“Fransa bir çox ölkənin arzusunda olduğu hərbi texnikanı Ermənistana verəcək”.
"Respublika" xəbər verir ki, bunu Fransanın Ermənistandakı səfiri Olivye Dekottini “Politico” qəzetinə açıqlamasında bildirib.
Bildirilir ki, son aylarda zavod üç ədəd ən müasir “GM 200” radarını məhz bu ölkəyə ixrac edib.
Qəzetin əməkdaşı Laura Kayali hərbi təyinatlı məhsulların böyük hissəsini Ermənistana ixrac edən müəssisədə olub. Ona məlumat verilib ki, Parisdən 50 kilometr cənubda, Limurda yerləşən və “Thales” şirkətinə məxsus olan bu zavod əsasən “Ground Master” adlanan və hava məkanının müşahidəsi üçün nəzərdə tutulan müasir avadanlıqların istehsalı ilə məşğuldur. Bildirilib ki, şirkətin ən böyük sifarişçisi Fransa dövlətidir. Buna səbəb isə odur ki, rəsmi Paris şirkətin məhsulu olan hərbi müşahidə vasitələrini Ermənistana göndərməyi qərarlaşdırıb.
L.Kayali yazır ki, ona son dövrlər Emmanuel Makronun tapşırığı ilə zavodun istehsal gücünün dəfələrlə artırıldığı barədə məlumat verilib. O da bildirilib ki, bu faktor daha çox dünyada münaqişə zonalarının artması ilə əlaqədardır. Fransa lideri xalqa ənənəvi Yeni il müraciətində də məhz bu məqama toxunub. Bəyan edib ki, son iki ildə ölkədəki müdafiə sənayesi müəssisələri istehsal həcmini artırsa da, bu, tələbatın təmin olunmasına kifayət etmir.