Barışıq və sülh gündəliyinə gedən yol Almatıdan keçir
Siyasət

Barışıq və sülh gündəliyinə gedən yol Almatıdan keçir

Son dövrlərin əsas mövzusu Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Qazaxıstanda keçiriləcək görüşdür. Artıq Almatıda reallaşacaq təmasların tarixi də müəyyənləşib. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstanda erməni həmkarı Ararat Mirzoyan ilə mayın 10-da görüşəcək. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə "X" sosial şəbəkə hesabında bildirib: "Əvvəlcədən əldə edilmiş razılaşmalara uyğun olaraq mayın 10-da Almatıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılacaq".

İlk növbədə qeyd etmək lazımdır ki, toplantı Almatıda keçirilsə də təmaslarda Qazaxıstan vasitəçilik etməyəcək. Rəsmi Astana danışıqlara sadəcə ev sahibliyi edəcəyini bildirib. Ölkənin Xarici İşlər Nazirliyinin rəsmisi Aybek Smayidarov gözlənilən görüşün təfərrüatları barədə açıqlamasında deyib ki, ölkəsi sadəcə görüş üçün şərait yaradır. Onun sözlərinə görə, Almatıda keçiriləcək danışıqlar sırf Azərbaycan və Ermənistan arasında aparılacaq, rəsmi Astananın vasitəçiliyindən söhbət getmir. Yəni görüş vasitəçisiz danışıqlar formatında baş tutacaq, baş diplomatların müzakirələrinə xarici müdaxilə olmayacaq. Bu da rəsmi Bakının yürütdüyü siyasətə tam uyğundur. Belə ki, mayın 1-də Bakı Konqres Mərkəzində "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev bildirmişdir ki, iki ölkə bir sıra məsələlərdə vasitəçilər olmadan razılıq əldə edib. Üstəlik, bölgəyə öz fərdi, siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyən xarici güclər var. Onlar Cənubi Qafqazda alova yenidən odun atmaq istəyirlər. Buna görə də görüşlərin ikitərəfli qaydada həyata keçirilməsi mümkün risklərin aradan qaldırılmasına xidmət edir.

Mayın 10-da reallaşacaq görüşlə bağlı ikinci mühüm məqam isə hansı məsələlərin müzakirə olunacağıdır. Toplantının gündəmi barədə Ermənistan Xarici İşlər Nazirliyi ilkin açıqlama yayıb. Qurumdan verilən məlumatda bildirilib ki, rəsmi İrəvan Almatıda Bakı ilə iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələsini müzakirə etmək niyyətindədir. Həmçinin qeyd olunub ki, dövlətlər arasında öhdəliklərin yazılı təsdiqi, regionda nəqliyyat infrastrukturunun və ticarət yollarının açılması da gündəliyə daxil olan məsələlər sırasındadır. İrəvanın öhdəliklərlə bağlı məqamı xüsusilə vurğulaması diqqət çəkir. Deməli, Paşinyan hökuməti görüşdə hansısa sənədlərin hazırlanmasını istəyir. Bu isə sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı ola bilər. Məlum olduğu kimi, Qazaxın 4 kəndinin qaytarılması məsələsi artıq razılaşdırılıb. Ermənistan mayın 15-nə kimi bu kəndləri boşaltmalı və hər iki ölkənin sərhədçiləri demarkasiya olunmuş 12 kilometrlik ərazidə öz mövqelərində dayanmalıdırlar. Amma nəzərə almaq lazımdır ki, işğal altında daha 4 kəndimiz var. Bu da ona işarə edir ki, sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı çoxsaylı görüşlərin keçirilməsi istisna deyil. Digər tərəfdən, görüş çərçivəsində rəsmi Bakının Ermənistan qanunvericiliyindəki ərazi iddialarını da gündəmə gətirməsi mümkündür. Azərbaycan bu istiqamətdə dəyişikliklə bağlı Paşinyan rəhbərliyinə xəbərdarlıq edə bilər. Bu məsələdə razılıq əldə olunarsa, nəqliyyat-kommunikasiya ilə bağlı problemlər müzakirə oluna bilər. Bütün bunları nəzərə alanda belə anlaşılır ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin təması əsasən sülh sazişinin mətninin müzakirəsinə həsr olunacaq, sənəddəki ayrı-ayrı bəndlər ətrafında fikir mübadiləsi aparılacaq. Bu isə o deməkdir ki, Qazaxıstan tərəflər arasında etimad mühitinin yaradılması və növbəti mərhələlərdə müəyyən razılaşmanın əldə olunması üçün önəmli məkana çevrilir.

Bu məqam isə bəzi qüvvələri ciddi şəkildə narahat edir. Xüsusilə hazırda Ermənistanda aksiya keçirən dairələr Almatı görüşündən ehtiyat edirlər. İki ölkənin ortaq məxrəcə gəlməsini istəməyənlər sülh prosesini dalana dirəməyi hədəfləyirlər. Amma İrəvanda bu məsələyə münasibətdən asılı olmayaraq, rəsmi Bakının irəli sürdüyü təkliflər beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Buna görə də manipulyativ mövqe nümayiş etdirməyin perspektivi yoxdur. Bütün qütblər birmənalı şəkildə anlamalıdırlar ki, Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması, regional əməkdaşlıq mühitinin yaranması Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasından asılıdır.

Jalə QASIMZADƏ,

"Respublika".