Hakimiyyət-kilsə qarşıdurması
Siyasət

Hakimiyyət-kilsə qarşıdurması

Bütün dövrlərdə Ermənistanda kilsənin hakimiyyətə nəzarəti müşahidə edilib. Xüsusilə Qarabağ münaqişəsi zamanı keşişlərin ölkədaxili vəziyyətə müdaxiləsi güclü olub.

Ölkə rəhbərliyi və erməni lobbisi bu qurumla müştərək "işləyiblər". Paşinyanın hakimiyyətə gəldiyi ilk gündən kilsə və ruhanilərə qarşı soyuq münasibət hiss olundu və İrəvan küçələrində katolikos II Qareginə qarşı "Yeni Ermənistan, yeni patriarx" şüarı ilə aksiyalar başlandı. Ölkədə kilsə ilə hökumət arasında münasibətlər İkinci Qarabağ müharibəsindən sonra daha da pisləşdi. Nikol Paşinyanın istefasını tələb edən katolikos II Qaregin açıq şəkildə bildirdi ki, kilsə ilə Paşinyan hökuməti arasında fikir ayrılıqları var.

Hər iki tərəf bir-birini tənqid və təhqir edir, hətta dövlət tədbirlərində birlikdə iştirakdan imtina edirlər. Qeyd edək ki, erməni kilsəsi bundan öncə 20 il hakimiyyətdə olmuş "Qarabağ klanı" ilə geniş əlaqələr qurmuş Köçəryan və Sarkisyan iqtidarının yeritdiyi siyasi kursu dəstəkləmişdir.

Hazırda isə kilsə-Paşinyan qarşıdurmasının pik həddə çatması Ermənistanda cəmiyyəti seçim qarşısında qoyub. O da danılmaz faktdır ki, bütün dövrlərdə erməni cəmiyyətini təxribata sürükləyən və qızışdırıcı mövqe tutan məhz qriqorian kilsəsi olub. Doğrudur, düşdükləri coğrafiyanı mənimsəyib öz adlarına çıxmaq ermənilərin genetikasından irəli gəlsə də hərəkətverici qüvvə həmişə kilsə təbliğatı olub. Ona görə də keşişlər ideoloji baxımdan dövlətdən daha çox təsiretmə mexanizminə sahib olub. Bir növ kilsə Ermənistanda dövlətin funksiyalarına təsir etdiyi üçün cəmiyyətdə də aparıcı güc hesab edilib. Əslində isə heç bir dövlətçilik ənənəsi olmayan Ermənistan və xalqı kilsənin əsirinə çevrilib.

Qonşu dövlətdə hökumətlə kilsə arasında ziddiyyətlər daha kəskinləşib və tərəflər hakimiyyət uğrunda mübarizədə bütün mümkün variantlardan istifadə edirlər. Artıq bu mübarizə düşmənçilik həddinə çatıb, erməni apostol kilsəsi ölkə vətəndaşlarını hazırkı iqtidarı devirməyə çağırır. Bütün bu hadisələrdə fəallıq göstərən isə keşiş Baqrat Qalstanyandır ki, bu da birbaşa kilsənin əli ilə gerçəkləşdirilir. Katolikos II Qareginin və ümumi arxiyepiskopların gəldiyi qənaət ondan ibarətdir ki, dövlət əbədi deyil, kilsə isə daimidir. Buna görə də mübarizəni davam etdirmək, hazırkı vəziyyətdə çox vacibdir.

İrəvanda etirazlara qatılanlara radikal müxalifətlə yanaşı, kilsə də maliyyə və digər formada dəstək verir. Erməni ekspert Yuri Manvelyan da bunu təsdiqləyib. O qeyd edir ki, meydanlara çıxanları müxtəlif vasitələrlə ələ alıblar: "Amma bütün hallarda indi Ermənistanda nə keşiş Baqrat Qalstanyan populyardır, nə kilsə, nə də ki, onlarla eyni cəbhədə olan müxalifət. Onlar Paşinyanı devirəcək gücdə deyillər. Kilsənin heç vaxt humanist bir qurum imici olmayıb". Manvelyan daha sonra etirazçıların sərhəd kəndlərinin və ya erməni xalqının mövqeyini əks etdirməsinə inanmadığını qeyd edərək bildirir ki, çoxluq sülh istəyir, nəinki münasibətlərin pisləşməsini. Onun fikrincə, keşiş Qalstanyan keçmiş prezidentlərə - Robert Köçəryan və Serjik Sarkisyana bağlıdır.

44 günlük müharibədən sonra Ermənistanın sülh, əmin-amanlıq və barışığın bir addımlığında olduğu bir zamanda kilsənin yenidən vəziyyəti gərginləşdirmək cəhdi yalnız ölkədə hakimiyyəti ələ alıb, Cənubi Qafqazda gözü olan düşmən qüvvələrin dəyirmanına su tökməkdən başqa bir şey deyil. Hazırda erməni cəmiyyəti həssas bir dönəmdədir. Paşinyan ya Azərbaycanın sülh çağırışına cavab verib Ermənistanın inkişaf və rifahına nail olmalı, ya da xalq kilsənin təbliğatına qoşulub, fəlakətə yuvarlanmalıdır. Əgər erməni xalqı ikinci yolu seçərsə, bu zaman Ermənistanda yeni fəlakət və münaqişələrin əsası qoyulmuş olacaq. 

Hakimiyyət ilə kilsə arasında yaranmış böyük uçurumun bir səbəbi də sərhədlərin delimitasiyası barədə əldə olunan razılaşmadan sonra Qazaxın anklav olmayan 4 kəndinin geri qaytarılmasıdır. Erməni siyasi şərhçi İşxan Verdyan bildirib ki, hazırkı aksiyaların arxasında xarici qüvvələr dayanır, çağırışlarda Rusiya və Qərb dəstəkli qüvvələrin iştirakı da buna sübutdur. Onun sözlərinə görə, Köçəryan hələ ki, özünü göstərmir. Ermənistan ictimaiyyəti bu kimi marjinal qüvvələrin hakimiyyətə gəlməsi ilə barışmayacaq.

Baş verən qarşıdurmalarda qriqorian kilsəsi sadəcə təşviqatçı, təbliğatçı deyil, həm də təşkilatçıdır. Ermənistanın baş naziri Nikol Paşinyan arxiyepiskop Baqratın rəhbərlik etdiyi hərəkatın mitinqləri fonunda erməni apostol kilsəsinin tarixən "təsir agenti" olduğunu bəyan edib: "Erməni xalqının tarixində olub ki, orta əsrlərdə din xadimləri xeyir-dua almaq üçün Bizansa gedirdilər, geri qayıdanda isə "təsir agenti"nə çevrilirdilər. Deyəsən, indiyə qədər onlar üçün heç nə dəyişməyib. Amma iki-üç aya biz bu məsələni həll edəcəyik".

Ramidə YAQUBQIZI,

"Respublika".