Həssas qrupdan olan şəxslərin məşğulluğuna dəstək
Sosial həyat

Həssas qrupdan olan şəxslərin məşğulluğuna dəstək

Bu sahədə Latviya ilə əməkdaşlıq həyata keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və Latviya Respublikasının Rifah Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi arasında əməkdaşlıq istiqamətlərinə dair Fəaliyyət Planı imzalanıb. Sənədi Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli  və Latviyanın Rifah Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin direktoru Evita Simsone imzalayıblar.

 Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, görüşdə M.Abbasbəyli Azərbaycanla Latviya arasında ikitərəfli əlaqələrdən bəhs edib, sosial sahədə  əməkdaşlıq əlaqələrinin də ildən-ilə genişləndiyini vurğulayıb. Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri, son illər məşğulluq sahəsində aparılan islahatlar, rəqəmsal məşğulluq xidmətlərinin qurulması istiqamətində əldə olunan nailiyyətlər barədə məlumat verilib. "Əmək və Məşğulluq" altsisteminin “IDDA Awards” müsabiqəsində “İlin Rəqəmsal Layihəsi” nominasiyası üzrə qalib elan edildiyi qeyd olunub.

E.Simsone rəhbərlik etdiyi qurumun 17 əsas missiya üzrə fəaliyyət göstərdiyini və Fəaliyyət Planı üzrə həyata keçiriləcək əməkdaşlığın qarşılıqlı faydalı olacağını bildirib. Fəaliyyət Planına əsasən iki qurum arasında 2023-cü ildə sosial cəhətdən həssas qrupdan olan vətəndaşların məşğulluq imkanlarının genişləndirilməsi, gənclər arasında işsizliyin qarşısının alınması üzrə təcrübə mübadilələri həyata keçiriləcək.

Mustafa Kamal,

“Respublika”.