Dövlət Komitəsinin əməkdaşları sərhədçilərlə görüşüb
Gündəm

Dövlət Komitəsinin əməkdaşları sərhədçilərlə görüşüb

Aprel ayının 30-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə tədbirlər planına əsasən Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsində tədbir keçirilib.

"Respublika"  Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinə istinadən xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan uğurlu dövlət-din münasibətlərinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən bu gün də yüksək səviyyədə davam etdirilməsi, tolerantlıq ənənələrinin möhkəmləndirilməsi xüsusi vurğulanıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və İlahiyyat İnstitutunun nümayəndələri “Dinin siyasətləşdirilməsinin milli dövlətçiliyimizə təhlükələri” mövzusu və bu istiqamətdə aparılan maarifləndirmə işlərinin vacibliyi haqqında çıxış ediblər.

Davam edən tədbirdə hərbi qulluqçuları maraqlandıran suallara cavab verilib, məzhəb ayrı-seçkiliyi və məzhəblərarası fitnənin fəsadlarından bəhs edən “Fitnə” sənədli filmi nümayiş edilib.

Sonda qonaqlar hərbi hissədə yaradılmış şəraitlə tanış olub.