Lobbi fəaliyyəti, yoxsa terrorçuluq?!
Siyasət

Lobbi fəaliyyəti, yoxsa terrorçuluq?!

Livanda fəaliyyət göstərən erməni lobbisinin təmsilçiləri yenidən Azərbaycan səfirliyinin qarşısında təxribata əl atıblar. Belə ki, "Daşnaksütyun" partiyasının nümayəndələri Azərbaycanın Qarabağ bölgəsindəki separatçı qurumun özünü ləğv etdiyini elan etməsindən sonra səfirliyin binasına hücuma cəhd ediblər. Nəticədə aksiya iştirakçıları ilə Livan polisi arasında ciddi qarşıdurma yaşanıb. Sayı 1500 nəfərə yaxın olan ermənilər səfirliyin binasına soxulmağa çalışsalar da, polisin müdaxiləsi nəticəsində onlar ərazidən uzaqlaşdırılıb.

Xatırladaq ki, Livanda belə hadisələrin baş verməsi artıq ənənəvi hal alıb. Bundan öncə də dəfələrlə Beyrutdakı səfirliyimizə qarşı belə hücumlar olub. Ən son avqustun 30-da Azərbaycan Respublikasının Livandakı səfirliyi qarşısında aksiya keçirən erməni əsilli şəxslər səfirliyimizin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin binasına atıblar. Həmin hücumla bağlı cinayətkarların aşkarlanması və həbs edilməsi məqsədilə Livanın Xarici İşlər Nazirliyinə müvafiq nota verilib.

Ermənilərin diplomatik korpuslarımıza etdiyi hücumlar təkcə Livanla yekunlaşmır. Vətən müharibəsindən sonra analoji hadisələr ABŞ, Gürcüstan, Fransa və Böyük Britaniyada da qeydə alınıb. Bütün bu hadisələrə nəzər yetirdikdə ilkin fikir ondan ibarət olur ki, ermənilər xarici ölkələrdə lobbi fəaliyyətilə deyil, əslində terrorçu qruplar formalaşdırmaqla məşğul olurlar.

Məsələ ilə bağlı fikirlərini bildirən politoloq Tural İsmayılov da qeyd edib ki, bu gün özünü Livanda erməni diasporu kimi təqdim edənlər əslində faşist və terrorçu xislətli insanlardır: "Təəssüflər olsun ki, Livanda artıq neçənci dəfədir ki, Azərbaycan səfirliyinə bu tip hücumlar həyata keçirilir və əvvəlki tendensiyalar davam etdirilir. Bu da onu göstərir ki, tarixin müxtəlif dövrlərində Livana köçürülmüş və orada məskunlaşmış ermənilər bu gün özlərini erməni diasporası kimi təqdim edirlər. Ona görə də bu ölkədə ASALA təfəkküründə olan bir cəmiyyət formalaşıb. Bu dırnaqarası cəmiyyət hər bir məsələdə Azərbaycan və Türkiyə əleyhinə provokasiyalar təşkil etməklə məşğuldurlar. Qeyd etdiyim kimi, artıq neçənci dəfədir ki, Livanda yaşayan erməni lobbisi Azərbaycan səfirliyinin ətrafında xuliqanlıq, quldurluq və terrora cəhd hərəkətləri edirlər. Görünür, Livanın rəsmi strukturları prosesə yanaşmada müəyyən qədər səhlənkarlıq göstərib. Etiraf etmək lazımdır ki, Azərbaycan səfirliyinə qarşı bundan əvvəlki təxribat cəhdində Livan orqanları məsələyə kifayət qədər yaxşı yanaşma göstərdilər.

44 günlük Vətən müharibəsində qazandığımız qələbə və eyni zamanda, ondan sonrakı dövrdə Azərbaycanın Xankəndi və ətrafında keçirdiyi lokal antiterror tədbirlərindən sonra Azərbaycan səfirliklərinə, konsulluqlarına qarşı təxribatlar ermənilər tərəfindən dünyanın müxtəlif coğrafiyalarında gerçəkləşəcəkdir və buna görə də ölkələr təkcə Azərbaycan səfirliyini deyil, bütün ölkələrin səfirliklərini qorumağa borcludurlar. Necə ki, bu gün Azərbaycanda bütün xarici ölkələrin diplomatik missiyalarının təhlükəsizliyi ən yüksək səviyyədə mühafizə edilir. Həmin xarici ölkələrdə də Azərbaycan səfirliklərinin təhlükəsizliyini və eyni zamanda mövcudluğunu ən yüksək səviyyədə təmin etməlidirlər. Belə olmayacağı təqdirdə, hesab edirəm ki, səfirliklərimizin yerləşdiyi ölkələr dünyada nüfuzdan düşəcəklər. Çünki İranda Azərbaycan səfirliyinə qarşı həyata keçirilən terror hücumundan sonra diplomatik missiyaların və konsulluqların fəaliyyətinin normal şəkildə qorunmadığı, təhlükəsizlik məsələlərinin ciddi şəkildə həll edilməməyi ilə bağlı haqlı şübhələr və iradlar formalaşdı. Bu baxımdan, hesab edirəm ki, Livandakı səfirliyimizə hücum cəhdi bir daha onu göstərir ki, ölkələrin erməni lobbilərinə qarşı mövqeyi daha sərt və kəskin olmalıdır. Ümumiyyətlə, lobbi adı altında etnik nifrət ruhunda olan qurumların, cəmiyyətlərin, icmaların fəaliyyətləri qadağan edilməlidir".

 

Musa BAĞIRLI,

"Respublika".