Cəlilabadın nemətləri: taxıl, kartof, çiyələk...
Region

Cəlilabadın nemətləri: taxıl, kartof, çiyələk...

Ənənəvi təsərrüfat sahəsi olan taxılçılığın inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Ölkə rəhbərinin qarşıya qoyduğu vəzifələr, verdiyi tapşırıq və tövsiyələr Cəlilabad rayonunda da uğurla icra olunur. Belə ki, dövlət tərəfindən göstərilən qayğını, dəstəyi hiss edən, texnika və lazım olan bütün ləvazimatlarla təmin olunan fermerlər, kənd adamları rayonda taxılçılığın inkişafına xüsusi maraq göstərirlər.

Cəlilabad Rayon Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Mübariz Nəzirovdan aldığımız məlumata əsasən rayonda 90687 hektar əkinəyararlı sahə var. 2023-cü ildə rayonda əkilmiş 57337 hektar buğda sahəsindən 183478,4 ton, 8200 hektar arpa sahəsindən 20664 ton, 4 min hektar vələmir tarlasından 7840 ton məhsul əldə edilmişdir. Hazırda heyvandarlıq təsərrüfatında vələmirdən keyfiyyətli yem kimi istifadə olunur. Cari il üçün rayonda taxıl biçini ilə bağlı bütün zəruri tədbirlər aparılır. Hazırda biçinin optimal müddətdə aparılması üçün 214 ədəd müasirtipli taxılbiçən kombayndan 166-sı saz vəziyyətə gətirilmiş və biçinə tam yararlıdır. Qalan kombaynların da hazır olması üçün lazımi işlər aparılır. Rayonda cari ilin məhsulu üçün 66230 hektar sahədə dənli bitkilərin əkini aparılmışdır. Bunun 56580 hektarı buğda, 9650 hektarı arpa sahəsidir. Əlavə olaraq yem məqsədilə 3160 hektar sahədə vələmir becərilir.

Kartofçuluğun inkişafına respublikamızın hər yerində olduğu kimi, Cəlilabad rayonunda da fermerlər tərəfindən böyük maraq var. Bunu hər il rayonda kartof sahələrinin genişləndirilməsindən də aydın şəkildə görmək olar. Qeyd edək ki, ötən il rayondan 61392 ton kartof Rusiyanın müxtəlif şəhərlərinə ixrac olunmuşdur. Cari ildə rayonda 2800 hektar sahədə kartof əkilmişdir, havaların yağışlı-yağmurlu keçməsinə baxmayaraq, fermerlər kartof yığımını mütəşəkkil şəkildə həyata keçirirlər. 870 hektar sahədən 2180 ton məhsul toplanılaraq Ukrayna və Rusiyanın müəyyən bazarlarına yola salınıb. Ümumiyyətlə, havalar əlverişli keçməsə də, fermerlər hər gün 60-65 maşın kartof xarici bazarlara yola salmağa nail olurlar. Qeyd edək ki, rayonda əksər fermerlər "ARİZON" sort kartofun əkininə üstünlük verirlər, çünki bu kartofun məhsuldarlığı hər hektara 250 sentnerdən çoxdur. Kartofun qiymətinə gəldikdə bir kiloqramı yerində 70 qəpik civarında satışa çıxarılır.

Son illər Cəlilabad rayonunda fermerlər gəlirli sahə olan çiyələk əkini ilə məşğul olurlar. Cari ildə rayonda 580 hektar sahədə çiyələk əkini aparılıb. Rayonun Göytəpə şəhərində fermer Mirağa Həsənov istixana şəraitində çiyələk yetişdirir. Həmin istixanada fevral ayından başlayaraq ilin sonuna qədər çiyələk satışı davam edir, burada 35-40 işçi çalışır ki, hər iş gününə 20-25 manat civarında pul alırlar. Rayonda ümumiyyətlə, çiyələk əkini sahələrdə örtük altı aparılır. İndiyə kimi 5450 ton çiyələk istehsal olunub ki, ondan 472 tonu Dubay, Rusiya və Belarusiya şəhərlərinə ixrac olunub. Ötən ildə olduğu kimi, cari ildə də çiyələk yığımı mütəşəkkil şəraitdə həyata keçirilir. Yığımın ilk günlərindən çiyələyin 1 kiloqramının qiyməti 2 və 2 manat 50 qəpik civarında satışa çıxarılıb. Təbii ki, bu qiymət fermerləri qane edir, orada çalışan işçilərin əməkhaqqının vaxtında verilməsinə problem yaranmır.

Ərəstun ABDULOV,

"Respublika".