Fransanın Cənubi Qafqazda riyakar aktivliyi
Siyasət

Fransanın Cənubi Qafqazda riyakar aktivliyi

"Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq!". Bu fikirləri ölkə başçımız sentyabrın 20-də xalqa müraciətində səsləndirmişdir.

Mövcud geosiyasi gərginliyin fonunda "ermənilərdən daha çox erməni" olan anti-Azərbaycan dairələrinin fəallığı səngimir, Cənub Qafqaz getdikcə kənar qüvvələrin xaos girdabına çevrilir. Qüdrətli Azərbaycan dövlətinin regional maraqlara xidmət edən siyasi xəttindən bir xeyli uzaqda qərarlaşmış Ermənistanın himayədar axtarışı - qərb qüvvələrinin "forpost"u olması istəyi regiondakı gərginliyin əsas səbəbidir. Olduqca geniş cəbhədə Azərbaycana qarşı ideoloji və fiziki olaraq silahlanmış ünsürlər hələ də inkişafın və tərəqqinin önünə keçirməyə cəhd edirlər.

Azərbaycan öz haqqı işini sonacan yerinə yetirəcəyini dəfələrlə qeyd etmişdir. Əslində antiterror tədbirləri ilə öz suverenliyimizi tam bərpa etdikdən sonra yaranan yeni reallıqlara əsasən anti-Azərbaycan qüvvələri daha çox fəallıq göstərir. Çünki onlar görürlər ki, Azərbaycan beynəlxalq hüquq normaları və ədalət prinsipləri çərçivəsində hərbi və diplomatik müstəvidə üstün tərəfdir. İstər 10 noyabr Bəyanatı, istərsə də keçirilən çoxtərəfli görüşlərdə bunun əyani şahidi olmuşuq. Eynilə Nikol Paşinyanın sülh çağırışlarının cəbhədə təxribatlarla əvəz olunmasını da. Lakin hər kəs çox yaxşı bilir ki, Ermənistan müstəqil siyasət yürüdə bilmir. Onu "idarə" edənlərin məqsədləri daxilində mövqe sərgiləyir. Bu cür siyasi və hərbi möhtəkirlikdə Fransanın rolu isə Ermənistandan daha çoxdur. Belə ki, qərbdəki bəzi ünsürlər olmasa, bu gün Ermənistanla sülh müqaviləsinin imzalanması daha mümkün olardı. Yaşanan son hadisələrin işığında artıq daha aydın görünür ki, Fransanın "forpost"u qismində iştirak edən Ermənistan ağasının əli ilə regionu daha da qarışdıracaq. Belə ki, Fransanın xarici işlər naziri Katrin Kolonna oktyabrın 3-də Ermənistana səfər edib. O, İrəvanda keçirdiyi mətbuat konfransında bildirib ki, hərbi əməkdaşlıq gücləndiriləcək və İrəvana hərbi attaşe təyin olunacaq.

Fransanın "aktivliyi" bununla da sonlanmır. Fransanın müdafiə naziri Sebastyan Lekornunun açıqlamaları da aqressor qismində iştirak edən Yelisey sarayının region üçün təhlükə mənbəyi olmasından xəbər verir. Lekornu bildirib ki,  Prezident Emmanuel Makron Cənubi Qafqazda baş verənləri şəxsən izləyir, çünki bu məsələ Fransa üçün son dərəcə vacibdir. Onun sözlərinə görə, ölkəsinin əsas məqsədi Ermənistanın bütövlüyü, suverenliyi və əhalisinin qorunmasıdır. Nazir onu da vurğulayıb ki, Fransa İrəvanda müdafiə missiyası yaradıb. Bu isə onlara Ermənistanın hakimiyyət orqanları ilə əlaqə yaradaraq müdafiə və təhlükəsizlik ehtiyaclarını öyrənməyə imkan verir. Bu məqamda açıq bir mesaj diqqətə çatdırılır: "Artıq Ermənistan sərhədlərinin bizim üçün müqəddəs olduğunu bəyan etməyin vaxtı çatıb". İdeoloji olaraq "Səlib yürüşü"nün əsas müddəalarından biri olan "sərhədlərin müqəddəsliyi" məsələsinin XXI əsrdə səsləndirilməsi onu deməyə əsas verir ki, Ermənistan növbəti müharibələr üçün ruhlandırılır. Əslində bu, Fransanın xislətinə yad deyil. Bu günə qədər 1,5 milyona yaxın əlcəzairlini qətlə yetirən, Paris muzeyində hələ də onların kəllə sümüklərini müharibə qənimətləri kimi saxlayan "ədalət qoruyucusu"nun Cənubi Qafqaza ram atması qana susamış müstəmləkəçilərin əsl xislətini büruzə verir.  Fransa müstəmləkəçiliyi ən sistemli şəkildə həyata keçirən ölkədir. Tarixə nəzər salsaq, 300 il boyunca Afrikanın Fransanın nəzarətində qaldığını, Seneqal, Fil Dişi Sahili və Benin kimi ölkələrin həmin illərdə qul ticarəti mərkəzləri kimi istifadə edildiyini və bölgədəki bütün resursların istismar olunduğunu görərik. Niger və digər ərazilərdə artıq Fransanın əl-qolu kəsilib. Görünür, yeni müstəmləkə kəşfinə çıxmış Fransada bu "məğlubiyyəti" Ermənistanı ələ keçirərək öz xəbis niyyətini reallaşdırmaqla ört-basdır etmək niyyətindədir. Bunun üçün ilkin növbədə hərbi dəstək məsələsinin bərqərar edilməsi istəyi bunu deməyə əsas verir.

Fransanın Ermənistana hərbi dəstək məsələsində keçmiş prezident Fransua Oland da öz mövqeyini bildirib. Qeyd edib ki, "Ermənistandan imtina Fransa üçün böyük biabırçılıq olardı". İlk növbədə, Fransa üçün ən böyük biabırçılıq irqi və dini ayrı-seçkilik sərgiləyərək bəşəri cinayətlər törətmək olmalıdır. Bu xislətin sahiblərinin bu gün Cənubi Qafqazda sülh danışıqlarının tərəfi olmaq cəhdi isə möhtəkirliyin son həddidir. Silah-sursat verməklə, sərsəm bəyanatlar yaymaqla sülh əldə edilmir. Bunu Fransanın özü çox yaxşı anlayır. Tək niyyət bölgədə Azərbaycan və Türkiyə tandemini zəiflətmək və Rusiyaya qarşı Ermənistandan istifadə edib yeni cəbhə açmaqdır. Məhz bu səbəbdən, militar qüvvələrin danışıqlar masasında oturacaq yeri olmamalıdır.  Fransa 25 ilə yaxın müddətdə ona həvalə edilmiş vasitəçilik rolunu bəhanə gətirərək, Ermənistanın təcavüzünə və işğalçı siyasətinə göz yummuşdur. Bu da öz növbəsində münaqişənin həllinə birmənalı yanaşılmamasının göstəricisidir.

 Sərsəm bəyanatların heç bir faydasının olmadığını anlamaq istəməyən Fransa bilməlidir ki, Cənubi Qafqaz əsrlər boyu istismar edilən Afrika deyil. Burada regional lider kimi Azərbaycanın mövqeyi həlledici rol oynayır. Afrikadakı zəngin ərazilərin əldən çıxmasının yanğısını Cənubi Qafqaza hücumla unutmağa çalışan Fransaya bu məsələ olduqca böyük siyasi-iqtisadi zərbə vurmuşdur.  Afrika ölkələri, o cümlədən Əlcəzair, Ruanda, Niger, Kot-d`İvuar və s. Yelisey sarayına artıq boyun əymir. Fransanın Malidən qoşunlarını çıxarmağa məcbur qalması da bunu təsdiqləyir. Ona görə də Makronun Afrika siyasətinin iflasa uğradığını da söyləmək mümkündür. Nigerdə hakimiyyəti ələ keçirən generalların Fransaya qarşı tutduğu mövqe də bunu təsdiqləyən faktlardan biridir. Afrikanın uranla zəngin, amma vətəndaşları yoxsul olan bu ölkəsində reallaşan çevrilişlər bunu deməyə əsas verir ki, Fransanın burada yeri yoxdur. Məhz Nigerdəki çevrilişdə üsyançıların lideri öz ifadəsində bildirdi ki: "Sərvətimdən əlini kəsirəm, bununla da Niger Fransaya uran və qızıl ixracını dayandırdı.

Prezident İlham Əliyevin iyulun 5-də Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən iclasında Fransanın müstəmləkəçilik siyasətinə toxunması əbəs deyildi. Cənab İlham Əliyev Fransa qoşunlarının bu yaxınlarda Mali və Burkina-Fasodan çıxarılmasının onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdiyini vurğulayıb: "Təəssüf ki, Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və "Orientalizm" müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışır". Qarabağda artıq separatizm məhv olmuşdur. Lakin fransızsayağı riyakarlıq isə hələ də davam etməkdədir.

Nurlan ABDALOV,

"Respublika".