Dosta güvən, düşmənə qorxu
Digər xəbərlər

Dosta güvən, düşmənə qorxu

Qış təlimi -2023

Türkiyə Respublikasının düşmənlə həmsərhəd şəhəri olan Qarsda yanvarın 18-dən fevralın 3-nə qədər Türkiyə Cümhuriyyət tarixinin ən genişmiqyaslı təlimi keçirildi. Təlimlərdə Azərbaycan başda olmaqla 17 ölkədən 2 mindən çox hərbçi iştirak edib. Hərbi təlimlərdə Böyük Britaniya, Almaniya, Kosova, Qətər, Qazaxıstan, Küveyt, İtaliya və digər dövlətlərin hərbi qulluqçuları yüksək səviyyəli təlimdə öz bacarıqlarını nümayiş etdiriblər. Qeyd edək ki, Azərbaycan Ordusu qalib ölkə kimi öz təcrübəsini burada da göstərib. Yüksək səviyyədə təşkil olunmuş “Qış təlimi- 2023” də 865 silah növü, 651 texnika, Türk Hava Qüvvələrinə məxsus, “ATAK” helikopterləri, “F-16” qırıcı təyyarələri və PUA-lardan istifadə olunub.

Bu təlimlərdə Azərbaycan Ümuməlahiddə Qoşunun tank bölmələri, Hərbi Hava Qüvvələri, xüsusi təyinatlılar  iştirak ediblər. Çətin iqlim şəraitində hərbi təlimlərin keçirilməsində əsas məqsəd döyüş peşəkarlığını artırmaq, təhlükəsizlik məsələlərinin koordinasiyasını gücləndirmək, hərbçilərin soyuq və şaxtalı havaya dözümlülük qabiliyyətini artırmaqdər. Bu hərbi təlimdə önəmli məsələlərdən biri də iştirak edən Azərbaycan hərbi qulluqçularının, Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə bir-birini anlaması,  müxtəlif qoşun növlərinin döyüşün təşkilində qarşılıqlı əlaqəsini təmin etməkdir. Təlimlərdə dünyada gedən döyüşlər, müharibələrdən təcrübələr öyrənilib. Fevralın 2-də Türkiyənin Qars şəhərində keçirilən Qış təlimi -2023 beynəlxalq təlimi çərçivəsində “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov da iştirak edib.

Türkiyə Silahlı Qüvvələri bildiyimiz kimi dünyanın ən güclü ordu sıralarında yer alır və NATO-nun 2-ci güclü ordusudur. Şuşa Bəyannaməsinin imzalanması ilə Azərbaycan və Türkiyə arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsi bütün dünyaya bəyan etdi ki, hər iki ölkə qarşılıqlı hərbi öhdəliyə malikdir. Qış təlimi -2023 Şuşa Bəyannaməsinə istinad etsək görərik ki, bu təlimlər regionda sülhə və təhlükəsizliyə yönəlib.

Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev Vətən müharibəsindən sonra birmənalı şəkildə tapşırıq verib ki, Azərbaycan Ordusu Türkiyə Silahlı Qüvvələrinin  modelinə uyğun olaraq təşkil olunsun. Dövlət başçısının tapşırıqlarına əsasən, bu istiqamətdə böyük işlər görülüb. Orduya yeni silahlar cəlb olunub, xidməti döyüş qabiliyyətində bir sıra dəyişikliklər olub və Komando birlikləri yaranıb. Azərbaycan Ordusunda gedən islahatlarda Türk Silahlı Qüvvələri yaxından iştirak edir.

2023-cü ildə qardaş Türkiyə dövləti ilə birlikdə 10-dan çox hərbi təlimlərin keçirilməsi planlaşdırılır. Bu hərbi təlimlər müxtəlif qoşun növlərinin, müxtəlif təbəqəli komandirlərin iştirakı ilə olacaq. Ümumiyyətlə, Şuşa Bəyannaməsinin imzalanmasından sonra münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsi son illər birgə təlimlərin sayını artırıb.

Ali Baş Komandan İlham Əliyev son çıxışlarında regionda, dünyada təhdidlərin olduğunu qeyd edir. Ona görə də hər bir dövlət çalışır ki, güclü ordusu olsun. Azərbaycan rəhbərliyi də bu məsələdə -  ordunun güclənməsində çox maraqlıdır. Azərbaycan Ordusunun hərbi büdcəsinin 5 milyardadək artırılması bu sahənin əsas diqqət mərkəzlərindən biri olmasından xəbər verir.

Düzdür, İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Lakin hələ də Ermənistanda revanşist qüvvələrin olduğunu nəzərə alsaq, Azərbaycan Silahlı Qüvvələri daim döyüş qabiliyyətini artırır. Bunun nəticəsidir ki, Vətən müharibəsindən sonra baş verən “Qisas” əməliyyatları, Fərrux döyüşü,  2020-ci il sentyabr döyüşləri düşmənin boş xəyallarla yaşadığını göstərdi.

Musa BAĞIRLI,

“Respublika”.