Ermənistan sülh üçün yaranmış əlverişli fürsəti əldən verməməlidir
Siyasət

Ermənistan sülh üçün yaranmış əlverişli fürsəti əldən verməməlidir

İkinci Qarabağ müharibəsinin başlanması ilə Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və Cənubi Qafqazın geosiyasi mənzərəsində yeni reallıqlar yaratdı. Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanın qarşılıqlı olaraq hər iki ölkənin ərazi bütövlüyünü tanıması məsələnin həllində mühüm addım sayılırdı.

Üstəlik bu ilin sentyabr ayında Qarabağda keçirilən  antiterror tədbirləri nəticəsində separatçı rejimin özünü buraxması da Bakı ilə İrəvan arasında əsas maneənin aradan qalxmasına səbəb olan ən  ciddi amildir. Amma bütün bunlara baxmayaraq, 44 günlük Vətən müharibəsindən sonra intensivləşən görüşlər son vaxtlar dalana dirənib. Bunun da əsas səbəbi Ermənistanın danışıqlar prosesində əsassız tələblər irəli sürməsi və bəzi vasitəçilərin məsələyə beynəlxalq hüquq çərçivəsindən deyil, şəxsi maraqlar konteksindən yanaşmasıdır.

Təbii ki, belə olan təqdirdə hər hansısa bir sülh razılaşmasının asanlıqla əldə olunacağı real görünmür. Qarabağdakı antiterror tədbirlərindən sonra ABŞ və Avropa İttifaqının qərəzli mövqe ortaya qoyması, Vaşinqton və Brüssel formatlarına olan inamı da alt-üst etdi. Ermənistanın son vaxtlar sürətlə Rusiyadan uzaqlaşması isə onu göstərir ki, Moskva görüşlərindən də hər hansısa bir nəticə çıxmayacaq.

Hadisələrin bu cür davam etməsi haqlı olaraq sülh prosesinə yeni yanaşmalar tələb edirdi. Hər zaman olduğu kimi, regionda təhlükəsizliyə və sabitliyə can atan Azərbaycan tərəfi müasir çağırışlar qarşısında yeni təkliflər irəli sürüb, danışıqlar prosesinin davam etməsi üçün yeni bir məkanı da gündəmə gətirib. Bu, hər zaman münaqişəyə qərəzsiz yanaşan üçüncü region ölkəsi Gürcüstan olub. Hələ oktyabr ayında Tbilisidə səfərdə olan Prezident İlham Əliyev oradan bəyan etmişdi ki, Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb: "Üç il bundan əvvəl İkinci Qarabağ müharibəsinin nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir, keçən ay bütün ölkə üzrə suverenliyini bərpa etmişdir. İndi isə Ermənistan ilə Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzrə fəal çalışmalıyıq". Prezident onu da qeyd etmişdi ki, bu gün bir neçə ölkə və eyni zamanda bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışır: "Biz bunu alqışlayırıq. Əgər bu, birtərəfli və qərəzli deyilsə, əlbəttə, biz istənilən vasitəçiliyi və yardımı qəbul edirik. Ancaq mənim fikrimcə, bu sahədə ən düzgün seçim həm tarixi əlaqələri, həm də coğrafi faktoru nəzərə alaraq, əlbəttə ki, Gürcüstan ola bilərdi".

Gürcüstanın bu məsələdə vasitəçi kimi çıxış etmək imkanı yaranarsa, bu, digər ölkələrdə keçirilən görüşlərdən daha səmərəli ola bilər. Çünki rəsmi Tbilisi regionu təmsil etdiyindən onun əsas maraq dairəsi Azərbaycan və Ermənistanı sülhə təşviq etmək olacaq. Bu günə kimi üç platforma - Rusiya, ABŞ və Avropa İttifaqı problemin həllini öz prizmalarından çözməyə çalışırlar ki, bu da istənilən effekti vermir.

Normallaşma prosesində Azərbaycanın təklif etdiyi ikinci alternativ variant vasitəçisiz ikitərəfli görüş təklifidir. Artıq ötən həftə Azərbaycan və Ermənistan sərhədində ölkəmizin Baş nazirinin müavini Şahin Mustafayev və onun erməni həmkarı Mqer Qriqoryan arasında sərhədlərin delimitasiyası ilə bağlı görüş olub. Amma görüş bir daha sübut edib ki, Ermənistan havadarı olmadan sülh mətnini imzalamağa hazır deyil. Çünki qarşı tərəf sərhəddə sülh sazişini müzakirə etmək üçün deyil, təkcə sərhədlərin delimitasiyası ilə bağlı işçi qruplarının görüşünə razılaşmışdı. Deməli, Ermənistan regionun sabitliyini istəmir. Əgər belə olmasaydı, ikitərəfli qaydada sülh mətnini müzakirə etməyə razılıq verərdilər. Öz taleyini kənar güclərin ixtiyarına buraxan Nikol Paşinyan hakimiyyəti qərbdən gələn sifarişlərlə vəziyyəti daha da mürəkkəbləşdirməyə və yenidən prosesi qərb masasına çəkməyə çalışır. Süni şəkildə Alma-Ata bəyannaməsindəki problemləri qabardıb 1975-ci il xəritələri ilə sərhədlərin çəkilməsini tələb kimi irəli sürməsi də məhz buradan qaynaqlanır. Rəsmi İrəvan isə hələ də anlamır ki, sülhün əldə olunması regionda davamlı sülh və iqtisadi inkişaf baxımından çox əhəmiyyətlidir. Və bunun üçün münbit bir şərait formalaşıb. Xüsusilə Ermənistanın öhdəliyə götürdüyü kimi, Zəngəzur dəhlizinin açılmasına imkan yaratması Cənubi Qafqaza investisiyanın həcmini artıracaq və bölgədə dinamik inkişafı sürətləndirəcək. Lakin Ermənistan Zəngəzur dəhlizinə təkcə Azərbaycan-Türkiyə çərçivəsindən baxdığında öz hisslərinin girovuna çevrilib.

Musa BAĞIRLI,

"Respublika".