Konstitusiya Məhkəməsinin sədri Moldovada beynəlxalq tədbirdə iştirak edib
Gündəm

Konstitusiya Məhkəməsinin sədri Moldovada beynəlxalq tədbirdə iştirak edib

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Moldova Respublikası Konstitusiya Məhkəməsinin sədri Domnika Manolenin dəvəti ilə Kişineuya səfər edib.

Səfərin məqsədi Avropa Konstitusiya Məhkəmələri Konfransının XIX konqresində iştirak etmək olub.

Konqresin açılışında Moldova Prezidenti və bir sıra dövlət orqanlarının rəhbərləri iştirak ediblər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Moldova Respublikası Konstitusiya Məhkəməsinin və Avropa Şurası Venesiya Komissiyasının sədrlərinin açılış nitqləri ilə başlayan tədbirin praktiki hissəsində Avropanın 36 ölkəsinin konstitusiya ədalət mühakiməsi orqanlarının nümayəndə heyətləri iştirak ediblər.

Konqresdə Konstitusiya məhkəmələri ilə beynəlxalq məhkəmələr arasında qarşılıqlı əlaqələr, Konstitusiya məhkəmələrinin fəaliyyətində siyasi və hüquqi məsələlər, fövqəladə vəziyyət dövründə konstitusiya prinsiplərinin qorunması ilə bağlı mövzular ətrafında məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb. Bununla yanaşı, Konfransın Nizamnaməsinə əsasən, Avropa konstitusiya ədalət mühakiməsi orqanlarının sədrlərinin iclasında təşkilati aspektlər, Avropa Konstitusiya Məhkəmələri Konfransına üzvlüyə qəbul, maliyyə və büdcə məsələləri, Konqresin yekun Bəyannaməsi, habelə təşkilata sədrliyin Albaniya Respublikasının Konstitusiya Məhkəməsinə təhvil verilməsi haqqında qərar qəbul edilib. Konqresin sonunda yekun Bəyannamə qəbul olunub.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin nümayəndə heyəti səfər çərçivəsində Azərbaycanın Moldovadakı səfirliyində olub, Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzərək xatirəsini dərin ehtiramla yad edib.

Konstitusiya Məhkəməsinin səfəri çərçivəsində keçirilən tədbir və görüşlərdə Azərbaycanın Moldovadakı səfiri Ülvi Baxşəliyev də iştirak edib.

“Respublika”.