Mənəvi keyfiyyətlər insanı ucaldır
Digər xəbərlər

Mənəvi keyfiyyətlər insanı ucaldır

Çox müdrik bir Şərq alimindən soruşurlar ki, nə üçün qadınlardan peyğəmbər yoxdur? Alim cavabında deyir: "Peyğəmbər qadının bətnində dünyaya gəlib. O, peyğəmbərdən də yüksəkdə durur".

Bir çox dahilərin, o sıradan Şeyx Nizaminin əsərlərindəki qadın obrazları öz ağıl və dərrakələri, ismətləri, gözəllikləri ilə gözlərini cəhalət pərdəsi örtmüş şahları, xaqanları tutduqları qəddarlıq, amansızlıq yollarından çəkindirib, xalqının qeydinə qalan ədalət, humanist hökmdara çevirmişdir.

Böyük Məhəmməd Füzulinin təsəvvüründə qadın obrazı,qadın surəti müqəddəs bir varlıq olmuşdur.

Hüseyn Cavid bəşəriyyətin yüksəlişini, məhz qadın yüksəlişində görürdü!

Azərbaycan teatr və dramaturgiyasının inkişafında misilsiz xidmətləri olmuş C.Cabbarlı yazırdı: "Heç bir vahimə, qorxu bilməyən heç bir qüvvə qarşısında əyilməyən, qəhrəman, yalnız Ana qarşısında əyilir, ona səcdə qılır".

Mehriban və zərif olduğu qədər də qətiyyətli, mətin iradəli Azərbaycan qadını, vətən övladı üçün hər vaxt toxunulmazlıq mücəssəməsi olmuş, onun varlığı, isməti-namusu, qeyrət meyarı kimi hər zaman cəmiyyət tərəfindən dəyərləndirilmişdir.

Bu təlatümlü, qarışıq dünyamızda yaxşı bir insan haqda yazmaq istəyərkən, saatlarla fikirləşib, götür-qoy edirsən. Azərbaycan ədəbiyyatında, dilində 100 minə yaxın söz olmasına baxmayaraq, fikrini, o təəssüratını, bir yerə toplamaqda çətinlik çəkirsən.

Bəzən də, haqqında yazacağın adamın kimliyi səni hərtərəfli qane etdiyindən, sözlər bir-bir növbəyə durur. Sənsə özün-özünə hesab verirsən, görən bu şəxsə hansı, nə kimi sözlər ünvanlansa daha yaxşı olar?!

Onda bir qədər fikirləşib, dəyərli sözləri sıraya düzməyə başlayırsan.

Dünya yaranan gündən cəmiyyətin inkişafında hər bir peşə, sənət sahibləri öz sözlərini deyib, cəmiyyətin inkişafına töhfələrini vermişlər.

Bunlardan ən dəyərlisi, ən ümdəsi insanın sağlamlığı uğrunda mübarizə aparan həkimlərdir.

Cəmiyyətdə elə peşə sənət sahibləri var ki, onlar gördükləri əməli fəaliyyətlərini reklam etdirməkdən imtina edib, xoşlamırlar. Lakin onların əməli fəaliyyətləri insanlar, mühit, cəmiyyət tərəfindən dəyərləndirilir.

Həkimlik sənəti də belələrindəndir. Bu gün bu qarışıq, təlatümlü dünyada bizə daha çox fəzilətli insanlar lazımdır.

Heç də təsadüfi deyildir ki, qədim yunan filosofu Sokrat insanlarda fəzilət yaratmaq yolları aşılamağı, ən ali məktəb adlandırmışdı.

Bəs kimdir mənim qəhrəmanım?

Haqqında danışmaq istədiyim Sumqayıt şəhərində müxtəlif kateqoriyadan olan, onlara mənəvi qida verən, Sumqayıt Şəhər Tibb Mərkəzinin şöbə müdiri Səkinə Sadıxovadır.

Səkinə xanım haqda bir sıra insanlardan eşitmiş, onunla təmasda olmamışdım. Bu üzbəüz görüş, bir təsadüfdən yaranmışdı.

Kaş belə idarə müəssisə rəhbərlərinin sayı çox olaydı. Bu yolda sizə uğurlar diləyirəm.

Bəlkə də Səkinə xanımın belə yaşadığı geniş dünyagörüşünə, fərqli insani keyfiyyətlərə malik olmasında, anadan olduğu Cəbrayıl rayonu, sonradan ailə qurub yaşadığı Laçın rayonunun dağlarının ab-havasının, soyuq bulaqlarının da böyük təsiri olmuşdur. Hər bir halda öz yaxşı işi, yaxşı əməlləri ilə o, hamının hörmətini qazanıb.

Mayis YANARDAĞ,

yazıçı-publisist.