Cinayətkarlar məsuliyyətə cəlb olunur
Gündəm

Cinayətkarlar məsuliyyətə cəlb olunur

Xunta rejiminin ünsürləri bir-bir məsuliyyətə cəlb olunurlar. Cinayətkarlar Azərbaycan qanunvericiliyi çərçivəsində öz layiqli cəzalarını alır və alacaqlar. Hansı ki, onlar illər boyu misli görünməmiş vəhşiliklər törətmiş, Azərbaycan xalqına çox ağrı-acılar çəkdirmişlər. Şükürlər olsun ki, qüdrətli Azərbaycan dövləti hərbi və diplomatik sferada millətinin qisasını layiqincə almış, aqressoru yerinə otuzdurmağa nail olmuşdur. Mövcud reallıqda isə müxtəlif cinayət əməlləri ilə Azərbaycanın ərazi bütövlüyünə, onun suverenliyinə təhdid olan qüvvələr bu gün qaçıb-gizlənməyə yer axtarırlar. Separatçıların saxta dövlət atributları zibil yeşiyinə atılır.

Qarabağdakı keçmiş separatçı liderlərin - Arkadi Qukasyan, Bako Saakyan və Araik Arutyunyanın məsuliyyətə cəlb edilməsi prosesi tarixi ədalətin bərpasıdır. Qeyd edək ki, adıçəkilən keçmiş separatçıbaşılar hər iki Qarabağ müharibəsində əlləri Azərbaycan xalqının qanına batmış canilərdir. Saxlanılan "şəxs"lər arasında Gəncə hadisələrinin səbəbkarı, dinc əhalimizin qanına susamış, terrorçu Araik Arutyunyan da var. O, 44 günlük müharibə zamanı Gəncə şəhərindəki yaşayış binasının raketlə vurulması əmrini verdiyini videomüraciət zamanı etiraf etmişdi. Azərbaycanın dinc, əməliyyatların aparıldığı ərazidən 100 km kənarda yerləşən şəhərini gecəyarısı, insanların yatdığı vaxt vurmaqla daha böyük tələfata səbəb olan bu qatilin Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən zərərsizləşdirilməsi mühüm hadisədir.

Bu barədə politoloq Tural İsmayılov bildirdi ki, Azərbaycana qarşı cinayət törətmiş hər bir şəxs Azərbaycan qanunları qarşısında cavab verəcək: "Azərbaycan beynəlxalq hüquq normalarını pozan, dövlətimizə qarşı terroru təşviq edən və birbaşa bu cinayət əməlində iştirak edən şəxslərin həbsini həyata keçirir. Hesab edirəm ki, bütün bunlar ədalət prinsiplərinin tarazlığına və meyarlarına xidmət edir. Çünki Azərbaycanın haqq səsinin boğulmasına xidmət edən beynəlxalq ictimaiyyət uzun illər ərzində ərazilərimizdə açıq-aşkar terrorçuların və separatçıların fəaliyyət göstərməsinə şərait yaradıblar və bu gün Azərbaycan dünya səviyyəli, güclü dövlət kimi öz ərazilərində terrorçuluqla məşğul olan, ərazi bütövlüyümüzü təhdid edən şəxslərin həbsini həyata keçirir.

Gəncədə günahsız insanların ölümünə səbəb olan Araik Arutyunyan və onun ətrafındakı xunta liderlərinin həbs edilməsi, bu cinayətkar şəbəkənin arxasında olan güclərin də ortaya çıxmasına səbəb olacaq. Hesab edirəm ki, qondarma qurumun "rəhbərliyində" təmsil olunmuş Ruben Vardanyan, Arkadi Qukasyan, Bako Saakyan və Araik Arutyunyanın həbsi Azərbaycan əleyhinə çirkin informasiya kampaniyasının kimlər tərəfindən təşkil edildiyini və ümumiyyətlə, bu adamların qlobal siyasət və media sahəsində əlaqələrini ortaya çıxaracaq.

Bu gün Azərbaycan xalqı ictimaiyyət dövlətimizin terrorçulara qarşı həyata keçirdiyi bu əməliyyatları dəstəkləyir, Azərbaycan həm də öz unikallığı ilə seçilən addımlar atır. Azərbaycan İsraildən sonra yeganə dövlətdir ki, xalqa qarşı cinayət etmiş cinayətkarları taparaq onları məsuliyyətə cəlb edir və bu canilərin məhkəmə prosesləri də keçmişdə olduğu kimi, bu gün də şəffaf şəkildə keçiriləcək.

N. ETİBAROĞLU,

"Respublika".