Ermənistan sülh prosesini ləngitməyə çalışır
Siyasət

Ermənistan sülh prosesini ləngitməyə çalışır

Ermənistan tərəfinin iyunun 26-da törətdiyi təxribat iki ölkə arasında münasibətlərin normallaşdırılmasına maneə törədir. Qeyd edək ki, axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Nəticədə, Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb. Dərhal ordumuz cavab tədbirləri görüb. Yeni “Qisas” əməliyyatı ilə qanunsuz silahlı birləşmənin istehkamı və 5 üzvü məhv edilib.Məlumatlara əsasən, bölgədə məskunlaşan qanunsuz erməni hərbi birləşmələri yeni təxribatlara hazırlıq görür. Belə olduğu şərtdə, Azərbaycan Ordusu tərəfindən adekvat tədbirlər görüləcək, qanunsuz erməni birləşmələrinin hərbi infrastrukturu darmadağın ediləcək. 

Əlbəttə, bu, çirkin əməllərindən əl çəkməyən Ermənistanın törətdiyi ilk cinayət aktı deyil. Belə ki, 2021-ci ilin dekabrında, ötən il sentyabrın 12-14-də törədilən bütün təxribat aktlarına Şanlı Ordumuz adekvat tədbirlərlə cavab vermək məqsədi ilə uğurlu əməliyyatlar keçirib.Avqust ayında mənfur düşmən Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib. Ordumuzun keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ sisteminin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb, bununla yanaşı, qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib, bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib. 

Bundan əlavə, elə həmin ilin mart ayında Azərbaycan Ordusunun keçirdiyi əməliyyatın əsas məqsədi Xocalı rayonunun Fərrux kəndi, Fərrux dağı, "Daşbaşı" yüksəkliyi və "Sağsağan" dağ silsiləsinin azad olunması olub. Nəticədə  Xaçınçayın mənsəbini və ən böyük şirin su anbarını işğaldan azad edilib. Buna əsasən, Ağdam rayonunun bir çox ətraf yaşayış məntəqələrini və geniş əkin sahələrini təmin etməyə qadir Xaçınçay su anbarı  mühafizə altına alınıb. Əməliyyat nəticəsində əhəmiyyətli bir çox ərazilər də nəzarətə götürüüb. Belə ki, Fərrux kəndi işğaldan azad edilib, Fərrux dağı ətrafındakı mühüm yüksəkliklər tutulub. Qeyd edək ki, Fərrux dağında Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti əldə etməsi Xocalı rayonunun Pirlər kəndinə də tam nəzarəti həyata keçirmək imkanları yaradıb. Bundan başqa Ağdam şəhərinə və rayonun 9 kəndinə, Xankəndi-Ağdərə avtomobil yoluna Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti təmin edilib.

Ermənistanın törətdiyi bütün   təxribatlar bir mənalı olaraq normallaşma prosesinin yubadılmasına xidmət edir. Öz xalqının mənafeyini, rifahını düşünməyən Paşinyan hakimiyyəti bu çirkin əməllərdən əl çəkmədikcə, sülh prosesi də ləngiyir.

Artıq sülh sazişi üzrə danışqların baş tutduğu  vaxtda Ermənistanın təxribat törətməsi davamlı xarakter alıb. Azərbaycan tərəfinin sülh sazişi üzrə danışıqlarda müsbət addımlar atmasına rəğmən erməni tərəfi danışıqlar prosesini pozulması üçün həm sərhəddə, həm də rusların müvəqqəti nəzarətində olan ərazilərdə müxtəlif təxribatlara əl atıb.Bu günlərdə baş verən təxribat Vaşinqton görüşünə təsadüf edir. Bu da onu düşünməyə əsas verir ki, Hayastan tərəfinin bu əməlləri Azərbaycan və Ermənistan arasında başlanan danışıqlar prosesini pozmağa yönəlib. Sülh sazişi üzrə aparılan danışıqlara kölgə salmaq məqsədi daşıyır,

Şübhəsiz ki, bu baş verən hadisələrdə Rusiya sülhməramlıların da məsuliyyəti böyükdür. Çünki terrorçu erməni birləşmələri məramı sülh olmayan Rusiya sülhməramlılarının nəzarətində olan ərazidədir. Vəzifələri sakitlik və əmin-amanlığı təmin etmək olan Rusiya hərbçiləri daha çox Qarabağda sülhü əngəlləyən təxribatlara rəvac verirlər. İkinci Qarabağ müharibəsinin üstündən iki ildən artıq vaxt   keçməsinə baxmayaraq, hələ də 10 noyabr bəyanatının 4-cü bəndi yerinə yetirilmir. Orada qeyd edilib ki, Qarabağ bölgəsindən qanunsuz erməni silahlı qüvvələrinin çıxarılması təmin edilməlidir. Rus sülhməramlıları faktiki olaraq qondarma qurum “rəsmiləri” üçün qalxan rolunu oynayır.Görünən  odur ki,sülhməramlılar  üzərlərinə götürdükləri öhdəlikləri düzgün yerinə yetirmir, Ötən illərdə sülhməramlı kontingentin separatçılara gizli əməllərində himayədarlıq etdiyini təsdiq edən cox saylı faktlar var.Bu məqamda ortaya belə bir sual çıxır, Rus sülhməramlı kontingenti sülhü qoruyur, yoxsa… 

Sülhməramlılarının müvəqqətti məsuliyyət zonasında olan ərazilərimizə Ermənistan rəsmiləri, hətta xarici ölkə nümayəndələrinin gəlişi müşahidə edilir. Azərbaycan tərəfinin dəfələrlə kəskin şəkildə etiraz etməsinə baxmayaraq  rahat formada Laçın dəhlizindən keçib bizim ərazilərə daxil olmaq üçün onlara şərait yaradıblar. Lakin onlar dəhlizin mahiyyətini ya unudub, ya da səhv salıblar. Çünki Laçın dəhlizi Qarabağda yaşayan ermənilərin Ermənistan ilə təhlükəsiz əlaqəsinin təmini üçün hümanitar məqsədlə müvəqqəti yaradılıb.Məhdud müddətə göndərilən sülhməramlıların ilkin vəzifəsi münaqişəni alovlandırıb, qanunsuz işlərə icazə vermək yox, sülhü bərqərar etmək olmalı idi.Bu da təsadüfü deyil ki, Laçın sərhəd-keçid məntəqəsinin quraşdırılmasından sonra erməni silahlılarının təxribatı intensivləşib.

 

 Cəmi 5 il  bölgədə olmalı olan sülhməramlılar onlara göstərilən etimadı doğrultmayır. Onların bu fəaliyyəti isə Rusiyanın rəsmi mövqeyi ilə də ziddiyyət təşkil edir.Sülhməramlılar Ermənistanın riyakarlığına sözün əsil mənasında göz yumur və daima onu dəstəkləyir. Ermənistanın daxilində isə anti-Rusiya etirazları gündən-günə artır. Hazırda Ermənistan Qərbə doğru yönəlib və öz “bacısı” ilə yanaşı irəliləyərək Rusiyanı necə deyərlər saymır. Fransa və İrandan dəstək alan və Rusiyanı bəyənməyən Ermənistan bunu açıq şəkildə bəyan edir.Bütün bunlara baxmayaraq Azərbaycanın  qəti tələbi üçtərəfli bəyanatın  maddələrinin  yerinə yetirilməsi və sülhün təmin edilməsidir. Həm ermənilər, həm də Rusiya sülhməramlıları de-fakto mövcud vəziyyətin saxlanılmasına deyil, bölgədə sabitliyə, əmin-amanlığa çalışmalıdırlar. 

Qeyd edək ki, Ermənistanın çirkin əməlləri 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata tamamən ziddir.Onların əl atdıqları bu yol onu göstərir ki, bəyanatdakı müddəanı yerinə yetirməkdən dolayısı ilə  imtina edir. Ermənistan tərəfinin mütəmadi şəkildə bu təxribatları davam etdirməsi göz önündədir. Düşmən ölkə regionda ədalətli və dayanıqlı sülhün bərqərar olması üçün ciddi maneə yaradır, fundamental insan hüquq və azadlıqlarını kobud şəkildə pozur. İşğalçı ölkənin tək niyyəti sülhdən boyun qaçıraraq öz çirkin əməllərini gerçəkləşdirməkdir. Lakin rəşadətli Azərbaycan ordusunun gücü sayəsində hər zaman olduğu kimi, bu dəfə də təxribatın qarşısı alınıb və bundan sonra da qətiyyətlə alınacaq.

Töhfə SƏMƏDOVA,

“Respublika”.