Əzəli yurdumuza qayıdış haqqımızdır
Sosial həyat

Əzəli yurdumuza qayıdış haqqımızdır

XX əsrin bəlası – Deportasiya

Əzəli yurdumuz olan Qərbi Azərbaycanda yaşayan soydaşlarımız faşizm siyasəti həyata keçirən separatçı ermənilər tərəfindən zaman-zaman hərbi və siyasi təcavüzə məruz qalıblar. Bu dəhşətli işgəncələrlə bizim nəsil də qarşılaşıb. Düçar edildiyimiz müsibətlər barədə danışmaq və onu bir daha xatırlamaq nə qədər ağır olsa da, buna məcburuq, düşmənin soydaşlarımıza işgəncələr verdiyini unutmaq olmaz.

Qərbi Azərbaycandan didərgin salındıqdan sonra Şəki rayonunun Şəki kəndində sığınacaq tapan Asif Hümbətov bildirdi ki, valideynlərimiz bütün bu işgəncələrdən qurtulmaq üçün doğma yurdumuzdan çıxmağa məcbur olublar. Babam isə son vaxta qədər orada yaşadığından mən mütəmadi olaraq kəndimizə gedər, ona kömək edərdim. Kənddə şəraitimiz və vəziyyətimiz yaxşı olsa da, son dövrlər daim narahatlıq içərisində yaşayırdıq. Ermənilər min bir hiylə ilə bizi torpaqlarımızdan qovmağa çalışırdılar. Həmyerliləri düşmənin təxribatlarına məhəl qoymadıqları üçün bu, onları bərk qıcıqlandırırdı. Ona görə də imkan düşən kimi, Qərbi Azərbaycanın ayrı-ayrı bölgələrində soydaşlarımızı öldürməklə qorxu yaratmağa çalışırdılar.

Rayonumuzun 36 kəndinin 2-3-ü istisna olmaqla hamısında sırf azərbaycanlılar yaşayırdı. Yaxşı yadımdadır, 1988-ci ildən Qarabağla bağlı Bakıda mitinqlər başlayan kimi kəndimizlə yanaşı, qonşu kəndlərdə də narazılıqlar başlandı. Bundan qorxan ermənilər biz orda yaşamağımıza baxmayaraq, gizlənmək üçün yer axtarırdılar. O vaxt Azərbaycana rəhbərlik edən şəxslər Qərbi Azərbaycandan didərgin düşənlərə kömək göstərsəydilər hadisələr bu qədər gərginləşməzdi. Həmin vaxt oradan gələnləri birbaşa Qarabağa yerləşdirmək lazım idi. Bizimkiləri Şuşa adı altında Şəkiyə gətirdilər. Səhərisi gün köçkünlərin bir hissəsi aldadıldıqlarını gördükdən sonra Bakıya qayıtmağa başladılar.

Erməni separatçıların təcavüzləri nəticəsində əzəli yurdumuz Qərbi Azərbaycanda yaşayan bütün soydaşlarımız kütləvi şəkildə didərgin düşdülər. Qış vaxtı ayaqyalın dağlardan keçmək çətin olsa da, buna məcbur edildilər.

Asif Hümbətov bildirdi ki, Qərbi Azərbaycanla bağlı dövlətin siyasəti bizi son dərəcə sevindirir. Əminik ki, ulu öndərin müdrik siyasətinə uyğun olaraq Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü işlər torpaq həsrətimizə birdəfəlik son qoyacaq. Belə ki, dövlət başçısının 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə səsləndirdiyi proqram xarakterli fikirlər arzu və istəklərimizin reallaşacağına ümüdlərimizi artırdı.

Yurdumuza qayıtdıqdan sonra görəcəyim işləri indidən düşünürəm. Şəki rayonunda qurduğum fermer təsərrüfatını orada da yaradacağam. Artıq bu barədə planlarım var. Kəndimizdə əkin sahələri o qədər də böyük olmadığından orada maldarlıqla məşğul olmaq çox sərfəli olar. Gədəbəy rayonu ilə həmsərhəd olan yurd yerlərimizin füsunkar meşələri, meyvə ağacları, saysız-hesabsız bulaqları var idi. Təmiz havası və suyu insanın ömrünü uzadırdı. İqlimi də çox yaxşı idi, elə vaxt olurdu ki, qar 6 aya qədər yerdə qalırdı. Bununla yanaşı, kəndimizdə bulaqlar da çox idi.

Həmsöhbətim qeyd etdi ki, son dəfə 1988-ci ilin may ayında dayımla birlikdə kənddə xeyli istirahət etdik. Çaylarımızda qızıl balıq saydığımız şanı balığın dadı dillər əzbəri idi. İndi yurd yerlərimizə qayıdacağımız günü səbirsizliklə gözləyirik. Bu, bizim mənəvi haqqımız olmaqla, həm də torpağa və yurda bağlılığımızın göstəricisidir.

Mikayıl NƏRİMANOĞLU,

"Respublika".