diqqətində saxlamışdır. Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən olan Aşıq Ələsgərin 150 illik yubileyinin 1972-ci ildə doğulduğu Göyçə mahalında, Bakıda və hətta Moskvada ən yüksək səviyyədə keçirilməsi bunun bariz nümunəsidir. Bu tədbirlərin keçirilməsində məqsəd aşıq sənətinə və el sənətkarına yüksək dəyər verilməsi ilə yanaşı, Azərbaycanın tarixi sərhədləri, ata-babalarımızın bu yerlərdə əzəldən yaşadıqları barədə həqiqətləri ictimaiyyətə, yeni nəslə və bütün dünyaya çatdırmaq idi. Azərbaycan xalqının türk mənşəli olması "Kitabi-Dədə Qorqud"da daha əhatəli əks olunduğundan, sovet ideologiyası dastanın öyrənilməsini qadağan etməklə uzun illər bu abidənin unutdurulmasına çalışsa da, vətənpərvər lider Heydər Əliyev bu qadağanın aradan qaldırılmasına və dastanın dərindən tədqiqinə normal şəraitin yaradılmasına nail olmuş, nəticədə "Kitabi-Dədə Qorqud"la bağlı çoxsaylı tarixi və ədəbi araşdırmalar aparılmış, bu mövzuda bədii film də çəkilmişdir.

Azərbaycan hərtərəfli inkişaf etdikcə onun rəhbərinin nüfuzu da artırdı ki, bu da erməniləri çox narahat edirdi. 1982-ci ildə Ulu Öndərimizin ittifaq rəhbərliyinin ən yüksək pillələrindən birinə - SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilməsi və Mərkəzi Komitənin Siyasi Bürosuna üzv seçilməsi, eyni zamanda müxtəlif fəxri adlar alması ermənilərin daha ciddi narahatlığına səbəb oldu. Yeni vəzifənin öhdəsindən məharətlə gələn müdrik insanın uğurları bəzi rəhbər vəzifəli şəxslərdə ona qarşı qısqanclıq hissləri yaradır və bu, ermənipərəst Qorbaçovun hakimiyyətə gəlişindən sonra daha qabarıq nəzərə çarpırdı. Yaranmış fürsətdən istifadə edən ermənilər onun vəzifədən uzaqlaşdırılması planını işə salaraq, bu prosesə erməni lobbisini də cəlb edir. Heydər Əliyev 1987-ci ilin oktyabrında vəzifəsindən istefa verir və bundan sonra vətənin çətin günləri başlayır. Əvvəlcə, Azərbaycanın tarixi ərazilərini Ermənistana birləşdirmək ideyası meydana çıxır ki, bu da xalqımızın soyqırımı ilə müşayiət olunan torpaqlarımızın işğal edilməsi ilə nəticələnir, bir müddət sonra isə qanlı 20 Yanvar faciəsi törədilir. Sözsüz ki, o zaman Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olsaydı, bu hadisələrin heç biri baş verməzdi. Yenidən fəal siyasətə gəlmək niyyəti olmayan Ümummilli Lider baş verənlərə biganə qala bilmədiyi üçün hər bir təhlükəni gözaltına almaqla, heç nədən və heç kəsdən çəkinmədən hadisənin səhəri günü oğlu Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, respublikada 20 Yanvar qırğınını törətmiş Sovet İttifaqı rəhbərliyini kəskin şəkildə ittiham edən son dərəcə cəsarətli və qətiyyətli bəyanatla çıxış etməklə, hər zaman Azərbaycan xalqının yanında olduğunu bir daha sübut edir. Bundan sonra ona qarşı təzyiqlər və təxribatlar kampaniyası geniş vüsət alır. Doğma yurduna qayıdan, elinə və xalqına bağlı insana Bakıda yaşamağa imkan verilmədiyi üçün doğulub boya-başa çatdığı Naxçıvana qayıdır.

Həmin vaxt ermənilərin məkrli niyyəti, həmçinin Naxçıvanın da işğalına yönəlsə də, Ulu Öndər Heydər Əliyev buna imkan vermir və həlledici addımlar atır. Məhz onun təşəbbüsü ilə ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı elan edilir və Azərbaycanın Ali Məclisinə bu bayrağın dövlət bayrağı kimi qəbul edilməsi barədə vəsatət göndərilir. Bununla yanaşı, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından "Sovet Sosialist" sözləri çıxarılır. 1992-ci ilin noyabrında bilavasitə ulu öndərin liderliyi ilə siyasi platforması Azərbaycanın parlaq gələcəyindən xəbər verən Yeni Azərbaycan Partiyası yaradılır. Müxalifət partiyası kimi yaradılmış partiyanın siyasi arenaya gəlməsi bütün məsələlərin demokratik və sivil qaydada həll edilməsi üçün xüsusi əhəmiyyətə malik olan çox mühüm bir hadisə idi. Göründüyü kimi, Azərbaycanın dövlət müstəqilliyinə gedən yol böyük şəxsiyyətin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvandan başlamışdır. Hazırda nəinki Azərbaycanda, eləcə də Cənubi Qafqazda ən böyük siyasi qüvvə olan Yeni Azərbaycan Partiyası bilavasitə xalqa və milli maraqlara xidməti sayəsində qısa zaman kəsiyində - 1993-cü ildə iqtidar partiyasına çevrilir.

Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirərək ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarır, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını alır, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən edir. Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər xalqımızın nadir tarixi imkandan faydalanaraq böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir.

15 iyun 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda ictimai-siyasi sabitliyin bərqərar olunması iqtisadi inkişafın davamlılığına və yeni hədəflərə rəvac verməklə yanaşı, tərəfdaşlar qazanılmasına da zəmin yaratdı. Ulu öndərin ikinci dəfə respublikamıza rəhbərliyinin ilk illərində ölkəmiz vətəndaş müharibəsindən yenicə qurtulduğu, atəşkəs rejimini təzəcə əldə etdiyi üçün, həmin dövrdə investorları Azərbaycana sərmayə qoymağa həvəsləndirmək, onların etimadını qazanmaq həddindən artıq çətin, demək olar ki, mümkünsüz bir məsələ idi. Bununla belə, peşəkar siyasətçi 1994-cü ilin sentyabr ayında ölkəmizin qüdrətlənməsində mühüm əhəmiyyəti olan, Azərbaycanın Dövlət Neft Şirkəti ilə dünyanın 11 böyük neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlarının istifadə edilməsi barədə "Əsrin müqaviləsi" kimi möhtəşəm bir müqavilənin bağlanılmasına nail oldu.

Azərbaycan neftinin dünya bazarlarına çıxmasında müstəsna rolu olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ərsəyə gəlməsi, Azərbaycanı dünyada böyük qaz potensialına malik olan bir dövlət kimi tanıdan "Şahdəniz"in reallaşması da böyük şəxsiyyətin misilsiz xidmətlərinin nəticəsi idi. Xüsusi vurğulamaq lazımdır ki, türk dünyasının bir-biri ilə, eləcə də bütün dünya ilə birləşdirilməsinə xidmət edən tarixi İpək Yolu layihəsində də Heydər Əliyevin təşəbbüsü ilə görülən işlər müstəsna əhəmiyyət kəsb etmişdir. Əsas məqsədi Orta Asiya və Qafqaz ölkələrinin dünya iqtisadiyyatına fəal qoşulmasını təmin etməkdən ibarət olan bu böyük layihənin reallaşdırılmasında Bakı-Tbilisi-Ceyhan boru xəttinin mühüm əhəmiyyətini nəzərə alan aqil lider bütün qüvvəsini həmin layihəyə yönəltmişdir. Tarix onun növbəti uzaqgörənliyini təsdiq etdi və göstərdi ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru xəttinin, Şərq-Qərb nəqliyyat dəhlizinin, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası və qədim İpək Yolunun bərpası Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının qüdrətlənməsinə yönələn müdrik siyasəti olmaqla bərabər, həm də türk dünyasının birləşdirilməsinə hesablanmışdır.

Ulu Öndər Heydər Əliyevin növbəti dəfə hakimiyyətə qayıdışından sonra respublikamızda bütün sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində də köklü islahatlar həyata keçirildi. Müstəqil Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesi, o cümlədən ölkəmizin Ali Qanunu olan Konstitusiyanın qəbul edilməsi, orada hakimiyyətlərin bölünməsi prinsipinin təsbit olunması, qanunvericilik bazasının müasir tələblərə və beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, yeni idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət orqanlarının, o cümlədən prokurorluğun dövrün tələbatına uyğun formalaşdırılması ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı nəhəng işlərin sayəsində mümkün oldu.

1993-cü ilin ikinci yarısından etibarən Azərbaycanda cinayətkarlığa qarşı mübarizə gücləndirilərək qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Bu barədə danışılarkən Ulu Öndərin 9 avqust 1994-cü il tarixdə imzaladığı "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında" Fərmanının misilsiz rolu xüsusi vurğulanmalıdır. Bu sahədə aparılan islahatlar, o cümlədən sözügedən fərman əsasında hüquq-mühafizə orqanlarının fəaliyyəti cinayətkar təzahürlərə, xüsusən də mütəşəkkil cinayətkarlığa, korrupsiyaya və terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı səfərbər edilməklə, "cəzanın labüdlüyü" prinsipinin real təmin olunması istiqamətində ən ciddi tədbirlər görüldü. Bütün bunlar Azərbaycanda ardıcıl və sistemli surətdə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamaq imkanı verdi. Məhz ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı.

Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də müstəqil respublikamızın ilk Konstitusiyasının yüksək demokratik meyarlar və ümumbəşəri prinsiplər əsasında hazırlanması və ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi olmuşdur. Bu Ali Qanun xalq arasında "Heydər Əliyev Konstitusiyası" adlandırılır. 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə bərabər, demokratik-hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməlini qoydu. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə, həmçinin islahatların hüquqi bazasının yaradılması, insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm sənədlər qəbul edilmiş, respublikamız müxtəlif beynəlxalq konvensiya və sazişlərə qoşulmuş, qanunvericilik, icra və məhkəmə hakimiyyətinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədilə mühüm tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər sırasında Heydər Əliyevin 21 fevral 1996-cı il tarixli Sərəncamı ilə yaradılmış Hüquq İslahatları Komissiyasını xüsusi qeyd etmək lazımdır. Komissiya inkişaf etmiş dövlətlərin hüquq islahatları ilə bağlı təcrübəsindən bəhrələnərək xalqımızın dövlətçilik tarixində yaratdığı ənənələri qorumaqla xeyli işlər görmüşdür. Belə ki, yeni ictimai münasibətlərə uyğun Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual, Əmək, İnzibati Xətalar, Cəzaların İcrası və digər məcəllələrin qəbulu respublikamızda bu sahədə atılan addımları daha da artırdı.

1993-cü ilin iyun ayından ölkəmizdə icrasına moratorium qoyulmuş ölüm cəzası sonradan məhdudlaşdırıldı, daha sonra isə 10 fevral 1998-ci il tarixdə bu cəza növü Şərqdə ilk dəfə olaraq Azərbaycanda ləğv edildi. Fəlsəfi, hüquqi düşüncələrə, dərin elmi təhlilə və yüksək erudisiyaya malik Heydər Əliyevi böyük şəxsiyyət kimi xarakterizə edən ən mühüm keyfiyyətlərdən biri də onun siyasətinin yüksək humanizm və insanpərvərlik prinsiplərinə əsaslanması idi. Zəngin mənəviyyata malik olan Heydər Əliyev təqsirkarları qanunvericiliyə uyğun olaraq cəzalandırmağın tərəfdarı olsa da, onun xeyirxahlığı, insanpərvərliyi cinayətkarları bağışlamağa da sövq edirdi. Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının yaradılması və əfvetmə institutunun bərpası da qeyd olunanların əyani göstəricisidir. Xüsusi vurğulanmalıdır ki, 1995-2003-cü illərdə ümummilli lider Heydər Əliyevin imzaladığı 32 əfv fərmanı ilə üç mindən artıq məhkum azadlığa buraxılmış, həmçinin onun təşəbbüsü ilə Milli Məclisin bu dövrdə qəbul etdiyi yeddi "Amnistiya haqqında" qərar 60 mindən artıq şəxsə şamil edilmişdir.

Bütün bunlar onu deməyə əsas verir ki, nə qədər Azərbaycan dövləti və milləti var dünya miqyaslı böyük tarixi şəxsiyyət Heydər Əliyevin parlaq siması qədirbilən insanların qəlbində yaşayacaqdır.

Emil KƏRİMOV,

Azərbaycan Respublikası

Hərbi Prokurorluğunun Kriminalistika və

İnformasiya Texnologiyaları

İdarəsinin rəisi, ədliyyə polkovniki.