Ermənistan Espo Konvensiyasının tələblərini pozur
Gündəm

Ermənistan Espo Konvensiyasının tələblərini pozur

Avqustun 7-də Azərbaycanda olan bir sıra QHT-lər Ermənistanın dağ-mədən sənayesində ekoloji norma və standartların kobud şəkildə pozulmasıyla mübarizə aparmaq üçün “Environmental Protection First” (EPF) adlı koalisiya yaratdıqlarını bəyan ediblər. Keçən 1 həftə ərzində koalisiyanın nəzərəçarpan aktivliyi hiss olunmaqdadır. Koalisiya öz işinə Ermənistanın dağ-mədən sənayesində işləyən xarici şirkətlərin Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi (ƏMTQ) sənədlərinin təftişindən başlayıb. İlkin monitorinqlər zamanı Ermənistanda fəaliyyət göstərən şirkətlərin ictimaiyyət üçün açıq olmalı olan sənədləri ört-basdır etməsi, məlumatları gizlətməsi faktları aşkar olunduğu bildirilib.

Məsələ ilə bağlı “Respublika”ya danışan “Sağlamlığa Xidmət” İctimai Birliyinin sədri Pərvanə Vəliyeva birgə yaradılan koalisiyanın ötən 1 həftədən artıq müddətdə verdiyi bəyanatlardan və gələcək tədbirlərindən danışıb:

"Biz Ermənistanın dağ-mədən sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin Ətraf Mühitin Qiymətləndirilməsi üzrə sənədlərinin tam mətnini ən qısa müddətdə öz rəsmi internet saytlarına yerləşdirməyə və ya ictimaiyyətə elan etmələri üçün məktublar ünvanlayırıq. Həmçinin, bu şirkətlərin baş ofislərində işgüzar görüşlər də planlayırıq. Koalisiyamız bir neçə gün öncə Ermənistan Respublikasının Ətraf Mühit Nazirliyinin Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Vedibasar (Ararat) rayonunun Arazdəyən (Yerasx) ərazisində tikilməkdə olan metallurgiya zavodu ilə bağlı yaydığı cavab bəyanatını qınayan bəyanat vermişdi. Belə bir böyük zavodun tikintisi nəticəsində transsərhəd kontekstində yaranan ətraf mühitə zərərlə bağlı, Ermənistan Azərbaycanın heç bir qurumu və ya təsirə məruz qalan əhali ilə kommunikasiya qurmayıb. Məşhur ekoloq Garrett Hardin qeyd edirdi ki, bütün su axarlarının çirklənmə təhlükəsi var, ümumi torpaqlardan istifadə hüququnun qanunlara əsasən idarəolunması və aidiyyəti şəxslərin təmkinli şəkildə qarşılıqlı razılaşma əldə etməsi vacibdir. Əks halda, bu, “hamı üçün faciə”yə çevriləcək". 

QHT sədri həmçinin bildirib ki, Ermənistan tərəfinin cavabı əməkdaşlığı inkar etmək, Espo Konvensiyasının tələblərini pozmaq və mövzudan yayınmaqdır:

"Ermənistan tikinti ilə bağlı dialoq və qərar qəbuletmə proseslərində fəal iştirak etmək, zərərin həcmini ölçmək və potensial həllərin müəyyən edilməsi üçün beynəlxalq QHT-lər və region ölkələrinin vətəndaş cəmiyyəti nümayəndələrini (Azərbaycan və Gürcüstandan olan QHT-lər də daxil olmaqla) cəlb etməli, eləcə də texniki ekspertiza, monitorinq və qiymətləndirmə aparmaq üçün əlverişli mühit yaratmalıdır. Biz ekoloji fəlakətlə bağlı dərin narahatlıqlarımızı dilə gətirsək də, Ermənistan bunu bilərəkdən siyasiləşdirir və mövzudan yayınmağa çalışır. Bu cür təxribatlar ekoloji pozuntuları gizlətmək üçün əsas ola bilməz. Espo Konvensiyasının BMT-də təşkil edilən iclaslarında iştirak etmək üçün də müraciətlər etmişik və katibliyə Konvensiyanın tələblərinin kobud şəkildə pozulması ilə bağlı faktlar və əsaslandırılmış məlumatları təqdim edəcəyik. Beynəlxalq ictimaiyyət bilməlidir ki, Ermənistan tərəfindən ekologiyaya – su hövzələrinə, atmosferə vurulan ziyan bir ölkə sərhədləri daxilində qalmır və bütün region, planet üçün təhdiddir. Ermənistanda sənaye müəssisələrinə investisiya qoyan, dağ-mədən sənayesinə cəlb olunan xarici şirkətlər də anlamalıdır ki, ətraf mühitə dəyən ziyan heç bir maddi vəsaitlə kompensasiya edilə bilməz. Beynəlxalq konvensiyaların, prinsiplərin, ekoloji norma və standartların pozulması onların nüfuzunun beynəlxalq aləmdə yerlə bir edilməsinə və iflasına gətirib çıxaracaqdır".

Tacir SADIQOV,

"Respublika".