Qarabağ və Şərqi Zəngəzur ecazkar turizm bölgəsinə çevriləcək
Mədəniyyət

Qarabağ və Şərqi Zəngəzur ecazkar turizm bölgəsinə çevriləcək

Bu gün tərəqqi dövrünü yaşayan Azərbaycan dost ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərini, iqtisadi əlaqələrini möhkəmləndirir. Çağdaş dünyamızda böyük əhəmiyyət kəsb edən turizmin aparıcı sahələrdən birinə çevrilməsi, beynəlxalq turizm əlaqələrinin qurulması istiqamətində davamlı işlər aparılır. Dövlət başçısının müvafiq fərman və sərəncamları ilə təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarına əsasən bölgələrimizdə mehmanxanaların, sanatoriya-kurort mərkəzlərinin, iaşə müəssisələrinin tikintisi, bərpası, ümumiyyətlə turizm sektorunda fəaliyyətin dəstəklənməsi bu sahənin inkişafına güclü təkan verir. Ölkəmizdə beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi isə işgüzar və mədəni turizmin inkişafına geniş imkanlar yaradır.

Son illər respublikamızın dinamik iqtisadi inkişafı nəticəsində perspektiv sahə olaraq müəyyən edilən turizm sektorunun qanunvericilik bazasının iqtisadi, hüquqi və sosial normalara uyğun təkmilləşdirilməsi zərurəti yaranmışdır. Bu sektor üzrə fəaliyyət həm daxili, həm də beynəlxalq qanunlarla idarə olunur. Ölkə turizminin dünya standartları səviyyəsinə yüksəldilməsi, burada yeni texnologiyaların tətbiqi, təşkilati-hüquqi və normativ bazanın təkmilləşdirilməsi əsas vəzifə olaraq qarşıya qoyulur, turizmin regional, sahə və ərazi idarəetmə çərçivəsində inkişafı həm dövlət prioritetləri, həm də biznes maraqları istiqamətində müəyyən olunur. Həmçinin turizmin iqtisadi rolunu artırmaq, onun sosial mahiyyətini genişləndirmək və kommersiya gəlirləri əldə etmək üçün kompleks idarəetmə mexanizmləri tətbiq olunur.

Əlverişli coğrafi mövqeyə, qədim, arxeoloji, tarixi memarlıq və incəsənət abidələrinə malik olması ölkəmizə turist axınını gündən-günə artırır. Belə ki, bölgələrimizdə turizm marşrutlarına daxil olan çoxsaylı memarlıq abidələri, qədim qaya təsvirləri, gəzməli, görməli, mənzərəli yerlər çoxdur. Respublikamızda elə bir bölgə, rayon yoxdur ki, orada turistlərin marağına səbəb olan tarix və memarlıq abidələri olmasın. Turizm marşrutlarına daxil edilən bu rayonların müasir tələblər səviyyəsində inkişafı, turistlərin rahatlığı üçün infrastrukturun yenilənməsi bu sahənin inkişafını tənzimləyir.

Yeni inkişaf mərhələsinə qədəm qoyan, işğaldan azad etdiyi əraziləri gülüstana çevirməkdə əzm, qətiyyət nümayiş etdirən Azərbaycanda yeni turizm marşrutlarının açılması labüddür. Azərbaycanın incisi, baş tacı sayılan Şuşada yerləşən turizm və istirahət mərkəzlərinə vaxtilə dincəlməyə gələnlərin sayı-hesabı yox idi. Pənahəli xanın sarayı, Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evi, Molla Pənah Vaqifin məqbərəsi, Şuşa mağara düşərgəsi, qala kimi tarixi abidələr, muzeylər qədim şəhərimizə gələnləri heyran edirdi. İsa bulağı, Turşsu, Soyuqbulaq, Yüzbulaq, Qırxbulaq, Çarıqbulaq və digər nadir təbiət möcüzələri haqqında əfsanələr dünyanı dolaşırdı. Bu gün Azərbaycanın tarixi ərazisi olan Qarabağın əvvəlki şöhrətini özünə qaytarmaq istiqamətində böyük layihələr reallaşdırılır. 30 ilə yaxın işğal altında qalmış ərazilərimizdə erməni vandalizminin qurbanı olmuş minlərlə tarixi abidələrimiz, yurd yerlərimiz bərpa olunur, yenidən qurulur. Yaxın zamanlarda tarixi, mədəni və strateji əhəmiyyətə malik, özünün xalçası, ipəyi və çini qabları ilə dünyada böyük şöhrət qazanmış dilbər guşəmiz Qarabağın ecazkar təbiəti, mətbəxi turistləri heyran edəcək. 

Mənfur düşməndən azad olunan Şuşada sürətli bərpa-yenidənqurma işləri aparılır, bu yerlərə yeni nəfəs, yeni həyat verilir, şəhər tarixi simasını saxlamaqla ən müasir formada bərpa edilir, müasir turizm infrastrukturu yaradılır. Bu isə onu deməyə əsas verir ki, qədim qala şəhərimiz yaxın zamanda əvəzolunmaz təbiəti, möhtəşəmliyi ilə yenidən turistlərin zövqünü oxşayacaq, nəinki türk dünyasının, bütün dünyanın mədəniyyət mərkəzlərindən birinə çevriləcək. Tarixi və dini abidələr, çinar meşələri, termal su mənbələri ilə zəngin olan Zəngilan, ən məşhur turist marşrutlarından hesab olunan Xudafərin körpüsü, Azıx mağarası işğaldan azad olunmuş ərazilərdə mövcud turizm potensialıdır. Kəlbəcərin qərb hissəsində-silsilə dağ yamaclarında yerləşən İstisu kəndinin mineral suyu olan "İstisu" bulaqları bütün dünyada məşhurdur.

Qarabağ bölgəsinin zəngin turizm potensialına malik olduğunu, burada geniş turizm marşrutlarının yaradılmasının vacibliyini vurğulayan Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə demişdir: "Ona görə indidən turizm marşrutları işlənib hazırlanmalıdır ki, artıq həyat bu bölgəyə qayıdandan sonra vaxt itirmədən turizm sektoru da inkişaf etsin… Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələri göstərilməlidir ki, biz bu bölgəni, doğrudan da dünya üçün çox cəlbedici bölgə kimi təqdim edək. Nəzərə alsaq ki, Qarabağ bölgəsinin çox zəngin, füsunkar, təkrarolunmaz təbiəti və tarixi abidələri var, əminəm, Azərbaycanın əsas turizm zonasının birinə çevriləcək".

Məqsədyönlü, vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş uzunmüddətli iqtisadi inkişaf strategiyası regionların davamlı və tarazlı inkişafını təmin edir. Böyük Qayıdış proqramı çərçivəsində ən müasir texnologiyalar əsasında həyata keçirilən genişmiqyaslı işlər Qarabağı cənnətə çevirir. Bütün dünya düşmənin yer üzündən sildiyi ərazilərin böyük sürətlə yenidən qurulmasını maraqla izləyir. İşğaldan azad olunmuş rayonlarımızda yeni turizm marşrutlarının açılması ilə daha da cəlbedici olan Azərbaycan yaxın gələcəkdə dünyanın ən məşhur turizm ölkəsinə çevriləcək. Bu, həm də son illərdə turizm məqsədilə ölkəmizə gələnlərin sayının dəfələrlə artmasında bir daha öz təsdiqini tapır.

Mehparə ƏLİYEVA,

"Respublika".