Nazir: Regionlar üzrə məhsul buraxılışının nominal həcmi 13,5 dəfə artıb
Gündəm

Nazir: Regionlar üzrə məhsul buraxılışının nominal həcmi 13,5 dəfə artıb

Son 20 ildə regionların sosial-iqtisadi inkişafına həsr olunmuş 4 dövlət proqramı qəbul olunub və bu proqramlar üzrə regionlara yatırılmış investisiyaların həcmi 104 milyard manat təşkil edir. 2022-ci ildə regionlar üzrə məhsul buraxılışının nominal həcmi 2003-cü ilə nisbətən 13,5 dəfə artıb, 2004-cü ildən bəri bölgələrdə 1,8 milyondan çox yeni iş yeri və 52 mindən çox yeni müəssisə yaradılıb.

"Respublika" xəbər verir ki, bunu dövlət başçısı İlham Əliyevin birinci müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi münasibətilə Bakıda keçirilən “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda konfransda çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, regionlarda 8 hava limanı tikilib və ya yenidən qurulub, Laçın hava limanının tikintisi davam edir. 17 min kilometrdən çox avtomobil yolu, 500-dən çox körpü və tunellər, 3300-dək məktəb, 450-dən çox uşaq bağçası, 550-dən çox tibb müəssisəsi, 41 Olimpiya İdman Kompleksi tikilib və ya təmir olunub.

“Dövlət başçısının tapşırığına əsasən, Naxçıvanın sosial-iqtisadi inkişafına dair proqramın və strateji layihələrin icrasına başlanılıb ki, bu da bölgədə rifahın yüksəlməsinə, biznes fəaliyyətinin genişlənməsinə münbit şərait yaradacaq”, - deyə M.Cabbarov əlavə edib.