Bugünkü Azərbaycan Heydər Əliyev strategiyasının parlaq ifadəsidir
Siyasət

Bugünkü Azərbaycan Heydər Əliyev strategiyasının parlaq ifadəsidir

Ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin xilaskarı, memarı, qurucusu kimi tarixə adını qızıl hərflərlə yazdırmış dahi şəxsiyyətdir. Heydər Əliyev dünya tarixində nadir şəxsiyyətlərdəndir ki, müxtəlif ictimai quruluşda, iki dəfə dövlət başçısı vəzifəsinin icra edilməsi taleyinə yazılmışdır. 1969-1982-ci illərdə Sovetlər İttifaqında geridə qalmış aqrar respublikanın hərtərəfli inkişaf etmiş sənaye respublikasına çevrilməsinə nail olmuşdur. 14 illik fəaliyyətində əldə etdiyi uğurların nəticəsində Heydər Əliyev paytaxt Moskvaya dəvət olunur. SSRİ kimi superdövlətin rəhbərlərindən biri olması onun şəxsiyyətinə, peşəkarlığına verilmiş qiymətdir. Siyasi Büronun üzvü, Nazirlər Soveti sədrinin birinci müavini kimi mühüm vəzifələrin icrası ilə yanaşı, Heydər Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafını daim diqqətdə saxlayır. Mixail Qorbaçov idarəçiliyində nüfuzlu partiya, dövlət xadimlərinə, o cümlədən qısqanclıq zəminində Heydər Əliyevə qarşı əsassız hücumlar təşkil edilir və o, istefa verir. Səriştəsiz milli siyasət, bir çox respublikalarda sosial gərginliklərin, etnik münaqişələrin yaranmasına səbəb olur. Separatizm dalğası ölkəni bürüyür.

Heydər Əliyevin istefasından dərhal sonra erməni separatçıları tərəfindən Qarabağın Ermənistana birləşdirilməsi məsələsinin qaldırılması ilə Azərbaycan xalqının faciələri başlayır.

20 yanvar 1990-cı il. Sovet qoşunları Bakıya daxil olur. Yüzlərlə günahsız insan öldürülür, minlərlə insan isə yaralanır və itkin düşür. Sərt kommunist rejimi və informasiya blokadası Azərbaycanda baş verən cinayətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasını əngəlləyir. Vəziyyətin son dərəcə kritik olmasına baxmayaraq, özünün və ailəsinin həyatını risk altına qoyan Heydər Əliyev oğlu İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində geniş mətbuat konfransı keçirir və xalqının yanında olduğunu bildirir. Baş vermiş cinayətlərdə isə bilavasitə SSRİ rəhbəri Qorbaçovu ittiham edir. Beləliklə, dünya birliyi Bakıda baş verən faciələrdən xəbər tutur. Uzun illər ən yüksək vəzifələrdə çalışmış bir insan tərəfindən SSRİ kimi güclü dövlətin başçısının günahlandırılması o zaman üçün misilsiz və olduqca riskli addım idi.

1990-cı illərin əvvəllərində ikinci dəfə müstəqilliyini bərpa edən Azərbaycan tarixinin ən çətin, mürəkkəb, ziddiyyətli dövrünü yaşayırdı. İldə bir dəfə dəyişən siyasi hakimiyyətlər ölkə qarşısında duran strateji problemlərin qarşısında acizlik göstərir. Torpaqların işğalı, digər ölkələrlə iqtisadi münasibətlərin pozulması, yüz minlərlə qaçqın, məcburi köçkün ordusu yaranması nəticəsində sosial-iqtisadi gərginlik hökm sürür. AXC-Müsavat cütlüyünün səriştəsiz idarəetməsi, cəmiyyəti xaosa, anarxiyaya, vətəndaş müharibəsinə sürükləyir. Gələcəyinə inamını itirən xalq ümidlərini Heydər Əliyevə bağlayır və təkidlə onu Bakıya dəvət edir.

İkinci dəfə hakimiyyətə gələn Heydər Əliyevin taleyinə müasir Azərbaycan dövlətinin və xalqının xilaskarı kimi şərəfli missiya düşür.

Heydər Əliyevin Azərbaycan və bəşəriyyət naminə gördüyü işlərin miqyasını hansısa ölçüyə sığışdırmaq qeyri-mümkündür. Qısaca onu deyə bilərəm ki, dövlətin və cəmiyyətin elə bir sahəsi yoxdur ki, orada ulu öndərin izi olmasın. Onun şəxsi və ictimai həyatı hər bir azərbaycanlı üçün bir nümunədir. Ümummilli liderin irsi cəmiyyətin bütün təbəqələrinin, hər kəsin bəhrələnməsi üçün zəngin məktəbdir.

2023-cü il may ayının 10-da ulu öndərin anadan olmasının 100 ili tamam olur. Qədirbilən Azərbaycan xalqı, 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı Prezident İlham Əliyevin Sərəncamını sevnclə qarşıladı. Əminəm ki, ilboyu ümummilli liderin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu təkrar-təkrar öyrəniləcək, adına layiq çoxsaylı tədbirlər keçiriləcəkdir.

Bu bir həqiqətdir ki, doğma vətənimiz Azərbaycan tarixinin ən güclü, şərəfli dövrünü yaşayır. Güclü iqtisadiyyata, orduya, təhlükəsizlik sisteminə malik, özü-özünü təmin edən ölkəyik. Biz XXI əsrdə dünyanın yeganə ölkəsiyik ki, öz torpaqlarımızı öz gücümüzlə işğaldan azad etmişik. Bu gün bütün dünya, hətta ən güclü dövlətlər belə, Azərbaycanın nüfuzu, yaratdığı reallıqlarla hesablaşır. Bugünkü Azərbaycan Heydər Əliyev strategiyasının məhsuludur. Onun başladığı və layiqli davamçısı Prezident İlham Əliyevin apardığı siyasətin nəticəsidir.

Dövlətimizin və xalqımızın gələcəyi naminə keçdiyimiz tarixi yol gələcək nəsillərə olduğu kimi ötürülməli və tarixi yaradan şəxsiyyətlər yaşadılmalıdır.

Nəsib MƏHƏMƏLİYEV,

Milli Məclisin deputatı.