İtirilmiş arzular, gələcəyin işığını tapmaq üçün sosial oyanış
Sosial həyat

İtirilmiş arzular, gələcəyin işığını tapmaq üçün sosial oyanış

25 may – Beynəlxalq İtkin Düşmüş Uşaqlar Günüdür

Etan Patz 25 may 1979-cu ildə evindən çıxdı və məktəb avtobusuna minmək üçün dayanacağa doğru getdi. Lakin balaca uşaq həmin gün dərslərdə iştirak edə bilmədi. Bu xəbər çox sürətlə yayıldı. Etanın atası, peşəkar fotoqraf Stan Patz çəkdiyi fotoşəkillərlə hər yerdə uşağını axtarmağa başladı. Bundan sonra ölkədə hamı Patzı axtarmaq üçün səfərbər oldu.

İctimai marağın artması nəticəsində hakimiyyət yüzlərlə polis əməkdaşını axtarışa yönəltdi. Ancaq illər keçdi və 2001-ci ildə balaca Patz rəsmi olaraq ölü kimi qeydə alındı və onun cinayətkarı müəyyən edilmədi. Həmin dövrdə Amerika Birləşmiş Ştatlarının prezidenti Ronald Reyqan bu tarixi milli miqyasda İtkin Düşmüş Uşaqlar Günü elan etdi. Daha sonra bir çox ölkələr də ABŞ-ın bu qərarına uyğun olaraq itkin düşən uşaqların xatirəsini yad etməyə başladılar. Beləliklə, hər il 25 may bütün dünyada Beynəlxalq İtkin Düşmüş Uşaqlar Günü kimi qeyd olunur.

Bu əhəmiyyətli tarix itkin düşən və ya qaçırılan uşaqların xatirəsini yaşatmaq, ailələrin ağrısını bölüşmək, itkin düşən uşaqların tapılması üçün cəmiyyəti səfərbər etmək məqsədi daşıyır. İtkin düşmüş və ya oğurlanmış uşaqların ailələrinə dəstək verməklə yanaşı, Beynəlxalq İtkin Düşmüş Uşaqlar Günü həm də bu cür hadisələrlə bağlı ictimaiyyəti məlumatlandırmağa xidmət edir. Çünki Avropada hər iki dəqiqədən bir uşaq yoxa çıxır. Bu statistika ABŞ-da hər 40 saniyədən bir qeydə alınır. Bu səbəbdən də Beynəlxalq İtkin Düşmüş Uşaqlar Günündə itkinlərin qarşısının alınması üçün sosial tədbirlərin görülməsinin vacibliyi vurğulanır. Bu münasibətlə təşkil olunan tədbirlərdə diqqətə çatdırılır ki, uşaqların təhlükəsizliyini artırmaq üçün məktəblərdə, məhəllələrdə və onlayn platformalarda təhlükəsizlik tədbirləri görülməli, azyaşlılar mümkün risklər barədə maarifləndirilməlidirlər. Bu xüsusda, balacaların olduqları məkanı izləməyə imkan verən texnoloji alətlərin hazırlanması da vacibdir. Digər tərəfdən, Beynəlxalq İtkin Düşmüş Uşaqlar Günü cəmiyyəti, xüsusən də böyükləri uşaqların üzləşdikləri çətinliklərə və iztirablara qarşı həssas olmağa çağırır. Ümumiyyətlə, cəmiyyətin uşaqları qorumaq öhdəliyi var və 25 may tarixində bu məsuliyyət xatırladılır. Sözügedən gün çərçivəsində sosial şüurun artırılması ilə uşaq istismarının qarşısının alınması da hədəflənir.

Beynəlxalq ictimaiyyətin əməkdaşlığı və koordinasiyası da itkinlərin taleyi ilə bağlı məsələnin həllində mühüm rol oynayır. Bu baxımdan, Beynəlxalq İtkin Düşmüş Uşaqlar Günü, həmçinin itkin düşmüş uşaqların tapılması və qaytarılması üçün qlobal səyləri də təşviq edir. Reallığa nəzər salsaq, bu məsələ kifayət qədər əhəmiyyətlidir. Belə ki, Birinci Qarabağ müharibəsi zamanı əsir və itkin düşmüş, girov götürülmüş Azərbaycan vətəndaşları arasında uşaqlar az olmayıb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Rəsmi qeydiyyata alınmış itkinlərin 71 nəfəri uşaqlardır. Ermənistan isə bu uşaqların saxlanılması faktını beynəlxalq təşkilatlardan gizlədərək, onların sonrakı taleyi barədə indiyədək məlumat vermir. Rəsmi İrəvan 25 may tarixinin humanizmindən faydalanaraq bu barədə rəsmi Bakını məlumatlandıra bilər. Axı qlobal səviyyədə qeyd edilən bu gün həm də övladlarını itirən ailələrə ümid verir.

Qısaca desək, bu özəl tarixin əsas məqsədi hər kəsi hələ də itkin düşən uşaqlar haqqında düşünməyə təşviq etməkdir. 25 may - Beynəlxalq İtkin Düşmüş Uşaqlar Günündə bu problemin nə qədər böyük olduğu izah edilir, cinayət qurbanı olan uşaqlar anılır, itkin düşən uşaqların tapılmasına inam rəmzi olaraq havaya şarlar buraxılır.

Jalə QASIMZADƏ,

"Respublika".