Hayastanla Qərbin təmənnalı ittifaqı
Siyasət

Hayastanla Qərbin təmənnalı ittifaqı

Ermənistan son zamanlarda öz qeyri-konstruktiv ritorikasının tempini artırıb. Rəsmi İrəvan ölkəmizi savaşa çəkməyə cəhd göstərir. Belə ki, ölkə rəsmiləri sülh haqqında danışsa da, hərəkətləri ilə bunun əksini edirlər. Onlar müxtəlif açıqlamalarla özlərini təmizə çıxarmağa, "top"u Azərbaycanın üzərinə atmağa çalışırlar. Lakin dövlət başçısı dəfələrlə bəyan edib ki, Azərbaycan sülh müqaviləsinin imzalanmasını istəyir və bu proses hər zamankından daha yaxındır.

Müdafiə Nazirliyi 31 mart 2024-cü ildə şərti sərhədin müxtəlif istiqamətlərində erməni silahlı birləşmələrinin və döyüş texnikasının cəmləşdirilməsi barədə rəsmi məlumat yayıb. Aprelin 1-də yayılan növbəti məlumatda isə videofaktlar təqdim olunmaqla bildirilib ki, şərti sərhəd boyu Ermənistanın qoşunlarını cəmləşdirməsi və hücum xarakterli dayaq məntəqələrini qurması, müxtəlif istiqamətlərdə uzunmüddətli atəş nöqtələri yaratması, fortifikasiya qurğularını inşa etməsi bölmələrimizin sərəncamında olan xüsusi texniki vasitələr və vizual müşahidə ilə qeydə alınıb. Aprelin 1-də isə saat 22:00-dan 22:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

İkinci Qarabağ müharibəsindən sonra Ermənistan Rusiyanın rəsmi İrəvana dəstək olmadığını iddia edərək Moskvadan uzaqlaşmağa, daha sonra Qərblə yaxınlaşmağa başladı. Hazırda Ermənistanın baş naziri Nikol Paşinyan onların tapşırıqlarını yerinə yetirir. N.Paşinyan hakimiyyəti KTMT-də iştirakını dondurub. Bu da ABŞ-ı növbəti anti-Rusiya cəbhəsini yaratmağa həvəsləndirib. İrəvanın hazırkı dağıdıcı ritorikasında Qərbin nə qədər payı var deyə bilmərik. Ancaq aylardır Ermənistana daşınan silahlara, keçirilən hərbi təlimlərə istinad edə bilərik. Bütün ölkələr müdafiə potensialını inkişaf etdirmək üçün zaman-zaman silah alışı həyata keçirir, hərbi təlimlər təşkil edir. Lakin İrəvan bunu sülh sazişinin imzalanmaq üzrə olduğu bir vaxtda reallaşdırır. Bu da müxtəlif suallar yaradır.

Bildiyimiz kimi, aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistan görüşünün keçirilməsi gözlənilir. Görüşdən qabaq rəsmi İrəvan adəti üzrə müxtəlif təxribatlara başlayıb. Ermənistan ölkəmizlə sərhədə qoşun toplayır, üstəlik ərazilərimizi bir neçə istiqamətdə atəşə tutur. Bu hərəkətlər Ermənistanın sülhdən uzaq, təxribata yaxın siyasətinin sübutudur. Ermənistan anti-Azərbaycan siyasətinin davamı üçün uyğun şəraiti təmin etmək istəyir. Lakin unutmaq olmaz ki, hər bir ölkənin təxribatlara cavab vermə haqqı var. Azərbaycanın da bu halda güc tətbiq etməsi normal qəbul ediləcəkdir.

ABŞ Ermənistanda anti-Rusiya kampaniyasının reallaşdırılmasına hədəflənmiş növbəti cəbhəsini yaratmaq istəyir. Qərbin hazırkı gündəliyində Ermənistanın hansı vasitələrlə silahlandırılacağı, onun hərbi və siyasi məsələlərə hansı aspektdən yanaşacağı ilə bağlı məsələlər yer alır. Ermənistan iqtisadi cəhətdən Rusiyadan asılı olmasına baxmayaraq, öz keçmiş forpostundan artıq uzaqlaşmaq istəyir. Bu uzaqlaşma ehtimalında isə öz təhlükəsizliyinə təminat lazımdır. Bu cəhətdən ABŞ-a yaxınlaşmaq rəsmi İrəvan üçün cəlbedici görünür. Avropa İttifaqı və ABŞ da Rusiyaya qarşı növbəti cəbhənin yaradılmasında maraqlıdır. Lakin Ukrayna ssenarisi göz qabağındadır. Ermənistan Ukraynadan qat-qat zəif bir ölkədir. Rusiyanın potensial hücumu ehtimalında Qərbin Kiyevi tək qoyduğu kimi, İrəvanı da Rusiyanın qabağına yem kimi atacağı aydın olacaq. N.Paşinyan isə reallıqları görmür. Baş nazir NATO, Aİ xəyalları ilə görüşə tələsir.

5 aprel görüşü ilə bağlı deyilir ki, bu, regional münasibətlər baxımından inklüziv mahiyyət daşıyır, Ermənistanın inkişafı ilə bağlı məsələləri müzakirə etməyə yönəlib. Regionda isə ən aktiv aktorlardan biri məhz Azərbaycandır. Ölkəmizin iştirakı olmadan keçirilən görüşün "məsum niyyətlə" reallaşdırılması ehtimalı absurd səslənir. Ermənistanın inkişafı məsələsi isə daha gülməlidir. İllər boyu işğaldan əziyyət çəkən ölkəmiz olub. Torpaqlarımız vandallığa məruz qalıb, bir milyona yaxın məcburi köçkünün taleyi heç kəsi düşündürməyib. Bütün bunlara göz yumanların indi İrəvanın inkişafını düşünməsi birtərəfli yanaşmanın aşkar sübutudur.

Qərb ehtiyatlı hərəkət edərək Ermənistanı davamlı sülhə nail olmaq üçün səbirli olmağa çağırır. 44 günlük müharibənin və Azərbaycan ərazilərinin azad edilməsinin nəticələri Qərbi narahat etsə də, artıq Cənubi Qafqazda yeni dövr başlayıb. Azərbaycan xalqının qətiyyəti işğal mənzərəsini yox edib. Bir vaxtlar ikinci erməni dövləti qurmaq arzularının gerçəkləşdirildiyi Xankəndinin mərkəzindəki Zəfər Meydanı xalqımızın sarsılmaz ruhunun göstəricisinə çevrilib.

Nurcan SÜLEYMANOVA,

"Respublika".