Ermənilərin dünya ictimaiyyətini öz yalanlarına inandırmaq cəhdi
Siyasət

Ermənilərin dünya ictimaiyyətini öz yalanlarına inandırmaq cəhdi

Mayın 21-də Avstriyanın paytaxtı Vyanada Nüvə Təhlükəsizliyi üzrə Beynəlxalq Konfrans (ICONS 2024) keçirilib.

"Gələcəyin formalaşdırılması" mövzusunda baş tutan tədbirdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da çıxış edib. Erməni nazir bu dəfə də yalanları ilə dünya ictimaiyyətinin gözündən pərdə asmağa çalışıb. O qeyd edib ki, ölkəsi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müvafiq tövsiyələrinə uyğun olaraq nüvə təhlükəsizliyinin təmin olunması məqsədilə bir sıra layihələr icra edir.

Nazir eyni zamanda Ermənistanın öz Milli Fəaliyyət Planı vasitəsilə BMT Təhlükəsizlik Şurasının 1540 saylı qətnaməsi əsasında üzərinə götürdüyü beynəlxalq öhdəlikləri tam şəkildə yerinə yetirdiyini deyib. Lakin Ararat Mirzoyan Ermənistanda qəza vəziyyətində olan, istismar müddəti çoxdan başa çatmış Metsamor Atom Elektrik Stansiyasının (AES) qlobal təhlükə olması barədə heç nə danışmayıb.

Metsamor Atom Elektrik Stansiyasının (AES) fəaliyyəti regionda ətraf mühitə və əhalinin sağlamlığına ciddi təhdid yaradır. Məhz bu səbəbdən Cənubi Qafqaz hazırda ekoloji böhranla üz-üzə qalıb. Qərb qonşumuzun ərazisində yerləşən AES köhnəlmiş texnologiyalar əsasında fəaliyyət göstərir. AES-in istismara yararsız olması regionda vəziyyəti daha da gərginləşdirir. Nəzərə almaq lazımdır ki, dünya ictimaiyyəti hələ 1986-cı ildə baş verən Çernobıl qəzasının, həmçinin 2011-ci ildə Yaponiyanın Fukusima AES-dəki qəzanın nəticələrini indiyədək tamamilə aradan qaldıra bilməyib. Hətta Metsamor planetdə  ən təhlükəli AES hesab edilir. Daha bir dəhşətli məqam isə müəssisənin istismar müddətinin çoxdan sona çatmasına baxmayaraq, Ermənistanın ötən ilin mart ayında bu tarixi 2036-cı ilə qədər uzatmasıdır. Ermənistan hakimiyyəti AES-in istismar resurslarını Rusiyanın kredit vəsaitləri hesabına artırılmasına nail olub. 1988-ci ildə baş vermiş zəlzələdən sonra Metsamorun fəaliyyəti bir müddət dayandırılsa da, qərb qonşumuz stansiyanın yaratdığı risklərə əhəmiyyət verməyib. Bu gün Ermənistanda istehsal olunan elektrik enerjisinin 1/3 hissəsi məhz bu AES-in payına düşür. Paşinyan hakimiyyəti, hətta 2026-cı ildən sonra ikinci enerji blokunun istismarının əvvəlcə 5, sonra isə daha 10 il müddətinə uzadılmasını da planlaşdırıb. Dəfələrlə Metsamor AES-in ekoloji fəlakət doğurduğu üçün fəaliyyətinin dayandırılması ilə bağlı beynəlxalq təşkilatlara müraciətlər olunsa da, Ermənistan buna əhəmiyyət verməyib. Metsamor AES-in fəaliyyət göstərməsi  və tullantıların utilizasiyası ilə bağlı məlumatların olmaması regionda nüvə təhlükəsizliyinə ciddi təhdid kimi qiymətləndirilir. Çünki AES-in təhlükəsizlik sistemi çox aşağı səviyyədədir. 1982-ci il oktyabrın 15-də baş verən yanğın hadisəsini xatırlamaq kifayətdir. Belə ki, yanğın yalnız 7 saatdan sonra böyük çətinliklə söndürülmüşdü. Metsamorun  11 ballıq zəlzələ riski olan zonada yerləşməsi müəssisənin yaratdığı təhlükəni xeyli artırır. Həmçinin AES-in ətrafındakı 5 tektonik qırılmadan biri stansiyanın cəmi 500 metrliyindədir. Regionda bu cür "saatlı bomba" saxlayan ölkənin xarici işlər nazirinin Nüvə Təhlükəsizliyi üzrə Beynəlxalq Konfransda çıxış etməsi  isə qəbuledilməzdir. Rəsmi İrəvan hökumətinin məsuliyyətsizliyi ucbatından Türkiyə və Azərbaycan üçün ciddi ekoloji  təhlükənin yaranması təhdid-təzyiq vasitəsi kimi də qəbul edilə bilər. Paşinyan hakimiyyəti Metsamor AES-də baş verə biləcək nüvə təhlükəsinin Rusiya, Mərkəzi Asiya ölkələri, Xəzər dənizi, Qara dəniz bölgəsinə ciddi təsir edəcəyini anlamalıdır. Müasir dövrdə ətraf mühitin qorunması əsas mövzulardan biridir. Təkcə Azərbaycan deyil, digər böyük dövlətlər tərəfindən də dünya ictimaiyyətinə çağırışlar edilir, mühüm layihələr həyata keçirilir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilib. Prezident İlham Əliyevin Sərəncamı ilə bu il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub. Bununla yanaşı, dövlətimizin COP29-a ev sahibliyi etməsi regionda ətraf mühitə təhlükə yarada biləcək məsələləri də gündəmə gətirir.

Nəzrin ELDARQIZI,

"Respublika".