Doğma vətənimizin bütövlüyü uğrunda 44 gün davam edən bu savaş milli həmrəyliyimizin rəmzinə çevrildi, qürur mənbəyimiz kimi şanlı tariximizə əbədi həkk olundu. Bu müharibədə rəşadətlə döyüşən, düşmənə göz acmağa imkan verməyən Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti öz mübarizliyi ilə yenilməzlik simvoluna çevrildi. Müharibə heç vaxt itkisiz olmur, həm də torpaq uğrunda ölən varsa, Vətəndir. 44 günlük Vətən müharibəsində oğullarımız ölümün gözünə dik baxdılar, şahadət zirvəsinə ucaldılar. İşğaldan azad olunmuş vətən torpaqlarımız şəhidlərimizin qanı ilə daha da müqəddəsləşdi. Şəhidlərimizin qanı yerdə qalmadı, hər birinin qisası döyüş meydanlarında alındı. Bu gün şəhid ailələri, övladları qazilərimiz, dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunub. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov və Aparatın məsul əməkdaşları Türkiyə Respublikasından müalicədən qayıdan Vətən müharibəsi qazisi Xəlilov Saleh Aydınəli oğlunu evində ziyarət edib ailəsi ilə görüşdü.
Rafiq Cəlilov görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən, bu qələbədə Silahlı Qüvvələrimizin, onun sıralarında döyüşən cəlilabadlı əsgər və zabitlərin şücaətindən, ölkəmizdə şəhidlərimizin ailələrinə və qazilərə, eləcə də döyüşçülərə göstərilən dövlət qayğısından danışdı.
Görüşdə qazi Saleh Xəlilov cəbhə xatirələrindən, keçdikləri şərəfli döyüş yolundan danışdı. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində MAHHXHQ kimi xidmət edən Saleh Xəlilov Vətən müharibəsində Daşaltı döyüşlərində ağır yaralanmışdır. S.Xəlilov “YAŞAT” Fondu tərəfindən 2021-ci ilin dekabr ayından Türkiyə Respublikasına müalicəyə göndərilmiş, 2022-ci ilin yanvar ayının 22-də müalicədən qayıdıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Xəlilov Saleh Aydınəli oğlu “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Məlumat üçün bildiririk ki, Saleh Xəlilov qardaşları Taleh Xəlilov, Əli Xəlilov və Anar Xəlilov Vətən müharibəsi iştirakçılarıdır.
Rafiq Cəlilov vətənimizə, ordumuza qəhrəman övladlar böyütdüyü üçün Aydınəli Xəlilova təşəkkürünü bildirdi. Aydınəli Xəlilov və qazi övladı Saleh Xəlilov göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Ərəstun ABDULOV,
“Respublika”.