Geosiyasi reallıqlara adekvat müstəqil siyasət
Siyasət

Geosiyasi reallıqlara adekvat müstəqil siyasət

Regionun lider ölkəsi yeni hədəflərə inamla addımlayır

Xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasətini uğurla davam etdirən, müstəqil Azərbaycan dövlətini inamla inkişafa və tərəqqiyə doğru aparan möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik rəhbərliyi sayəsində ölkəmiz gündən-günə inkişaf edir, gözəl, abad, yaraşıqlı bir diyara çevrilir. Müasir Azərbaycan tarixinin Zəfər salnaməsinin, nəhəng iqtisadi layihələrin müəllifi kimi regionun simasının dəyişməsinə, formalaşmasına tarixi töhfəsini verən Prezident İlham Əliyev müzəffər sərkərdə kimi, həm də Cənubi Qafqazda yeni reallıq yaradır. Bu reallığın adı qüdrətli, qalib Azərbaycandır!

Azərbaycan özünün milli maraqları əsasında müstəqil xarici siyasət yürüdür və dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır, beynəlxalq aləmdə nüfuzu daha da yüksəlir. Prezident İlham Əliyevin tam müstəqil siyasət yürütməsi Azərbaycanı dünya ictimaiyyətinin diqqət mərkəzində olan və beynəlxalq aləmdə öz mövqeyini diktə etməyi bacaran ölkəyə çevirib. Dünyanın aparıcı ölkələri, araşdırma və tədqiqat institutları, beynəlxalq reytinq təşkilatları da bu faktları dəfələrlə etiraf ediblər.

Güclü dövləti müstəqil siyasətin mühüm şərti sayan Prezident İlham Əliyev xalqımızın ən böyük milli sərvəti olan müstəqilliyinin möhkəmləndirilməsi üçün əzmlə çalışır. Azərbaycan xalqı da qəlbən inandığı və siyasətini bəyəndiyi liderinin rəhbərliyi altında daha böyük uğurlar qazanacağına, ən müxtəlif sahələrdə ciddi nailiyyətlərə imza atacağına ürəkdən inanır. Müstəqil respublikamız zamanı qabaqlayan inkişaf tempi ilə dünyanı heyrətləndirə bilir. Azərbaycanı nəinki Cənubi Qafqaz regionunda, ümumilikdə Avratlantika geosiyasi arealında öz sözü və mövqeyi olan, səmərəli iqtisadi təşəbbüslərin müəllifi kimi tanıdan ölkə başçısı xalqın, dövlətin gələcək inkişafı ilə bağlı aydın baxışlara malik olduğunu göstərir. Vətən müharibəsindəki hərbi-siyasi qələbə ilə Azərbaycan bölgədəki statusunu möhkəmləndirib. İndi qalib ölkə kimi tərəfdaşlarına, müttəfiqlərinə yeni əməkdaşlıq təklifləri edir. Bütün görüş və çıxışlarında, müsahibələrində regionda qarşılıqlı faydalı əməkdaşlıq imkanlarından söz açan cənab İlham Əliyev yeni reallıqların çoxşaxəli münasibətlərin daha dinamik inkişafına xidmət göstərdiyini bəyan edir. Atdığı hər bir addımda müstəqil siyasət həyata keçirdiyini, nümayiş etdirən Azərbaycan, eyni zamanda müasirliyə, təkmilləşməyə açıq, bir sözlə, innovasiyalar ölkəsi kimi də tanınır və nüfuz qazanır.

Azərbaycan qitələrarası strateji və iqtisadi mərkəzlərdən biri, sürətlə inkişaf edən güclü ölkədir. Xalqının həyat səviyyəsini yüksəltmək və ölkənin beynəlxalq arenadakı mövqeyini möhkəmləndirmək üçün strateji planlar həyata keçirir. Ölkənin enerji sahəsindəki irimiqyaslı layihələri, infrastrukturun inkişafı və digər strateji sahələrdə görülən böyük işlər Azərbaycanın dünya iqtisadiyyatında daha vacib və nüfuzlu rol oynamasına imkan verir. Bu inkişaf yolunda Prezident İlham Əliyev Azərbaycanın tarixində yeni bir səhifə açıb. Sosial sahələrdə də irəliləyiş diqqət çəkir. Təhsil, sağlamlıq, mədəniyyət və digər ictimai sahələrdəki dəyişikliklər insanların rifahının yüksəlməsinə xidmət edir. Bir çox sosial proqramlar Azərbaycanın inkişaf yolunda müsbət dəyişikliklər əldə etməsində mühüm rol oynayır. Ölkəmiz regionda və dünyada sülh, təhlükəsizlik və əməkdaşlığın təmin edilməsində səy göstərir.

Qonşu Ermənistandan başqa Azərbaycanın Rusiya, İran və Gürcüstanla münasibətləri hər zaman yüksək səviyyədə olub. Bu ölkələrlə imzalanan strateji tərəfdaşlıq sazişləri müxtəlif istiqamətlər üzrə əlaqələri daha da genişləndirir. BMT və digər beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyirlər. Azərbaycan İran ilə İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) çərçivəsində, Rusiya və Gürcüstanla ATƏT, MDB, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurla əməkdaşlıq edir. Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin müəllifi olduğu çoxvektorlu, müstəqil və milli maraqlara əsaslanan xarici siyasət kursunu sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq çevik, innovativ və hücum taktikasına əsaslanmaqla davam etdirir. Milli dövlətçilik maraqlarının müdafiəsi həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən bu siyasətin başlıca məzmununu təşkil edir.

Dövlətin qüdrətini şərtləndirən amillər sırasında iqtisadi yüksəliş və güclü ordu böyük rola malikdir. Bu gün qürurla deyə bilərik ki, ölkəmiz iqtisadi və siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində də böyük uğurlar əldə edib. Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Yenilməz ordumuz torpaqlarımızı işğaldan azad etdi. 2020-ci ilin 27 sentyabrından 10 noyabra qədər davam edən Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı. Ölkənin ərazi bütövlüyü bərpa edildi. Bu tarixi qələbə, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi və rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında göstərdiyi şücaətlə qazanıldı və 30 illik həsrətə son qoyuldu. Biz öz əzəli torpaqlarımıza alnıaçıq, üzüağ, zəfər bayrağı ilə qayıdırıq. Üçrəngli bayrağımız Şuşada, Kəlbəcərdə, Laçında, Xankəndidə və digər torpaqlarımızda əbədi dalğalanır. Böyük Zəfərimiz hər kəs üçün milli qürur mənbəyinə çevrilib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər və 20 sentyabr 2023-cü il tarixdə keçirilmiş lokal antiterror tədbirlərinin uğurlu nəticələri müstəqil Azərbaycanın ən yeni tarixinə əlamətdar hadisə kimi daxil olub.

Güclü iqtisadiyyat, güclü ordu, xalq-iqtidar birliyi, ölkəmizin beynəlxalq nüfuzunun gündən-günə daha da artması Azərbaycanın müstəqil xarici siyasət yürütməsini şərtləndirir. Prezident İlham Əliyevin dediyi kimi: "Dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv, 120 ölkə bizi Qoşulma Hərəkatına sədr seçməzdi, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi". Yeni dövrdə milli maraqlara əsaslanan və güclü ideoloji təməli olan dövlət siyasətimiz ardıcıl və qətiyyətli şəkildə davam etdirilir. Prezident İlham Əliyevin andiçmə mərasimində bildirdiyi kimi, biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Yeni dövrdə də Azərbaycanın müstəqil, güclü dövlətçiliyi daim möhkəmlənəcək və inkişaf edəcək.

Mustafa KAMAL,

"Respublika".