Dağlar diyarının qartal oğulları
Sosial həyat

Dağlar diyarının qartal oğulları

Ceyhun Səfərov və Vidadi Cabbarov dağlar diyarı Lerikdə doğulub boya-başa çatıblar. Şərəfli ölümü ilə qəhrəmanlıq salnaməsi yazaraq xalqımıza qələbə sevinci yaşadan bu igidlər ilə indi bütün Azərbaycan qürur hissi keçirir, onların örnək həyatı nümunə göstərilir.

Qısa ömür yolları xalqına, el-obaya təmənnasız xidmətlə ölçülən hər iki Vətən sevdalısı üçüncü ildir əbədiyyət adlı dünyaya qovuşublar. Hər iki şəhidin anım mərasimində Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, hüquq-mühafizə orqanları əməkdaşları idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, kənd sakinləri və şəhidlərin ailə üzvləri  qəhrəman oğulların məzarları önünə gül dəstələri düzərək əziz xatirələrini  ehtiramla andılar. Çıxışlar zamanı bildirildi ki, Lerikin qartal oğulları Şanlı ordumuzun sıralarında Vətən torpaqlarının yağı düşməndən təmizlənməsi  uğrunda gedən döyüşlərdə Azərbaycanın müqəddəsliyinə tapınmaqla onun yolunda şəhid oldular.

Səfərov  Ceyhun Akif oğlu Lerik rayonu, Cənginəvud kəndində anadan olub.  2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlananda Ceyhun könüllü cəbhəyə yollanıb. Füzuli, Cəbrayıl, Zəngilan uğrunda gedən ölüm-dirim savaşlarında böyük şücaət göstərib. 20 oktyabr tarixində Cəbrayıl istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına  şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüb.

Cabbarov Vidadi Cəbrayıl oğlu 1997-ci ildə Lerikin Piran kəndində dünyaya göz açıb. İkinci Qarabağ müharibəsinin ilk günündə silahlanıb odlu-alovlu səngərə atılıb. Erməni dığalarına qarşı haqq savaşımızda rəşadət  göstərərək onlara layiqli cavab verib. Füzulidən başlanan çətin, şərəfli döyüş yolu onu Qubadlıya qədər aparıb. Qubadlı rayonunun azadlığı uğrunda haqq savaşımızda yağının atdığı mərmi qəlpəsindən dünyasını dəyişib. Ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüb.

Zəfər  ORUCOĞLU.