Dağ vüqarlı qəhrəmanımız
Sosial həyat

Dağ vüqarlı qəhrəmanımız

"Aprelin ilk günləri gələndə 8 il əvvələ qayıdıram. Qəhər boğazımda düyünlənir. Nələr hiss etdiyimi heç özüm də anlaya bilmirəm, duyğularım qarışır. Həmin an ötən illərə - Vüqarlı günlərimə qayıdıram".

Bu fikirlər Aprel döyüşlərində şəhid olan polkovnik Vüqar Yusifovun həyat yoldaşı Lalə Əliyevaya məxsusdur. Lalə xanımla qəhrəmanımızın olduqca maraqlı sevgi tarixçəsi, hörmət əsasında qurulan gözəl ailəsi olub. Gəlin əvvəlcə şəhidimizi yaxından tanıyaq. Xüsusi təyinatlı qüvvələrin polkovniki Vüqar Yusifov 1976-cı il 2 noyabr tarixində Şəmkir rayonunun Şiştəpə kəndində anadan olub. Onun uşaqlığı mənfur düşmənin vətənimizə təcavüz etdiyi illərə təsadüf edib. Erməni separatçıları Xocalıda silahsız dinc insanlara qarşı soyqırımı törədəndə o, 10-cu sinifdə oxuyub. Buna baxmayaraq, ailəsindən xəbərsiz dəfələrlə döyüş bölgəsinə gedərək müdafiəçilərə qoşulub düşməndən qisas almaq istəyib. Amma hər dəfə azyaşlı olduğuna görə hərbi komissarlıq tərəfindən geriyə qaytarılıb. Bununla belə düşməndən qisas alacağına and içib, bu məqsədlə də hərbçi olmağı qarşısına məqsəd qoyub.

1993-cü ildə orta məktəbi başa vuraraq Türkiyə Respublikasında Quru Qoşunları Ali Hərbi Məktəbinə daxil olub və 1998-ci ildə leytenant rütbəsi alaraq məktəbdən məzun olub. Müdafiə nazirinin əmrilə "N" saylı Xüsusi Təyinatlı hərbi hissədə taqım komandiri vəzifəsinə təyin edilib. XTQ kursunu müvəffəqiyyətlə başa vurduqdan sonra 2002-ci ildə taborun qərargah rəisi, 2003-cü ildə isə tabor komandiri olub. 2007-ci ildə Amerika Birləşmiş Ştatlarında "Fort Haucka" quru qoşunları bazasında, 2011-ci ildə isə Pakistanda Xüsusi təyinatlı təkmilləşdirmə kurslarında iştirak edib. Azərbaycan ordusunda sayılıb-seçilən kadrlardan olan polkovnik Vüqar Yusifov dəfələrlə düşmənin diversiya hərəkətlərinin qarşısını alıb, 200-dən çox əməliyyatda iştirak edib. Düşmənin 2014-cü ilin avqustunda cəbhəyanı yaşayış sahələrimizdə törətdiyi təxribatın qarşısının alınmasında isə xüsusi xidmətlər göstərib, komandanlığın əmrini qüsursuz icra edib. 2016-cı il 4 aprel tarixində Tərtər rayonunun Talış yüksəkliyində baş verən döyüş zamanı qəhrəmancasına şəhid olub. Aprelin 6-sı isə doğulduğu Şəmkir rayonunun Şiştəpə kəndində son mənzilə yola salınıb. Vüqar Yusifov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. 2019-cu ildə isə Vüqar Yusifovun döyüş yolundan bəhs edən "Vüqarlı dağlar" sənədli filmi çəkilib.

Vüqardan geriyə onu çox sevən həyat yoldaşı, 3 övladı və onunla qürur duyan əzizləri qalıb. Lalə xanımın sözlərinə görə, Vüqarın ona qarşı sevgisi illər əvvəl yaransa da, bunu gizli saxlayıb. Çünki hələ Lalə xanım orta məktəbi bitirməyib. Yalnız məktəbin bitməyinə bir neçə ay qalmış Vüqarın sevgisindən xəbər tutub. Yoldaşının sözlərinə görə, Vüqar o qədər tərbiyəli və düşüncəli insan olub ki, onu dərslərindən yayındırmaq istəməyib, əksinə təhsil almağına şərait yaradıb. İlk vaxtlarda xanımın ailəsi onların izdivacına tərəddüdlə yanaşıb. Çünki hər ikisi fərqli rayonlardan olduğu üçün ailələri bir-birini tanımayıb. Amma şəhidimizin insanları ələ almaq bacarığı sayəsində çox keçmədən Lalə xanımın valideynləri də onu çox istəməyə başlayıblar. Vüqarın da sevgisi və dəstəyi ilə Lalə xanım 2004-cü ildə həm universitetə qəbul olub, həm də nişanlanıb. 2 il sonra isə Şəmkirdə toyları olub. İlk vaxtlarda hərb işinin çətinliyi onun üçün ağır gəlsə də, Vüqara "sən harada, mən də orada" deyərək bir an belə olsun qəhrəmanımızı tək qoymayıb. Ta ki 2016-cı ilə qədər...

"2016-cı ilin yanvar ayından Vüqarı evdə çox az görürdük. Yanvarda və fevral aylarında evə cəmi 4 dəfə gəlmişdi. Hətta həmin ərəfədə 20 günlük məzuniyyət götürsə də, evdə olmadı. Buna görə çox narahat idim. Etirazımı bildirirdim. 2 ay ərzində çox aqressiv olmuşdum. Vüqarın evdə olmamasına görə uşaqlar da çox narahat idi. Atalarını istəyirdilər. 2016-cı ilin martında Novruz çərşənbələrini Vüqarsız keçirdik. Heç birində evə gəlmədi. Təsəvvür edirsiz, uşaqların gözü yolda qalmışdı. Onlara baxanda ürəyim ağrıyırdı. Novruz bayramı günü qızım atasına zəng etdi ki, evə tez gəlsin. "9-dan sonra gəlsən, sənə qapı açmayacam. Sən həmişə hamının atasından evə gec gəlirsən", dedi. Vüqar da cavabında "qızım, burda əsgərlər var. Onların ata-anaları yanında yoxdu. Amma sənin anan yanındadı. Onlar da üzülürlər axı. Onlarla keçirim, gələcəm" söylədi. Axşam saat 11-in yarısı Vüqar evə gəldi. Elə Vüqarla keçirdiyimiz sonuncu bayram gecəsi oldu. Guya uşaqları martın 21-i gəzməyə aparacaqdıq. Alınmadı. Martın 26-sı evə yorğun vəziyyətdə gəldi. Paltarlarını toplamağımı xahiş etdi. Bir həftəlik təlimə gedəcəyini söylədi. 27-si axşama yemək hazırladım, Vüqar gəlməli idi. Həmin gün bacım zəng edib nə işlə məşğul olduğumu soruşanda, axşam qonağım gələcəyini və yemək hazırladığımı dedim. Heç vaxt Vüqarın evə gəlməsini qonaq kimi qəbul etməmişəm. Elə bil Allah mənə əyan etdi ki, Vüqar birgünlük gəlir. Sonuncu gəlişi zamanı o qədər fikirli idi ki!.. Özündə deyildi. Onun getməməsi üçün ağladım. Gedib işdən çıxması ilə bağlı ərizə yazmasını istədim. Amma getdi. Aprelin 1-i axşama yaxın zəng edəndə uşaqlarla danışdı, amma mənimlə danışmağa başlayanda "hər şey yaxşıdır, mən getməliyəm" deyib tələsik telefonu söndürdü. Düzü, bu mənə qəribə gəldi. Həmin gecə yuxumda gördüm ki, məni yerə uzadıblar. Bədənimə çoxlu mismarlar vururlar. Evə isə Vüqarın bayrağa bükülü tabutunu gətirirlər. Oyanıb ona zəng vurdum. Dedi ki, salamatçılıqdır. Daha heç nə danışmadım, fikirləşdim ki, yuxudur da...".

Lalə xanım deyir ki, aprelin 4-ü səhərə yaxın bu qara yuxu həqiqətə çevrilib, Vüqarın şəhid olduğunu öyrənib. Onun sözlərinə görə, bu illər ərzində dəyişən təkcə aylar, illər olub. İstənilən özəl gündə, qurulan hər süfrədə ailə başçısının yeri daima görünüb. Şəhidimizin ailəsi isə xoş xatirələrə sığınaraq həyatlarına davam edirlər. Ən əsası Vüqarla qürur duyurlar. Həm də sevinirlər ki, şəhidimizin qanı yerdə qalmayıb, özü görməsə də, arzusu reallaşıb. Doğma yurdumuz Qarabağ düşmən işğalından tamamilə azad olunub.

Aprel döyüşləri dövlətimizin, xalqımızın sarsılmaz iradəsini, tükənməz gücünü bütün dünyaya nümayiş etdirib. Prezidentimiz İlham Əliyevin də dediyi kimi, bu müharibə 44 günlük savaşda qazandığımız qələbənin əsasını qoyub. Şanlı zəfərimizə imza atan, tarix yazan qəhrəmanlarımız hər zaman xatırlanacaq.

Jalə QASIMZADƏ,

"Respublika".