İlk Milli Xalça Festivalı
Mədəniyyət

İlk Milli Xalça Festivalı

Ehtiyac üzündən bazara çıxarıb satmaq istədiyi xalçanı bəyənən ingilis alıcıya Sonanın "yada satmaram" cavabı bu gün də aktuallığını saxlayır. Böyük yazıçımız Mir Cəlalın "Bir gəncin manifesti" əsərində tarixiləşən bu səhnə millətin öz milli dəyərlərinə, el sənətinə verdiyi qiymət, göstərdiyi məhəbbət və ehtiramla yanaşma tərzidir. Azərbaycan xalq-tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın mədəniyyət tarixində özünəməxsus yer tutur.

Xalçaçılıq Azərbaycan xalqının məişətində, məşğuliyyətində ən geniş yayılmış sənət növüdür. Bir zamanlar müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar evlərin döşənməsində istifadə edilməklə yanaşı, bəzək kimi də divarlardan asılırdı. Bu el sənətinin tarixi çox qədimdir. Aparılan tədqiqatlara, arxeoloji materiallara və yazılı mənbələrə əsasən Azərbaycanda xalçaçılıqla hələ Tunc dövründən məşğul olmuşlar. Cənubi Azərbaycanın Maku şəhərində tapılmış gildən düzəldilmiş at fiqurunun (e.ə. II minillik) üzərində gül-çiçək təsvirləri ilə bəzədilmiş çul rəsmi, Urmiya gölü yaxınlığındakı Həsənli təpəsində aşkar edilmiş qızıl camın (e.ə. I minillik) səthində üstünə çul salınmış şir təsviri və başqa tapıntılar Azərbaycanda xalça sənətinin nə qədər qədim tarixə malik olduğunu göstərir. Mingəçevir ərazisində aparılan arxeoloji qazıntılar zamanı isə I-III əsrlərə aid katakomba qəbirlərdən palaz və xalça qalıqları aşkar edilmişdir. Hətta Heradot, Klavdi Elian Ksenofont və bir çox dünya tarixçiləri öz əsərlərində Azərbaycanda xalçaçılığın inkişafı haqqında məlumat vermişlər. Sasanilər dövründə ipək və qızıl-gümüş saplardan toxunan xalçalar daha çox yayılmışdı. Bu xalçaların əsas istehsal mərkəzləri Təbriz, Şamaxı və Bərdə şəhərləri olmuşdur.

1872-ci ildə Moskvada təşkil edilən "Moskva-Politexnik" sərgisində və 1882-ci ildə "Ümumrusiya sənaye və incəsənət" sərgilərində nümayiş etdirilən Bakı, Quba, Şamaxı, Gəncə, Şəki, Qazax, Cavad qəzası və başqa yerlərdən gətirilmiş xalçalar və xalça məmulatlarının ən yaxşı nümunələri qızıl, gümüş medallara layiq görülmüşdür. 1872-ci ildə Vyanada (Avstriya), 1911-ci ildə Turində (İtaliya), 1913-cü ildə Londonda və Berlində təşkil edilmiş Beynəlxalq sərgilərdə nümayiş etdirilən eksponatların əsas hissəsi Azərbaycandan aparılmış xalça və xalça məmulatlarından ibarət olub.

Azərbaycan xalçaçılıq məktəbinin öz ənənələri var. Sözsüz ki, həmin ənənələrin mənsub olduğu bölgələr bir-birindən fərqlənir. Ölkəmizdə Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz xalçaçılıq məktəbi mövcuddur. Hər birinin də öz yeri, öz xüsusiyyəti var. Coğrafi mövqeyindən, məkanından asılı olaraq xalçalar mənsub olduqları yerlərə görə texniki xüsusiyyətləri, rəng seçimi və naxışları ilə fərqlənir.

Etiraf edək ki, zamanında sahib çıxa bilmədiyimiz üçün müxtəlif yollarla yad əllərə düşən dünyaca məşhur xalçalarımız da var. Onlar bu gün dünyanın ən böyük muzeylərində saxlanılır. Məsələn, "Şeyx Səfi" adı ilə tanınan, Təbriz məktəbinə məxsus xalça Azərbaycan xalçalarının ən məşhuru və ən böyüyüdür. Xalça 56 kvadratmetrdən çoxdur. "Şeyx Səfi" xalçası Azərbaycan Səfəvilər sülaləsinin banisi şah İsmayıl Xətainin oğlu I Təhmasibin ideyası ilə 1539-cu ildə Təbrizdə Ərdəbil məscidi üçün toxunmuşdur. Dünya mədəniyyətinə məxsus bu unikal əsərin müəllifləri azərbaycanlı sənətkarlardır. 1893-cü ildə ingilislərin əlinə keçən "Şeyx Səfi" xalçası hazırda Londondakı Viktoriya və Albert muzeyində "İslamic Art" ("İslam incəsənəti") zalında saxlanır.

Onu da qeyd edək ki, Azərbaycan xalçaçılıq məktəbinə məxsus bir çox sənət inciləri bu gün bəzi ölkələrdə onlara xas olan xalçalar kimi nümayiş etdirilir. Belə ki, torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsindən sonra, digər maddi-mədəni abidələrimizin talan edilməsi ilə bərabər xalçalarımız da oğurlanaraq mənimsənilib. Hazırda Xalça Muzeyinin xovlu xalçalar kolleksiyasında Qarabağ qrupuna məxsus sənət nümunələri "Baxçadagüllər" xalçası saxlanılır. 2017-ci ildə ABŞ-da yaşayan əslən azərbaycanlı olan Elşad Tahirov incəsənət əşyalarının virtual ticarətini həyata keçirən bir saytda maraqlı xalçaya rast gəlir. Soydaşımızın diqqətini xalçanı təsvir edən yazıda "Qədim Ermənistan. Qarabağ xalçası" sözü cəlb edir. Xalçanın üzərində isə Azərbaycan dilində kiril əlifbası ilə toxunmuş "1 yanvar 1979-cu il Sərvərin doğum gününə anasından hədiyyə" yazısından aydın olur ki, bu Azərbaycana aiddir və ermənilər tərəfindən işğal zamanı oğurlanmışdır. Azərbaycanlı Elşad Tahirov bu xalçanı hərracda alır və 2017-ci ilin mayında Bakıya - Azərbaycan Xalça Muzeyinə hədiyyə edir.

Bu gün ölkəmizdə xalçaçılığın inkişafı üçün mühüm tədbirlər həyata keçirilir. Xalçaçılıq Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, eləcə də incəsənət yönümlü kolleclərdə tədris edilir. Bu sənət növü texniki peşə məktəblərində, uşaq rəsm qalereyalarında və digər yerlərdə gənc nəslə öyrədilir. 2010-cu ildə Azərbaycan xalça sənəti UNESCO-nun "Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısı"na daxil edilib. Hazırda ölkəmizdə bu qədim el sənəti, xalçaçılıq ənənələri yaşadılır. İşğaldan azad edilmiş Laçın şəhərində "İslimi" xalça mərkəzinin açılması Qarabağda yenidən bu məktəbin dirçəlməsinə və inkişafına təkan verəcək. Mərkəzdə ilk toxunan xalçada məşhur "Qasımuşağı" çeşniləri öz əksini tapıb.

May ayının 4-5-də isə Bakıda ilk Milli Xalça Festivalı təşkil ediləcək. İki gün davam edəcək festivalda İçərişəhər ərazisində xalçaçılıq sənətinə həsr edilən bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Qədim, müasir, eləcə də müəllif xalçalarından ibarət eksklüziv sərgilərin nümayişi, xalçatoxuma sənəti ilə bağlı böyüklər və uşaqlar üçün ustad dərsləri, maarifləndirici seminarlar, interaktiv teatr tamaşası, yarmarka, muğam axşamı və konsert proqramı təşkil ediləcək. Festival günlərində İçərişəhərin küçələri xalçalar və xalça ornamentli xüsusi dekorasiyalar ilə bəzədiləcək ki, bu da şəhərə xüsusi gözəllik verməklə yanaşı, şəhər əhalisinin və turistlərin marağına səbəb olacaq.

Xalçatoxuma sənəti ilə maraqlanan hər kəs bu işin ərsəyə gəlməsinin bütün mərhələləri, xüsusən, ipliklərin boyanması, çeşnilərin və naxışların vurulması, xalçanın toxunması prosesi ilə də yaxından tanış olmaq imkanı əldə edəcək. Ölkənin 14 regionundan gələn toxucu və emal komandası qonaqlara xalça dəzgahı üzərində dərslər təqdim edəcəklər. Milli Xalça Festivalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli Sərəncamı ilə təsis edilmiş "Xalçaçı günü" peşə bayramına həsr edilir və UNESCO-nun qeyri-maddi mədəni irs nümunələri siyahısına daxil edilmiş Azərbaycan xalçaçılıq sənətinin təşviqi və yaşadılması missiyasını ehtiva edir. Xalqımızın mənsub olduğu milli-mənəvi dəyərlər və el sənəti nümunələrinin yaşadılması, təbliği baxımından festival olduqca böyük əhəmiyyət kəsb edir.

Ramidə YAQUBQIZI,

"Respublika".