Fransız merin istəyi fiaskoya uğradı
Gündəm

Fransız merin istəyi fiaskoya uğradı

Psixologiyada qeyd olunub ki, insanları keçmişləri ilə sınağa çəkmək düzgün deyil. Onlar bunu qəsdən və ya bilmədən edib. Dövlət nümunəsini də bura daxil etmək olar. Tarixin ağ səhifələrində adı utanc hissi ilə çəkilən Fransa isə bu istisnanı kobud şəkildə pozur. Satqınlıq rəmzi olan fransızlar sıra ilə yeddiillik müharibədə (1756-1763) Almaniyadan dəstək istəmək, daha sonra isə almanların özü ilə (Prussiya) müharibə zamanı ingilislərə arxalanaraq və s. çirkin əməllərini Birinci və İkinci dünya müharibəsi dövründə də davam etdirdilər. 1940-cı ildə faşistlər Fransanı işğal edən zaman Bordoya qaçan fransızlar, almanların müharibəni uduzması xəbərini eşidən kimi onlara soyqırımı törətməyə cəhd etdilər. Bu nümunələr günümüzdə də davam edir. Afrikada ardıcıl olaraq Niger və Qabonda baş verən çevrilişlərdə gücünü itirən Fransa gözünü Cənubi Qafqaza dikib.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndidə yaşayan əhali üçün humanitar yardım məqsədilə göndərdiyi 40 tonluq 2 yük maşını Fransanı çox narahat edib. Makronun göstərişi ilə Paris meri Ann İdalqo öz "sülh göyərçini" missiyasını yerinə yetirmək üçün 10 yük maşınından ibarət "humanitar yardımı" Laçınla sərhədə gətirib. Beləcə, sərhəddə gözləyən yük maşınlarının sayı 31-ə çatıb. Atılan bu addım heç də Fransanın xoşniyyətindən irəli gəlmir. Sentyabrın 2-də xunta rejiminin guya "müstəqillik günü"nün ildönümündə atılan bu addım ikiüzlülükdən başqa heç bir situasiya yaratmır. Guya bu "əlamətdar" gündə haylara dəstək verib, onların yanında olmaq istəyən merin əsas vəzifəsi ölkəsinin yerlərdə sürünən imicini az da olsa düzəltməkdir. Həkəri çayına binoklla baxıb "blokada" şousundan danışan Parisin meri istədiyinə deyəsən nail ola bilməyəcək. Azərbaycan tərəfi rəsmi Parisə nota verərək bu kimi addımlardan əl çəkməli olduğunu bildirib. Əgər rəsmi Paris həqiqətən də sabitlik yaratmaq istəyirsə, birinci daxildən başlaması daha uğurlu ola bilər. "Sarı jiletlilər"in bütün dünyaya car çəkdiyi daxili iğtişaş Fransada səngimək bilmir. Bu halda daxildəki münaqişəni həll edə bilməyən mer Xankəndiyə nə rəvac verəcək. Daha bir fakta nəzər yetirək. Azərbaycanın Ermənistanla apardığı 44 günlük müharibə dövründə Fransanın "TF-1" kanalı ölkəmizin haqq işinə dəstək verən videoçarxlar hazırlayırdı. Məhz mer Ann İdalqo və onun tərəfdarları bu kanalı qərəzli olmaqda günahlandırmışdı. Azərbaycan isə öz növbəsində tarixi haqq-ədaləti bərpa edərək "Miatsum" kitabını bağlamışdı.

Maraq doğuran başqa məqam odur ki, Fransa haylardan təkcə Cənubi Qafqaz maraqları üçün istifadə etmir. Fransada erməni əhalisinin çoxluğu Makronu və meri çox düşündürür. 2022-ci ildə erməni lobbisinin böyük dəstəyi ilə yenidən prezident seçilən Makron kimi, Paris meri də müəyyən vaxtlarda öz məqsədlərinin müdafiəsi üçün ermənilərdən istifadə edib. Lakin bu dəfə bu məqsədlər Azərbaycanın tarixi torpaqlarında alınmayacaq. Fransanın Ann İdalqonun əli ilə Laçına yük maşınlarından ibarət "desant" çıxarması sadəcə provokativ addımın bir parçasıdır və gözlənilən nəticənin fiaskoya uğradığını demək olar. Bütün bu təxribatların artması fonunda, deyəsən həqiqətən də mer qınına girən dərviş nə vaxtsa Parisi partladacaq. Amma deyəsən, Parisin daha bir iri şəhəri olan Strazburqun meri Yan Barsaqyanla düşünülmüş plan bir müddət yubanmalı olacaq. Azərbaycan kimi qüdrətli, öz kapitalı hesabına inkişaf edən dövlət saxta merləri çox görüb və bu cür "sərhədsiz təxribatçılar" sadəcə oyuncaq rolunu oynayır. Arxa fonda iştirak edən əsas aktorlar isə hər gün yeni provokasiyalar haqqında düşünür. Lakin Azərbaycan bütün bu kimi təxribatların qarşısını alacaq gücdədir. Hələlik isə, merə fransız dilində tək bir cümlə kifayət edər: "Au revoir madame, vous faites fausse route" (Hələlik madam, yanlış yoldasan).

Tacir SADIQOV

"Respublika".