Ermənistanın ölkəmizə qarşı böhtan kampaniyası davam edir
Digər xəbərlər

Ermənistanın ölkəmizə qarşı böhtan kampaniyası davam edir

Tarix boyu özlərini "məzlum" kimi göstərən ermənilər daim mələk cildində şeytan xislətlərinə sadiq qalıblar. Bir tərəfdən sülhə "sadiq" olduqlarını bəyan edən Ermənistan, digər tərəfdən də bölgədəki vəziyyəti təhrif etmək cəhdləri göstərir. Bu da özlüyündə Azərbaycanla münasibətləri daha da gərginləşdirir.

Avqustun 16-da Ermənistan, Fransa və erməni lobbisinin  təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasında Azərbaycanın Qarabağ bölgəsində guya yaranmış "humanitar böhran"ın müzakirəsinə dair təcili iclası keçirildi. Əvvəla, qeyd etmək lazımdır ki, dünyanın aparıcı beynəlxalq təşkilatının belə bir qondarma məsələni müzakirəyə çıxarması biabırçılıq idi. Çünki ermənilərdən fərqli olaraq, Cənubi Qafqazda - istər indiki Ermənistanda, istərsə də Azərbaycanın suveren ərazilərində zülmə, soyqırımına və deportasiyaya məruz qalan xalq hər zaman azərbaycanlılar olub. İrəvan diplomatiyasının yenə öz xislətlərinə uyğun olaraq özlərini "əzilən" xalq kimi göstərmək cəhdləri bu dəfə də ali qurum tərəfindən rədd edildi. Lakin bununla barışmayan hay "başbilənləri"  bu dəfə başqa bir təxribatçı addım atıb.

Ermənistanın BMT yanındakı Daimi Nümayəndəliyi Təşkilatın mənzil-qərargahında üzv ölkələrin əksəriyyətindən gizlincə iclas keçirib. Görünür ermənilər açıq qapılar arxasında əldə etmədikləri nəticələri gizli otaqlarda əldə etmək istəyir. Elə bu səbəbdən açıq debatlarda Azərbaycana məğlub olan və beynəlxalq birlikdən heç bir dəstək görməyən bədxah qonşumuz növbəti dəfə ölkəmizə qarşı gizli otaqlarda böhtan kampaniyasına start verib. Buna cavab olaraq Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyi erməni diplomatların bu davranışını pisləyərək, onları dünya təşkilatının platformasından "sui-istifadə etməkdə" suçlayıb. Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyi Laçın yolu ilə bağlı BMT-nin mənzil-qərargahında keçirilən gizli iclası vəziyyəti təhrif etmək məqsədi daşıyan növbəti təxribat xarakterli tədbir adlandırıb. BMT Katibliyi konfrans zalının məlumat ekranında bu tədbirin sponsor ölkəsi olan Ermənistanın təşəbbüsü və yalnız məsuliyyəti ilə keçirildiyi barədə xüsusi qeyddə bunun BMT tərəfindən təsdiqlənmədiyi və çoxtərəfli prosesin bir hissəsi olmadığını bildirib.

Birləşmiş Millətlər Təşkilatının formalaşmış ənənələrini kobud şəkildə pozaraq Ermənistanın daimi nümayəndəliyi BMT üzvlərinin böyük əksəriyyətindən gizlincə yalnız kiçik bir qrup ölkələri və qərəzli ekspertləri dəvət edərək bütün digər BMT üzvlərinə qapıları bağlayaraq, hətta sadəcə nəyin bahasına olursa-olsun vicdanlı müzakirələrdən qaçınmaq və qaçılmaz ifşadan özünü qorumaq üçün iclas otağının qarşısında mühafizə yerləşdirərək qapalı iclas təşkil etməsi Ermənistanın hələ də Miatsum xəyalı ilə yaşadığını və Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü dilə gətirməsində qeyri-səmimi olduğundan xəbər verir.

Hər zaman bir bəhanə ilə danışıqlar prosesindən qaçan Ermənistanın növbəti iki və çoxtərəfli görüşlərdəki bəhanəsinin Qarabağda "gərgin humanitar vəziyyət" və "blokada"  olacağı isə indidən məlumdur. Lakin BMT TŞ-nin sonuncu iclasında bir daha təsdiq olundu ki, bəzi ölkələr istisna olmaqla əksəriyyət Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və belə məsələlərin BMT-də deyil, həmin ərazidə iki ölkə arasında həll olunmasının tərəfdarıdır.

Azərbaycanın suveren ərazilərində separatçı rejimin hələ də fəaliyyət göstərməsində Ermənistanın rolu olduğu kimi, Qərbin bəzi aparıcı ölkələrinin və BMT TŞ-nin daimi üzvlərinin də bu məsələdə günahı az deyil. Son vaxtlar Laçın yolu ilə bağlı İspaniya, Kanada və Belçika rəsmilərinin qərəzli açıqlamaları gündəmə gəlir. Halbuki, həmin ölkələr hər zaman xarici siyasət kurslarında münaqişəli ocaqlarda "sülhə təşviq" etməkdə maraqlı olduqlarını deyirlər. Lakin Azərbaycan əleyhinə zidd bəyanatlar verərək separatizmin əl-qol açmağına şərait yaradırlar ki, bu da ədalətə və beynəlxalq hüququn fundamental dayaqlarına sarsıdıcı zərbədir. Azərbaycana gəlincə isə bu yanaşmada müəyyən durğunluğun olması, ölkəmizi kompromisə çağırması bəzi suallar doğurur.  Ölkəmizə qarşı belə qərəzli yanaşmanın altında nələrin olduğunun isə cavabı bəllidir. Bu hər zaman irqi və dini ayrı-seçkiliyi "qınayan", "insan hüquqları"nı əlində bayraq tutanların müsəlman ölkələrinə qarşı xristian həmrəyliyi yaratmasıdır.

Musa BAĞIRLI,

"Respublika".