Bir təşkilatın iki üzü
Siyasət

Bir təşkilatın iki üzü

USAID-in fəaliyyət məqsədi ölkələrdə qalmaqal yaratmaqdır

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Gürcüstanda hakimiyyət çevrilişi hazırlayır. Bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bəyan etdi və onun bəyanatı hansısa iddia, yaxud ittiham yox, bu ölkənin Dövlət Təhlükəsizlik Xidmətinin məxfi araşdırmalarına əsaslanır. Gürcüstan DTX-nın araşdırmasında USAID-in ölkədə çevriliş planlarına maliyyə ayırdığına dair konkret faktlar təqdim edilir. Çevriliş planı oktyabr-dekabr aylarında icra edilməli idi, lakin USAID-in Gürcüstana göndərdiyi və yerli təşkilatlardan hazırladığı şəbəkə ifşa olunduğu üçün baş tutacağı ehtimalı aradan qalxmış kimi görünür. Hərçənd, Tbilisi və Vaşinqton arasında son dövrlər müşahidə edilən çatlar fonunda bu cəhdlərin davam edə biləcəyi də gözləntilər arasındadır.

Gürcüstan nümunəsi USAID-in adının hallandığı yeganə qalmaqal deyil. Bu qurumun adı işlədiyi ölkələrdə siyasi proseslərə açıq müdaxilə, hakimiyyət çevrilişlərinə cəhd və s.-də daim hallanıb. Başqa sözlə, USAID bir növ ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (SİA) alt qurumu kimi fəaliyyət göstərərək, yardım adı ilə ayrı-ayrı ölkələrin daxili işlərinə qarışır, çevriliş və xaos üçün münbit şərait yaratmağa çalışır. USAID ABŞ-ın ayrı-ayrı ölkələrin daxili işlərinə müdaxilə, istəmədiyi hakimiyyətlərin devrilməsi strategiyasında xüsusi rola malikdir.

Qərbin bəzi institutlarından maliyyələşən təşkilatlar və şəxslər Azərbaycana qarşı da pozucu fəaliyyətlə məşğul olurlar. Bu artıq sirr deyil. Belə ki, ABŞ və Avropanın bir çox siyasi institutları, maliyyə fondları, hüquq-müdafiə təşkilatları Azərbaycanda uzun müddət fəaliyyət göstəriblər. Onların bəziləri fəaliyyətlərini hazırda da davam etdirməyə cəhd edirlər. Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra USAID, Milli Demokratiya İnstitutu, "Fridrix Nauman", "Marşall", IREX və digər bu kimi qurumlar ölkəmizdə fəaliyyət göstəriblər. Onlar aldıqları təlimatlar əsasında ölkədə "5-ci kolon" formalaşdırmaq və ondan siyasi hakimiyyətə qarşı təzyiq vasitəsi kimi istifadə etmək missiyasını yerinə yetiriblər. Postsovet məkanında baş vermiş rəngli inqilablar, sonrakı dövrdə Yaxın Şərqi qarışdırmış siyasi kataklizmlərə də baxmaq lazımdır. Bu qanlı hadisələr Qərbin formalaşdırdığı şəbəkələrin yaxından iştirakı ilə baş tutub. İndi də eyni münasibət sərgilənir. USAID 1991-ci ildən başlayaraq Azərbaycanda da fəaliyyət göstərir. Rəsmi missiyası zəif inkişaf etmiş, ehtiyacı olan ölkələrə dəstək göstərmək olan bu təşkilatın, o dövrün Azərbaycanında fəaliyyət göstərməsi anlaşılan idi. Lakin indi Azərbaycan özü bir çox dövlətə yardım edir və bir çox iri layihələr üçün donor funksiyasını yerinə yetirmək gücündədir. Azərbaycanla bağlı məqsədlərinə çatmayan qüvvələr yenə fəallaşır. Lakin əsl məqsədlərini ört-basdır etmək üçün demokratiya, insan hüquqları adlarından istifadə edirlər.

Ötən illərin təcrübəsi sübut edir ki, başda USAID olmaqla, ABŞ və Avropanın bir çox siyasi institutları vətəndaş cəmiyyəti strukturuna yeni nəfəs gətirməkdən, onların inkişafına təkan verməkdən daha çox, siyasi proseslərə pozucu müdaxilə etməklə, cəmiyyəti yanlış tərəfə istiqamətləndirməklə, ictimai-siyasi proseslər üzərindən manipulyativ mühit formalaşdırmaqla bütövlükdə olduqca təhlükəli və məkrli hədəflərə xidmət edən dövlətçilik prinsiplərini, bu sarsılmaz halqanın zəncirlərini zəiflətmək məqsədi güdürlər. Siyasi davranışın bir çox izahında insanların maddi qrup və ya şəxsi maraqlar, yaxud daha geniş prinsiplər və ideoloji öhdəliklərlə motivasiya edildiyi güman olunur. Bu amildən çıxış edərək, müstəqilliyimizin ilk illərindən başlayaraq USAID, NED, Fridrix Nauman, Marşall, IREX və bu qəbildən olan digər təsisatlar, qurumlar ölkəmizdə "beçinci kolon" yaradaraq ondan siyasi hakimiyyətə qarşı təzyiq vasitəsi kimi istifadə etmək, iradələrini diktə etmək, güzəştlərə nail olmaq üçün istifadə ediblər.

USAID 2023-2025-ci illərdə müxtəlif ölkələrdə "vətəndaş cəmiyyəti" quruculuğuna 10 milyard dollara yaxın vəsait ayırıb, bura Azərbaycan da daxildir. Gizli maliyyələşmə mexanizmi ilə vəsaitlərin ayrılmasında "nowar"çılara, "feminizm" adı altında fəaliyyət göstərən şəbəkələrə üstünlük verilir. NED də 2022-ci ildə Azərbaycanda təşkilatlara ayırdığı 1 milyon 100 min ABŞ dollarını gizli mexanizmlə öz şəbəkəsinə daxil olan təşkilat və şəxslər arasında bölüşdürüb. Bu planlarda əsas maraqlı tərəf də məhz Ermənistan və Qərb ölkələrinin paytaxtlarında yuvalanmış erməni diasporu və lobbisidir. Artıq sirr deyil ki, hədəf "demokratiya", "insan haqları", yaxud siyasi hakimiyyət yox, bu ad altında dövlətimiz, Azərbaycanın 100 il sonra qazandığı tarixi zəfərdir.

Azərbaycan dövləti milli maraqlara söykənən siyasəti və xalqın dəstəyi ilə ölkəmizə qarşı belə cəhdlərin qarşısını qətiyyətlə alır. Bu gün xalq-iqtidar birliyi milli maraqlarımıza qarşı risklərin önündə qalxana çevrilib, torpaqlarımızın azad edilməsi, bir əsrlik erməni separatizminə son qoyulması bu birliyi, bu gücü daha da gücləndirib.

Mustafa KAMAL,

"Respulika".