Laçın diplomatlarda xoş təəssürat yaradıb
Sosial həyat

Laçın diplomatlarda xoş təəssürat yaradıb

Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycan beynəlxalq arenada yüksək sosial-iqtisadi inkişaf və dayanıqlı ictimai-siyasi sabitliyə nail olan ölkə kimi tanınır. İkinci Qarabağ müharibəsində qazandığımız şanlı Zəfər ölkəmizin nüfuzunu daha da yüksəldib. Otuz ildən sonra beynəlxalq hüququ öz gücü ilə döyüş meydanında bərpa etməsi Azərbaycana beynəlxalq baxışın dəyişməsinə səbəb olub. Bununla da dünya birliyi ölkəmizin real gücünü dərk edib, regionun lider dövləti, beynəlxalq aləmin əsas aktorlarından biri kimi qəbul edib.

Ölkəmiz qlobal xarakterli mötəbər tədbirlərin öhdəsindən layiqincə gəldiyini hər zaman sübut edib. Azərbaycan 2019-2023-cü illər ərzində BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına uğurla sədrlik edib və qurum daxilində bir çox layihələrin təşəbbüskarı kimi ilklərə imza atıb. Məlum olduğu kimi, dünya ictimaiyyəti ölkəmizə daha bir böyük etimad göstərib. Ötən il beynəlxalq birlik tərəfindən ölkəmizin 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirilməsi növbəti tarixi nailiyyətdir. Bu Qoşulmama Hərəkatına sədrlik və Təhlükəsizlik Şurasına üzvlükdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Azərbaycan COP29-a ev sahibliyi çərçivəsində hazırlıq işlərini yüksək peşəkarlıqla davam etdirir. Şübhə yoxdur ki, ölkəmiz bu mötəbər tədbirə uğurla evsahibliyi edəcək.

Qarabağ və Şərqi Zəngəzur təxminən 4 il əvvəl işğaldan azad ediləndən sonra hazırda beynəlxalq tədbirlərin keçirildiyi ünvana çevrilib. Mayın 24-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri - səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların təmsilçiləri Laçın İqlim Fəaliyyəti Dialoqu çərçivəsində COP29 ilə əlaqədar təqdimat mərasimində iştirak ediblər. Burada müzakirə olunan əsas mövzular COP29-a hazırlıq, Laçında, eləcə də Qarabağda aparılan yenidənqurma işləri ilə bağlı olub. Diplomatik korpusun nümayəndəliklərinə Laçında həyata keçirilən bərpa və yenidənqurma işləri haqqında məlumat verilib. Qonaqlar Zerti Aqro-Sənaye Parkında olublar və diplomatlar buradakı heyvanlar, yem istehsalı, həmçinin göyərti və pomidor becərilməsi üçün konteyner tipli təsərrüfatlar barədə məlumatlandırılıblar. Daha sonra diplomatik korpusun nümayəndələri "Hoçazfilm" studiyasına gəliblər. Bildirilib ki, çoxşaxəli yaradıcılıq məkanı olan "Hoçazfilm"in perspektiv fəaliyyət istiqamətləri genişdir. Diplomatlar Qarabağ və Şərqi Zəngəzur ərazisində ekosistemin bərpasına töhfə vermək məqsədilə Həkəri çayının Laçın rayonu ərazisindən keçən hissəsinə forel balıqlarının buraxılması prosesini də izləyiblər. Sonra 28 May - Müstəqillik Gününə həsr olunan "Xalça belə yarandı" sərgisinin açılışı olub. Sərgidə milli xalçalarla yanaşı, müxtəlif dizaynlarda hazırlanmış sənət nümunələri də nümayiş etdirilib.

İşğaldan azad edilmiş hər bir bölgə kimi Laçında da yenidənqurma və təmir-bərpa işləri sürətlə davam edir. Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov tədbirdə bildirib ki, 2023-cü ilin sentyabrından indiyə kimi Laçında 700-dən çox ev və yaşayış kompleksi inşa edilib. Biz Laçının Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilməsi ilə qürur duyuruq. Laçınlı keçmiş məcburi köçkünlərin artıq doğma evlərinə geri qayıtdıqlarını qeyd edən xüsusi nümayəndə deyib: "Bir il əvvəl keçmiş məcburi köçkünlərin ilk hissəsi Laçına qayıtdı və burada Prezident İlham Əliyev yeni evlərin açarlarını onlara təqdim etdi. Bu gün 730 ailə - 2766 nəfər Laçın rayonuna qayıdıb. Laçın şəhərində, Zabux və Sus kəndlərində keçmiş məcburi köçkünlər üçün qısa müddətdə hər cür şərait yaradılıb. 2026-cı ilin sonuna qədər 12 min insanı öz evlərinə qaytarmağı düşünürük".

Qeyd edək ki, hazırda Laçın şəhərində - 493 ailə, 1838 nəfər, Sus kəndində - 20 ailə, 75 nəfər və Zabux kəndində isə - 217 ailə, 823 nəfər yaşayır.

İşğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq, bərpa-yenidənqurma işlərinin möhtəşəmliyi və qısa zaman ərzində keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına hissə-hissə qayıtması xarici qonaqların diqqətindən kənarda qalmır. Dövlət başçısının Laçına səfərləri çərçivəsində hər bir layihənin açılışında və təməlqoyma mərasimində iştirak etməsi burada görülən işlərin diqqət və qayğı ilə aparıldığını göstərir. Prezident İlham Əliyevin Laçın rayonuna son səfərində Sus kəndinə köçmüş sakinlərlə görüşüb, kiçik su elektrik stansiyalarının açılışında iştirak edib. Qeyd edək ki, 25 hektar ərazini əhatə edən Sus kəndində 13 ikiotaqlı, 28 üçotaqlı, 14 dördotaqlı və 4 beşotaqlı fərdi ev tikilib. Kənddə 132 yerlik orta məktəb, 50 yerlik uşaq bağçası da inşa olunub. Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün istirahət parkı və müxtəlif uşaq meydançaları yaradılıb. Tamamilə yenidən tikilərək istifadəyə verilən kəndə ümumilikdə 59 ailə - 214 nəfərin köçürülməsi nəzərdə tutulur. Hazırda kəndə 20 ailənin (75 nəfər) köçürülməsi təmin olunub.

Ölkə başçısının açılışında iştirak etdiyi "Zabux" KSES 2,8 MVt, "Qarıqışlaq" KSES isə 4 MVt gücündədir. "Zabux" KSES-də il ərzində 8-9 milyon, "Qarıqışlaq" KSES-də il ərzində 11-12 milyon kilovat-saat yaşıl enerji istehsal ediləcək. Stansiyaların enerjisistemə inteqrasiyası üçün yeni yarımstansiyalar tikilib, 35 kV-luq yeni elektrik verilişi xətti çəkilib. Yeni optik kabel xətti çəkilməklə stansiyalar ölkə enerjisisteminin mərkəzləşmiş SCADA sisteminə qoşulub. Nəticədə rəqəmsal qaydada açılıb-qoşulma, intellektual idarəetmə, operativ monitorinq və təhlil aparılması mümkün olub, stansiyalara Bakıdan nəzarətin əlçatanlığı təmin edilib. Zabux çayının tam olaraq Azərbaycan ərazisində formalaşan, bolsulu və itiaxan dağ çayı olduğunu nəzərə alsaq, mövsümlərdə də bu stansiyanın məhsuldar istismarı mümkün olacaq.

Prezident İlham Əliyevin bu günə kimi imzaladığı sərəncamlar Laçın rayonunun inkişafına xüsusi təkan verib. "Laçın şəhəri, 2 nömrəli tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında", "Laçın rayonu, Zabux kənd tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında", "Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında" Sərəncamların qüvvəyə minməsi nəticəsində rayon müasir tələblərə uyğun olaraq yenidən qurulub.

Musa BAĞIRLI,

"Respublika".