İqtisadçı: “Fransa da bizim mövqeyimizi tam müdafiə etməlidir, əks halda...”
Gündəm

İqtisadçı: “Fransa da bizim mövqeyimizi tam müdafiə etməlidir, əks halda...”

“Hələ 1994-cü ildə bağlanan böyük neft kontraktında “Total”ın 5 faiz payı var idi, hazırda Abşeron yarımadasında qaz yataqlarımızda isə payı 50 faizə çatıb”.

Bu sözləri “Respublika”ya açıqlamasında iqtisadçı-ekspert Eyyub Kərimli deyib.

İqtisadçı bildirib ki, “Total”ın iqtisadi maraqları bizim siyasi maraqlarımızın təmin edilməsində əhəmiyyətli rol oynamalıdır: "Belə ki, “Total” böyük şirkətdir və Fransada böyük təsir imkanları var. Bilirsiniz ki, Fransa, ümumilikdə Avropa neft idxalından bizdən böyük səviyyədə asılıdır. Çünki Rusiya-Ukrayna müharibəsi çərçivəsində hazırda Avropanın neft və qaz asılılığı çox əhəmiyyətli səviyyədədir. Bu baxımdan, həm də Fransanın Afrika ölkələrindən sıxışdırılıb çıxarılması neft idxalına böyük əngəllər törədir. Bu baxımdan hesab edirəm ki, “Total”ın burada iqtisadi maraqları daha çox üstünlük təşkil etməlidir və siyasi maraqları tənzimlənməlidir. Həmçinin Rusiya  Fransanın siyasi təzyiqlərinin qarşısını almalıdır. Əks halda, “Total”ın burada fəaliyyət göstərməsi sual altında ola bilər. Bu baxımdan düşünürəm ki, iqtisadi maraqlar daha çox üstünlük təşkil edəcək”.

Ekspert qeyd edib ki, ""Total" Azərbaycanda tarixən fəaliyyət göstərib və hazırda bura  böyük investisiya yatırmağı planlaşdırır: "Bu baxımdan, şirkət gələcəkdə də böyük gəlirlər əldə etməyi proqnozlaşdırır və öz investisiyalarını qorumaq, gəlirlər əldə etmək üçün Fransa da bizim mövqeyimizi tam müdafiə etməlidir. Əks halda bu, onun böyük iqtisadi zərərlə çıxmasına səbəb olacaq. Düşünürəm ki, bu baxımdan cənab Prezident tərəfindən uğurlu siyasət aparılır. Tarixən olduğu kimi, bu gün də “Total”ın rəhbəri ilə görüş keçirilməsi hesab edirəm ki, bizim siyasi mövqelərimizin möhkəmləndirilməsinə öz təsirini göstərir”.

Töhfə SƏMƏDOVA,

“Respublika”.