Azərbaycan kulinarları mükafatlandırıldı
Sosial həyat

Azərbaycan kulinarları mükafatlandırıldı

Almaniyanın Ştutqart şəhərində keçirilən "IKA - Dünya Kulinariya Olimpiadası"nda iştirak etmək üçün Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə xüsusi yaradılmış kulinariya komandası "fərdi iştirakçı" kateqoriyasının qənnadı incəsənəti üzrə iki bürünc medal və 6 diplom, eləcə də "ictimai keytrinq" kateqoriyası üzrə komanda yarışında diplom əldə edib.

Dünya üzrə mötəbər kulinariya müsabiqələrindən sayılan olimpiadada ölkəmizi Milli Kulinariya Mərkəzinin dəstəyi və Ümumdünya Aşpazlar Cəmiyyətləri Assosiasiyasının ("Wordlchefs") assosiativ üzvü olan Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının (ACSA) təqdimatı ilə 9 aşpazdan ibarət heyət "ictimai keytrinq" və "fərdi iştirakçı" kateqoriyalarında təmsil edib.

Müsabiqənin standartlarına əsasən milli komandanın təqdim etdiyi menyu ölkəmizin təbii biomüxtəlifliyini əks etdirməklə, eləcə də milli mətbəx mədəniyyətinin əsasları nəzərə alınmaqla tərtib edilib.

Müsabiqəyə təqdim olunan 2 menyuda Qafqaz şabalıdı, baltalı düyüsü kimi beynəlxalq "Slou Fud" qastronomik turizm modelinə daxil edilən, məhz Azərbaycana məxsus biomüxtəliflik nümunəsi kimi tanınan məhsullar, o cümlədən zəfəran, Zirə pomidoru, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına salınmış nar kimi yerli təbiət məhsullarından istifadə edilib.

Tədbirdə dünyanın müxtəlif ölkələrindən olan kulinariya komandaları "milli", "gənc milli", "ictimai keytrinq" və "regional" kimi qruplar üzrə yarışıblar.

Tədbir çərçivəsində, həmçinin Ümumdünya Aşpazlar Cəmiyyətləri Assosiasiyasına ("Worldchefs") məxsus pavilyonda Azərbaycanın qastronomiyasını əks etdirən stend quraşdırılıb. Stenddə əsasən Naxçıvan və Qarabağ mətbəxi, eləcə də "Azərbaycanın UNESCO irsi üzrə qida ənənələri" tematikası ilə Ümumdünya İrs Siyahısına salınmış Şəki və Xınalıq üzrə mətbəx nümunələri nümayiş etdirilib.

Qeyd edək ki, 1900-cü ildən etibarən hər dörd ildən bir Almaniyada təşkil olunan "IKA - Dünya Kulinariya Olimpiadası" kulinariya, qida, restoran və biznes sahələrində nüfuzlu beynəlxalq müsabiqə və sərgi kimi tanınır. Bundan əvvəlki 2020-ci ildə keçirilmiş müsabiqədə 67 ölkədən 1800 iştirakçı ilə 8000 fərqli resept dünyanın müxtəlif ölkələrindən olan 100 mindən çox ziyarətçiyə nümayiş etdirilib.

"Respublika".