Ekoloji hüquqpozmaların qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Digər xəbərlər

Ekoloji hüquqpozmaların qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir

Azərbaycan Respublikasının Baş Prokurorluğu cəmiyyətdə aktuallığı ilə seçilən ekoloji hüquqpozmaların aşkar olunması, araşdırılması və qarşısının alınması ilə bağlı tədbirləri davam etdirir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumat əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Quba və Xaçmaz rayonları ərazisində yerləşən Qaraçay, Vəlvələçay, Qudyalçay və Babaçay adlı 4 qum-çınqıl yataqlarında fəaliyyət göstərən qum-çınqıl karxanalarında araşdırma aparılıb.

Ətraf mühitinin mühafizəsi sahəsində mütəxəssislərin iştirakı ilə GPS cihazları vasitəsilə ölçü işləri aparılaraq, əraziyə baxış keçirilib, müxtəlif sorğular göndərilib. İlkin hesablamalara görə, 8 şirkət və 5 sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin fəaliyyətində 6 milyon manatdan çox məbləğdə ziyana səbəb olmuş qanun pozuntuları aşkarlanıb.

Araşdırma nəticəsində fakt üzrə Cinayət Məcəlləsinin 188.1-ci (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma), 255.1-ci, 255.-2-ci (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma), 308.1-ci və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə 13 cinayət işi başlanıb və istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.

AZƏRTAC