OD ÇƏRŞƏNBƏSİ
Sosial həyat

OD ÇƏRŞƏNBƏSİ

Xalqımızın uzun illər boyu keçirdiyi ilaxır çərşənbələrin ikincisi Od çərşənbəsidir. Xalq arasında ona "Üsgü çərşənbə", "Üsgü gecəsi", "İkinci çərşənbə", "Addı çərşənbə", "Atəş çərşənbə", "Xız çərşənbə", "Xızır çərşənbə" də deyirlər. Od Günəşin yerdə rəmzidir. Çünki od Günəşin rəngini özündə təcəssüm etdirməkdən başqa, onun 2 əsas xüsusiyyətini - işıqlandırmaq, aydınlatmaq və istilik, hərarət vermək xüsusiyyətlərini daşıyır. İnsanların həyatının xeyli dərəcədə müxtəlif təbiət qüvvələrindən, həmçinin Günəşdən asılı olduğu dövrlərdə onlar bu göy cismini ilahiləşdirmiş, ona səcdə etmişlər. Demək olar ki, bütün xalqlarda Günəş allahı Panteon ən əsas allahlardan biri olmuşdur. Qərbdə - yunanlarda Helios, Şərqdə - Misirdə Ra buna misal ola bilər. "Tarixin atası" Herodot türk tayfası olan massagetlərdən xəbər verərkən onların Günəşə sitayiş etdiklərini vurğulayır.

Tomiris Midiya hökmdarı Kiri qanla doyuracağına söz verərkən məhz günəşə and içir. Herodot qeyd edir ki, massagetlər Günəşin şərəfinə at qurban kəsərdilər. Çünki Günəş göy üzündə sürətlə hərəkət etdiyi kimi, at da heyvanlar içərisində ən sürətli qaçanlardan biridir. Günümüzədək gəlib çatmış "Günəşi çağırış" nəğməsində də təsadüfi deyildir ki, qırmızı kəhər atın adı çəkilir. Burada qırmızı rəngi də nəzərə alınmışdır:

Gün çıx, Gün çıx,

Kəhər atı min çıx,

Keçəl qızı qoy evdə,

Saçlı qızı götür çıx.

Azərbaycan ərazisindəki qayaüstü rəsmlərdə atın Günəşə qurban kəsilməsi səhnələri təsvir edilmişdir.

Od ilkin dövrlərdə insanlar üçün bir qorxu mənbəyi olmuşdur. Odun insan tərəfindən əldə edilərək istifadə olunması bəşər cəmiyyətinin həyatında yeni bir mərhələ sayılır. Elə qidanın bişirilərək yeyilməsi insanın istər fizioloji quruluşuna, istərsə də əqli cəhətdən inkişafına bilavasitə təsir göstərmişdir. Hər bir stixiya kimi, od da özündə müsbət və mənfi başlanğıcı, zərərli və xeyirli cəhətləri birləşdirir. Belə ki, insanı istiliklə, yeməklə, işıqla təmin edən od nəzarətdən çıxdıqda böyüyüb qarşısındakı hər şeyi külə döndərə bilər.

Əski görüşlərlə bağlı olan od çərşənbəsində insanlar odu və Günəşi müxtəlif mərasimlər, nəğmələr vasitəsilə əzizləmişlər. İnanmışlar ki, belə olsa, təbiət tez isinər, adamlara xoşbəxtlik gətirər. Odun Günəşin simvolu kimi rəmzləşdirilməsi Zərdüştilikdən çox-çox əvvələ aiddir. Bəzən Od çərşənbəsində icra edilən tonqal üstündən hoppanma adətini Zərdüştiliklə əlaqələndirirlər. Lakin bu, ağlabatan deyildir. Təsəvvür edin ki, odun keşiyini çəkən kahinlər ağızlarını sarğı ilə bağlayırdılar. Odu heç zaman üfürərək söndürməzdilər. Çünki verilən nəfəs bədəndən çıxdığına görə ölü və murdar hesab edilirdi. Odu isə murdarlamaq olmazdı. Belə olan halda mümkündürmü ki, ağırlığı-uğurluğu oda tökmək Zərdüştilik dövrünün məhsulu olsun!? Əsla!

Lakin xalqın təfəkküründə və məişətində dərin kök salmış Novruzu onun həyatından silə bilməyən Zərdüştilik bu bayramı özününküləşdirmiş, onu bir sıra yeni mərasimlərlə zənginləşdirərək daha təntənəli keçirilməsinə rəvac vermişdir. Zərdüştilik dövründə Günəş - Od - Atəş istisinin bir neçə növü ilə əlaqədar şənliklər təşkil olunardı ki, bunlar Azər şənlikləri adlanardı. Bunlardan birincisi, ağac kultu ilə bağlı olan "Şəhrivər" şənliyidir. Atəşpərəst etiqadlarına görə, "Müqəddəs odu" insana ağac vermişdir. Daha doğrusu, insan iki ağacı bir-birinə sürtməklə od əldə etmişdir.

Odun ikinci növü insanın bədəninin hərarəti idi. Bu istilik əslində, ruhun daşıdığı enerjidir. Çünki ruh bədəndən çıxarkən o, soyuyur. Müqəddəs od ruhla birgə cismi - bədəni tərk edir. Bu istiliyi qoruyub saxlamaq şərəfinə Səddə şənlikləri qeyd olunardı.

Odun üçüncü növü Günəşin hərarəti idi. Onun şərəfinə düzənlənən şənliklər "Azərkan" adlandırılırdı. Atəşgah və ocaqlarda saxlanan od dördüncü növə aid idi. Onun şərəfinə "Çırağan" şənlikləri keçirilərdi.

Odlu-alovlu Müştəri (Yupiter) planetinin nəzəri od çərşənbəsinin üzərindədir.

Od çərşənbəsində icra olunan mərasimlərdən biri də "Qodu-qodu"dur. O, Günəşin rəmzi olan bəzədilmiş gəlinciyin vasitəsilə həyata keçirilir. Bu barədə məlumata hələ XIX əsr mətbuatında rast gəlirik. Oğlanlar əllərindəki ağacları yerə döyə-döyə oxuyar, həyətləri gəzərək mahnının əvəzində ev sahiblərindən pul, yarma, un, yağ, yumurta və s. alardılar.

"Qodu xan" adlanan mərasim isə bir qədər fərqlidir. Odlu çərşənbədə adamlar sübh tezdən hündür bir təpənin üstündə tonqal qalayardılar. Həmin tonqalın dövrəsinə toplaşıb Günəşin doğmasını gözləyərdilər. Elə ki, Günəş doğdu, hamı onu salamlayaraq "Qodu xan" nəğməsini oxuyar, tonqalın başında dövrə vurar, sonra da hərə tonqaldan öz məşəlini yandırıb, ocaqlarını alışdırmaq üçün evə tələsərdi. Adamlar tonqalın dövrəsinə dolandıqca, eləcə də gəlib öz ocaqlarını yandırdıqca oxuyardılar.

Od insanı yaşadığı yerə bağlayıb. Babalarımız insanın məskən saldığı yerə ocaq deyib. Folklorumuzda odla bağlı, oda münasibəti əks etdirən bir çox nümunələr - atalar sözləri, inanclar, andlar, alqışlar, qarğışlar, tapmacalar vardır.

Çərşənbə tonqalına ağlayan ağaclar, yaş və tüstülənən ağaclar, həmçinin bar verən alma, nar, heyva və s. kimi ağaclar atılmazdı. Bunun üçün meşə ətrafından, çöllükdən toplanan kol-kosdan, çırpıdan, quru odun parçalarından və qaratikandan istifadə edilməlidir. Çünki şər qüvvələr, cin-şayətin xalqın təsəvvürünə görə, odu söndürməyə çalışar, lakin qaratikanın batacağından qorxub ehtiyatlanar, tonqala yaxın gəlməzlər. Od-alovun kəsərini daha da artırmaqdan ötrü onun üzərinə üzərlik toxumu səpərlər, bundan əmələ gələn tüstünün acı qoxusu tonqalın üstündən hoppananları azar-bezardan, bəd nəzərdən qoruyardı. Tonqala hər ailə üzvünün, hətta doğulmayıb ana bətnində olan körpənin adına bir odun, yaxud bir çöp atmalıydılar. Vaxtilə ev heyvanlarını, mal-qaranı iki tonqalın arasından keçirmək adəti olmuşdur.

Çərşənbə tonqalını su ilə söndürmək olmaz. O, özü axıradək yanıb sönməlidir.

Orta əsrlərdə kəndin əsas tonqalı sönməyə yaxın - qor halına düşdükdə onu diametri 5 metr, qalınlığı 5 sm olan bir çevrədə yayardılar. "Atəşicövlan" adı daşıyan dərvişlər əvvəlcə çevrənin ətrafında rəqs edər, sonra isə onlardan biri ayaqyalın çevrənin içinə addımlayıb rəqsini qorun üzərində davam etdirərdi. Birdən çığırardı: "vay, nistü nar" (vay, od yoxdur). Onun ardınca digər dərvişlər də çevrənin içinə keçib, ağrı hiss etmədən qızmar qorun üzərində rəqs edərdilər. Bu mərasim yarım saat davam edərdi. Onlar hətta çevrədən kənara çıxmış kösövləri ayaqları ilə çevrənin içinə çəkərdilər. Bu mərasim "nistünar" adlanardı.

Çərşənbə tonqalını yandıran insanlar belə bir nəğmə oxuyardılar:

Çalış alış tonqalım,

Yeddi qarış tonqalım,

Qoy alovun gur olsun,

Üzümüzə nur dolsun.

Od çərşənbəniz mübarək!

Almara NƏBİYEVA,

Dədə Qorqud elmi-tədqiqat

laboratoriyasının müdiri,

filologiya üzrə fəlsəfə doktoru.