Milli təhlükəsizlik məsələlərində israrlıyıq
Gündəm

Milli təhlükəsizlik məsələlərində israrlıyıq

Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal antiterror tədbirlərinin uğurla başa çatmasından qısa bir müddət keçməsinə baxmayaraq, artıq bölgədən sevindirici xəbərlər ard-arda gəlməkdədir. Belə ki, bir müddət öncə Azərbaycana qarşı sona qədər döyüşəcəyini və Qarabağın ayrıca "dövlət" olduğunu bildirən Ruben Vardanyan dövlətimizin hüquq-mühafizə sisteminin əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunub və məhkəmənin qərarı ilə haqqında həbs qətimkan tədbiri seçilib. Baş verən hadisə bir daha təsdiq edir ki, ərazilərimizdə terrorçuluğu maliyyələşdirən, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak edən hər bir separatçı məsuliyyətə cəlb olunacaq. Bundan başqa, separatçı rejim artıq qondarma "dövlətin" buraxıldığını da elan edib ki, bu da xəyalpərəst erməni terrorçularının dövlətçilik oyununun sona çatdığının təsdiqidir.

Mövzu ilə bağlı siyasi şərhçi İlyas Hüseynov fikirlərini bölüşüb. Ekspert bildirib ki, Azərbaycan keçirdiyi lokal antiterror tədbirləri nəticəsində suverenliyini tam bərpa etmiş oldu. "Sentyabrın 21-də əldə olunan uğurdan sonra yekun nəticəni görməkdəyik. Çünki separatçı qurum artıq ləğv olundu, özünü buraxdı. Bu, Azərbaycan ordusunun, eləcə də ali siyasi rəhbərliyinin böyük səriştəsi, məharəti hesabına baş verdi.

Eyni zamanda, bu proseslərin məntiqi yekunu kimi Azərbaycanın suverenliyinə qarşı ərazi iddiaları ilə çıxış edən, revanşist ideologiyanı rəhbər tutan bir sıra şəxslərin həbs olunması da mühüm bir hadisədir. İctimaiyyət də bunu böyük rəğbətlə qarşılayır. Xüsusilə, Ruben Vardanyanın Dövlət Təhlükəsizliyi Xidmətinə gətirilməsini qeyd etmək istərdim. Burada əməliyyat, istintaq tədbirləri ilə bağlı bir sıra prosedur qaydalarının icrası da əlbəttə ki, Azərbaycanın qələbəsini özündə əks etdirir və eyni zamanda bizim milli təhlükəsizlik məsələlərində nə qədər israrlı olduğumuzu nümayiş etdirir. Düşünürəm ki, bu proses tezliklə yekunlaşacaq.

Burada digər bir vacib məqam isə regionun hərbsizləşdirilməsi, təhlükəsizlik sisteminin gücləndirilməsi və reinteqrasiya prosesinin başlanmasıdır. Azərbaycan dövləti qarşıya qoyulan bütün məqsədlərə çatmaqda israrlıdır. Bizim prioritetlərimiz müəyyən olunub və ölkəmizə qarşı hər hansı iradların, tələblərin irəli sürülməsi yolverilməzdir. Azərbaycan beynəlxalq hüquqa söykənən ədalətli və haqlı mövqe nümayiş etdirir.

Musa BAĞIRLI,

"Respublika".