Azərkosmos və “Viasat” peyk xidmətləri üzrə əməkdaşlığa başlayıb
İqtisadiyyat

Azərkosmos və “Viasat” peyk xidmətləri üzrə əməkdaşlığa başlayıb

Azərkosmos qlobal kommunikasiya şirkəti “Viasat”la əməkdaşlıq müqaviləsi imzalayıb. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumatda bildirilir ki, Dubayda keçirilən “CABSAT” telekommunikasiya tədbiri çərçivəsində imzalanan müqavilənin əsas məqsədi Avropa, Yaxın Şərq, Afrika, Mərkəzi və Cənubi Asiyada enerji, kommunal xidmətlər və nəqliyyat sahəsində peyk rabitəsi üzərindən təqdim olunan xidmətləri genişləndirməkdir.

Belə ki, peyk rabitəsi sahəsində lider olan “Viasat” şirkəti özünün yüksək etibarlı “L” diapazonlu peyk xidmətlərini Azərbaycanda təqdim etmək üçün Azərkosmosla sıx əməkdaşlıq edəcək. Nəzərdə tutulan əməkdaşlıq çərçivəsində Azərkosmos və “Viasat” ən ucqar yerlərdə belə daha sərfəli, dayanıqlı və təhlükəsiz rabitə xidmətləri təklif edəcək. Sözügedən rabitə xidmətləri vasitəsilə nəqliyyat sistemləri üçün izləmə və telemetriya, enerji şirkətləri üçün boru kəmərinin monitorinqi və nəzarəti, kommunal xidmətlər üçün real vaxt rejimində nəzarət, mədənçilik və kənd təsərrüfatı üçün ətraf mühitin təhlükəsizliyinin monitorinqi kimi layihələr həyata keçiriləcək.

Qeyd edək ki, əməkdaşlıq sayəsində “Viasat” öz peyk xidmətlərini Azərbaycanda ilk dəfə təqdim edəcək. “Viasat”ın Korporativ və yerüstü mobil əlaqə bölməsinin prezidenti Endi Kesslerin sözlərinə görə, şirkətin qlobal peyk donanması peyk telefonundan istifadə edən bir tədqiqatçıdan tutmuş, mürəkkəb təchizat zəncirlərini idarə edən böyük sənaye obyektlərinə qədər bütün dünyada geniş çeşidli sektorlara xidmət verir.

Azərkosmosun sədr müavini Fuad Aslanov peyk xidmətləri bazarında çevik reaksiyaların vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Azərkosmos qlobal miqyasda istehlakçı və biznes tərəfdaşlarına etibarlı xidmət əhatəsini genişləndirməyi hədəfləyir.

“Respublika”.