Müstəqillik uğrunda çarpışan ada
Siyasət

Müstəqillik uğrunda çarpışan ada

Yeni Kaledoniya xalqının illərdir davam edən müstəqillik uğrunda mübarizəsi artıq pik həddə çatıb. Kanaklar Fransanın müstəmləkə siyasətindən qurtulmaq üçün bütün gücü ilə etiraz səsini ucaldırlar.

Ötən həftə paytaxt Numea şəhərində baş verən iğtişaşlar zamanı yüzlərlə insan həbs edilib, üç nəfər isə həyatını itirib. Bununla da Sakit okeanda yerləşən Yeni Kaledoniyada vəziyyət kəskin şəkildə gərginləşib. Müstəqilliyə can atan yerli əhali mübarizəsini davam etdirir. Fransa isə adəti üzrə ada sakinlərinin müstəqillik istəyini güc yolu ilə boğmağa çalışır, etiraz aksiyalarını dağıtmaq üçün əraziyə qoşun yeritməkdən belə çəkinmir. Yerli əhaliyə qarşı zorakılıq tətbiq edən rəsmi Paris məsələnin həlli istiqamətində heç bir müsbət addım atmır. Hazırda baş verən iğtişaşlara səbəb yerli seçkilərdə elektoratın genişləndirilməsi ilə bağlı Fransa konstitusiyasında edilən dəyişikliyə qarşı etirazdır. Qanun layihəsinə əsasən Yeni Kaledoniyada on ildən artıq yaşayan şəxslərin seçkilərdə səsvermə hüququ tanınır. Hazırda 1998-ci ildə imzalanan Noumea müqaviləsinə əsasən seçicilər siyahısında olan vətəndaşlar və onların övladları səsvermə hüququna malikdir.

1853-cü ildən Fransanın tabeliyində olan Yeni Kaledoniya adasının əhalisi 265 min nəfərdir. 2020-ci ildə müstəqilliyini elan etmək üçün keçirdiyi referendumda qələbə qazansa da, Fransa onun müstəqilliyini tanımayıb. Oxşar hadisə ötən əsrin ortalarında da baş vermişdi. Həmin dövrdə Əlcəzair xalqı azadlıq mübarizəsinə qalxdığı zaman Fransa soyqırımı siyasəti aparmış və milyonlarla dinc sakin fransız vəhşiliyinin qurbanı olmuşdur. Aydın məsələdir ki, bu gün rəsmi Paris müstəmləkəsi olan ərazilərə müstəqillik vermək niyyətində deyil. Əksinə, həmin ərazilərin xalqlarına qarşı amansız rəftarı ilə vəziyyəti daha da gərginləşdirir. Əlbəttə ki, özünün "demokratiyanın beşiyi" adlandıran Fransanın hazırkı mövqeyi və atdığı addımlar BMT Təhlükəsizlik Şurasında 5 daimi üzvdən biri olması statusuna ziddir.

Rəsmi Paris baş verənlərdə Azərbaycanı Yeni Kaledoniyanın daxili siyasətinə müdaxilə etməkdə günahlandırır. Fransanın daxili işlər naziri Jerar Darmanin ölkəmizi baş verən  iğtişaşlarla əlaqəli olmaqda ittiham edib. Azərbaycan Xarici İşlər Nazirliyi Jerar Darmaninin Azərbaycanla Yeni Kaledoniyanın müstəqillik tərəfdarlarının liderləri arasında iddia edilən münasibətlərə dair səsləndirdiyi növbəti əsassız fikirləri tamamilə rədd edib. Fransanın bu iddiaları absurddur. Aprelin 18-də Azərbaycan və Yeni Kaledoniya arasında Əməkdaşlıq Memorandumunun imzalanması Fransa tərəfindən qısqanclıqla qarşılanıb və daxili işlər naziri Bakını məhz buna görə tənqid edib.

Öz gözündə tiri görməyən, əsrlərdir müstəmləkə siyasəti yürüdən, Afrika ölkələrinin təbii sərvətlərini mənimsəyən rəsmi Paris yenə də hədyan bəyanatlarından əl çəkmir. Bu ölkə unutmamalıdır ki, Azərbaycan neokalonizmin ifşası uğrunda hər zaman mübarizə aparır. Fransa isə əksinə, bütün dövrlərdə müstəmləkə siyasəti ilə böyük bir coğrafiyanı işğal etmiş dövlətdir. Bu, Makron hakimiyyətinin neokalonist və imperialist siyasətinin Yeni Kaledoniyanın müstəqilliyinə qarşı çıxması istiqamətində riyakar mövqeyidir. İllərdir adada keçirilən referendumlara müdaxilə edərək səsvermə saxtalaşdırılır. Bu xətti davam etdirən dövlət nəinki Yeni Kaledoniyaya qarşı müstəmləkə siyasəti yürüdür, hətta, uzaq sərhədlərə də göz dikir. Buna  Fransanın İkinci Qarabağ müharibəsində qazandığımız qələbədən sonra ölkəmizə qarşı xain mövqeyini göstərə bilərik. Anlaşılan odur ki, rəsmi Parisin məqsədi Afrikada itirdiyi mövqeləri Cənubi Qafqazda bərpa  etməkdir. Bu məqsədlə Ermənistanı silahlandırmaq   məkrli planlarını həyata keçirməyə çalışır.  Cənubi Qafqazda "sülh yaratmaq" uydurmaları ilə öz mənfəəti üçün canfəşanlıq göstərən Makron Ermənistanı silah göndərməklə  Azərbaycana təzyiq göstərmək istəyir. Öz maraqlarını həyata keçirmək üçün Ermənistandan alət kimi istifadə edən Fransanın mövqeyi bəllidir. Terrorçuya, təxribatçıya açıq dəstək verməsi, süni erməni məhəbbəti sərgiləməsi rəsmi Parisin hansı cəbhədən çıxış etməsini bariz şəkildə göstərir. Müstəmləkəçilik siyasətində kifayət qədər təcrübəyə malik olan Fransa 44 günlük Vətən müharibəsində və ondan sonra da bölgədə vəziyyəti gərginləşdirməyə çalışan ölkələr sırasında dayanır.

Hətta Fransanın digər münaqişə ocaqlarına müdaxiləsi kimi Ukraynanı da misal çəkə bilərik. Belə ki, Makronun gah Ukraynaya dəstək nümayiş etdirmək, gah da qoşun göndərmək istiqamətində biabırçı çıxışları tarixdə özünə "yer" etmiş, sərsəm fikirləri dünya mediasının məsxərə obyektinə çevrilmişdir. Yaxın günlərdə jurnalistin Rusiya Prezidenti Vladimir Putinə Fransa qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı sualına - "Mən Fransa prezidenti deyiləm. Mən bu barədə qərar qəbul etmirəm", - deyə verdiyi cavab da media gündəmini zəbt etmişdir.

Fransa prezidenti Emmanuel Makronun mayın 23-də Yeni Kaledoniyaya səfər edəcəyi gözlənilir.  Bununla adadakı vəziyyəti dəyişə biləcəkmi?!

Ramidə YAQUBQIZI,

"Respublika".