Dostluğa təkan, əməkdaşlığa töhfə
Siyasət

Dostluğa təkan, əməkdaşlığa töhfə

Azərbaycan Çinin irəli sürdüyü "Bir kəmər, bir yol" təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olub

Dünyanın siyasi arxitekturası dəyişir, xüsusilə də dördüncü sənaye inqilabı və yeni çağırışlar fonunda hər bir ölkə proseslərin iştirakçısı olaraq öz maraqlarını təmin etməyə çalışır, digər dövlətlərlə iqtisadi-siyasi münasibətlərini tənzimləyir. Məlum olduğu kimi, Azərbaycan Cənubi Qafqaz regionunda Şimal ilə Cənubun, Şərq ilə Qərbin qovuşuğunda yerləşir, Asiya və Avropa qitələri arasında körpü rolunu oynayır. Qədim İpək Yolu və müasir "Bir kəmər, bir yol" strategiyası üçün çox vacib əhəmiyyət daşıyan ölkəmizin nəqliyyat-logistika üstünlüyü açıq şəkildə özünü göstərir. Çin ilə Azərbaycan arasında mövcud olan dostluq münasibətləri çərçivəsində Azərbaycan Çinin irəli sürdüyü "Bir kəmər, bir yol" təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olub.

Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin Bahar bayramı münasibətilə Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubunda qeyd olunur ki, fürsətdən istifadə edərək Azərbaycan-Çin dostluq və əməkdaşlıq münasibətlərinin yüksələn xətlə inkişafından məmnunluğumu, dövlətlərarası əlaqələrimizin bundan sonra da birgə səylərimizlə möhkəmlənəcəyinə və genişlənəcəyinə dair əminliyimi ifadə edirəm. Əhalisinin sayına və dinamik iqtisadiyyatına görə dünyanın super güclü ölkəsi olan, beynəlxalq sistemin strukturuna təsir imkanına malik Çin "Bir kəmər, bir yol" təşəbbüsü ilə Avrasiya məkanında mövqeyini getdikcə gücləndirir.

Bu layihənin mühüm komponentlərindən biri Çinin Sincan əyalətini birləşdirəcək Çin-Mərkəzi Asiya-Qərbi Asiya iqtisadi dəhlizidir. Azərbaycan, Rusiya, Moldova, Qazaxıstan və Gürcüstan "Bir kəmər, bir yol" təşəbbüsünün reallaşmasında yaxından iştirak edir. Dünyanın ticarət nəhəngi sayılan Çin ən iddialı iqtisadi inkişaf proqramlarından biri hesab olunan "Bir kəmər, bir yol" layihəsi ilə Avrasiya məkanını inkişaf etmiş yollar, yüksək sürətli dəmir yolu, elektrik xətləri, limanlar, boru kəmərləri və digər zəruri infrastruktur vasitələri ilə birləşdirməyi hədəfə alır. 65 ölkəni əhatə edən bu layihə 4,4 milyard insanı və dünya ümumi daxili məhsulunun 40 faizini əhatə edəcək. Layihənin təsir dairəsi çox böyük olduğundan beynəlxalq ictimaiyyətin də rəğbətini qazanıb.

Xatırladaq ki, "Kəmər və Yol" layihələrinin dəyəri 1 trilyon ABŞ dollarından 8 trilyon ABŞ dollarına qədərdir. Dünya Bankının məlumatına görə, dəhliz boyunca yerləşən 70 ölkədə (Çin istisna olmaqla) "Kəmər və Yol" təşəbbüsü çərçivəsində investisiyalar 575 milyard dollar təşkil edir. Bura tamamlanmış, davam edən və ya planlaşdırılan layihələr də olmaqla bütün sahələr üzrə tədbirlər daxildir. "Bir kəmər, bir yol" layihəsi qlobal təchizat zəncirində qeyri-müəyyənliklərin idarə edilməsi üçün alternativ nəqliyyat dəhlizləri və enerji resurslarının dünya bazarlarına çatdırılmasını şaxələndirən marşrutlar təqdim etməklə böyük bir coğrafiyada inkişafa, təhlükəsizliyə və sabitliyə xidmət edir. Avrasiyada geoiqtisadi landşaftın yenidən formalaşmasında artan rolu ilə müdrik bir təşəbbüs olduğunu artıq təsdiqləyib. Bu təşəbbüsə ilk vaxtlardan fəal şəkildə qoşulan və çoxsaylı nəqliyyat-enerji bağlantıları ilə töhfə verən Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan Çindən Avropaya ən qısa yol-Orta Dəhlizi gücləndirən böyük bir strateji inkişaf kursu həyata keçirilir.

Onu da qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyondan 5 milyon tona, Bakı Ticarət Limanının imkanları 15 milyon tondan 25 milyon tona qədər artırılıb. Azərbaycan Prezidentinin Cənubi Qafqazda davamlı sülh və təhlükəsizliklə bağlı siyasəti işğaldan azad edilmiş, ərazilərdə nəqliyyat infrastrukturunun, perspektivdə Zəngəzur enerji-nəqliyyat dəhlizinin yaradılması ilə Orta Dəhlizin inkişafına yol açır. Bütün bunlar, eləcə də Azərbaycanın 6 neft-qaz kəməri ilə qitələri, dənizləri birləşdirən enerji bağlantıları Çinin meqa layihəsinə milli təşəbbüslərimizlə birləşmənin real örnəyidir. 2030-cu ilədək 7 QVt yaşıl enerji güclərinin yaradılması və bunun 5 QVt-nin Xəzər-Avropa İttifaqı və Azərbaycan-Türkiyə-Avropa dəhlizləri ilə ixracı, həmçinin elektrik enerjisinin Mərkəzi Asiyadan ölkəmizə, buradan Avropaya ötürülməsi planları "Kəmər və Yol"u yaşıl bağlantılarla zənginləşdirəcək.

Qeyd edək ki, Azərbaycanın dəmir yolları Çinin "Bir kəmər, bir yol" təşəbbüsünün vacib hissəsi hesab olunur. Rəsmi Pekinin daşımalar üçün Azərbaycan ərazisini seçməsi təsadüfi deyil. Azərbaycanın dəmir yolları səmərəliliyinə görə dünyada ilk yerlərdən birini tutur, Mərkəzi Asiya ölkələrinin iqtisadi cəhətdən böyüməsi üçün vacib əhəmiyyət daşıyır. Həm də bu dəmir yolları Cənub-Şərqi Asiya və Cənubi-Şərqi Avropa arasında ticarəti inkişaf etdirir. Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafı və ümumilikdə milli iqtisadiyyatın gücləndirilməsi istiqamətində böyük bir siyasət həyata keçirilir. 2019-cu ildə Prezident İlham Əliyev Çin Xalq Respublikası Sədrinin dəvəti ilə 2-ci "Bir kəmər, bir yol" beynəlxalq forumunda iştirak etmək üçün aprelin 24-də bu ölkəyə işgüzar səfər edib. Dövlət başçısı paytaxt Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşündə iki ölkənin müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib. Si Cinpin Azərbaycanın Avrasiya məkanında əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarından biri və "Bir kəmər, bir yol" layihəsinin reallaşdırılmasına ilk olaraq münasibət bildirənlərdən olduğunu xüsusi qeyd edərək deyib: "Sizin ölkəniz Böyük İpək Yolu üzərində yerləşir və bu yolun bərpasında təbii tərəfdaşdır. Sizinlə birlikdə ortaq səylərimizlə "Bir kəmər, bir yol" layihəsinin reallaşdırılmasını davam etdirməyə, birgə inkişaf və firavanlıq naminə bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı daim dərinləşdirməyə hazıram". Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan lap əvvəldən bu layihəni dəstəkləyir və onu ölkəmizin də irəli sürdüyü təşəbbüslər çərçivəsində fəal şəkildə irəlilədir. 2015-ci ildə Çinə səfəri zamanı "İpək Yolu İqtisadi Kəməri" haqqında anlaşma memorandumu imzalandığını da xatırladıb.

Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Ölkəmiz Çinlə sənaye, kənd təsərrüfatı, ticarət, turizm, İKT, nəqliyyat-logistika, tikinti və digər sahələrdə əməkdaşlıq edir. Çin şirkətləri Azərbaycanda sənaye layihələrinin həyata keçirilməsində iştirak edir, İKT şirkətləri də ölkəmizdə uğurla fəaliyyət göstərirlər. Azərbaycanda 120-dək Çin kapitallı şirkət qeydiyyata alınıb. Ölkəmizdə dövlət vəsaiti hesabına icra edilən 600 milyon ABŞ dolları dəyərində layihələrdə Çin şirkətləri fəal iştirak edirlər.

Şuşada keçirilən "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda konfransda çıxışında Azərbaycanın xüsusilə indi bu layihənin mühüm hissəsi hesab olunduğunu söyləyən dövlətimizin başçısı diqqətə çatdırıb ki, biz çox nikbin fikirdəyik. Nikbinliyi artıran, ilk növbədə, odur ki, öz üzərimizə düşən işi çox yaxşı yerinə yetirmişik. Nəqliyyat infrastrukturunu müasirləşdirmək və daha çox imkanlar yaratmaq üçün son tamamlama işlərini görürük. Eyni zamanda Mərkəzi Asiya tərəfindən bizim infrastrukturumuzu istifadə etməyə böyük maraq var. Dünyanın nəqliyyat xəritəsini dəyişdirəcək nəhəng əməkdaşlıq platforması olan "Bir kəmər, bir yol" layihəsi həm də geosiyasi balansa təsir etmək gücünə sahibdir və Azərbaycanın bu qlobal layihədə açar dəhlizlərdən biri olması ölkəmizin iqtisadi və siyasi gələcəyi baxımından əhəmiyyətlidir. Bu gün ölkə başçısının enerji və nəqliyyat sahələrində müəyyən etdiyi siyasət gələcəyi ehtiva edir, Avrasiya ölkələri, xüsusilə Çin Xalq Respublikası ilə iqtisadi, siyasi, mədəni, humanitar sahələrdə də əlaqələrin dərinləşəcəyini göstərir. Ötən il dövlətimizin başçısı Çinin "China Media Group" media korporasiyasına müsahibəsində vurğulayıb ki, "Bir kəmər, bir yol" təşəbbüsü dostluğa əlavə təkan və töhfə verəcək.

Mustafa KAMAL,

"Respublika".