Fransa Afrikada nüfuzunu itirməyə davam edir - Politoloq
Gündəm

Fransa Afrikada nüfuzunu itirməyə davam edir - Politoloq

Get-gedə böyüməyə davam edən etiraz aksiyaları Fransa Prezidenti Emmanuel Makron hakimiyyətinin kifayət qədər yetərli olmadığını göstərir. Fransada başlayan etirazların təsirləri Afrikadakı müstəmləkə dövlətlərə yansıyır. 60 il əvvəl Fransanın müstəmləkə siyasətindən canını qurtararaq azadlıq əldə edən Çad əhalisi, Fransanın səfirliyi qarşısında kütləvi etiraz aksiyası keçirib və əməkdaşların ölkəni tərk etməsini tələb edib. Paytaxt Nicamenada Fransa səfirliyi qarşısında avtomobil yandırılıb və kütləvi etiraz aksiyaları başlayıb. Lakin Fransa bu ölkənin bir sıra regionunda hərbi hissələr saxlayır.

Politoloq Oqtay Qasımov "Respublika"ya bildirib ki, Fransanın Afrika qitəsində apardığı kolonial, yəni müstəmləkə siyasəti, bölgədə Fransanın təsiri altında olan ölkələrdə Fransa əleyhinə etirazları getdikcə daha da gücləndirir: "Xüsusilə də son bir neçə ildə artıq həm Mərkəzi Afrikadan, Burkina-fasodan, həm Malidən, son dövrlər isə Niger və Qabonda Fransa əleyhinə etiraz olaraq hərbi çevrilişlər həyata keçirilir və Fransanın bölgədə nüfuzu ciddi şəkildə zədələnir. Qeyd olunan ölkələrin əksəriyyətindən Fransa ordusunun və hərbi bazasında yerləşən hərbçilərin geri çəkilməsi prosesi həyata keçirilib. Son olaraq Nigerdə belə bir hadisənin şahidi olduq. Qeyd etmək lazımdır ki, ay yarım əvvəl bu ölkədə hərbi çevriliş həyata keçirilib və Fransaya yaxın sayılan prezident, hakimiyyətdən devrilib və yeni hökumət Fransadan öz ordusunu Nigerdən çəkməklə bağlı tələb irəli sürüb".  

"Fransa çox güman ki, oradakı özünün hərbi qüvvələrini geri çəkmək məcburiyyətində qalacaq. Vaxtilə, Fransa müstəmləkəsi altında olmuş çadda da etirazlar başlayıb. Bu heç təsadüfi deyil. Çünki bu ölkələr hamısı keçmiş Fransa müstəmləkələri olmaqla yanaşı, həm də qonşu ölkələrdir. Onların hər birində baş verən hansısa bir hadisə, digərində də öz təsirini göstərir və bunu qonşu ölkələrdə Fransa əleyhinə baş verən etirazların bir nəticəsi kimi qəbul etmək olar. Qısa desək, son dövrlər xüsusilə Makronun hakimiyyəti dövründə, Afrika qitəsindəki keçmiş Fransa müstəmləkələrində yenidən anti-Fransa etirazları güclənib və bu da öz nəticələrini verməkdədir. Fransanın Güney Qafqazda aqressiv siyasətinin kökündə duran məsələlərdən biri də budur. Fransa hesab edir ki, Afrikada itirdiyi nüfuz dairəsini Cənubi Qafqazda qura bilər, hansı ki, bu da ciddi bir xülyadır. Buna bölgənin digər ölkələri, o cümlədən əsas açar ölkəsi olan Azərbaycan heç cür imkan verməyəcək” - deyə, politoloq bildirib.

Nurcan SÜLEYMANOVA,

"Respublika".