Qazaxda Kitab Bayramı
Region

Qazaxda Kitab Bayramı

Qazax Rayon İcra Hakimiyyəti və Qazax–Tovuz Regional Mədəniyyət İdarəsi Qazax Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Günəş Ömürlü İnsan” başlıqlı Kitab Bayramı keçirilib.

Qazax Rayon Mədəniyyət Mərkəzi binasının qarşısında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Qazax–Tovuz Regional Mədəniyyət İdarəsinin rəis müavini Səbuhi Xasməmmədov, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin nümayəndələri, Regional Mədəniyyət İdarəsinin Mərkəzi Kitabxana Sistemlərinin rəhbərləri, şəhid ailələri və qazilər, təhsil və mədəniyyət işçiləri, KİV nümayəndələri iştirak ediblər.

Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin şagirdləri Xədicə Musayeva, Validə Novruzova, Aygün Abdullayeva, Aylin Xudiyeva, Yusif Ramazanlı, Sultan Carçılı, İbrahim Süleymanlı, Xədicə Hüseynzadə, Yusif Vəlizadə, Aytac Nəbiyeva xüsusi tərtibatla təşkil olunan kitab sərgisində hər mövzuya uyğun şeirlər, müdrik kəlamlar söyləyiblər.

Qədim naxışlı xalçalarla bəzədilmiş pillələrdə dahi şairlərimizin, qəhrəmanlarımızın obrazlarını yaradan aktyorlar, məktəblilər kitabları vərəqləyiblər. Rayon rəhbərliyi və qonaqlar sərgilənən kitablara baxış keçirib, sərgilərlə tanış olublar.

Tədbirin aparıcısı, Qazax Dövlət Dram Teatrının aktyoru Yusif Qoca çıxış edərək Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Günəş Ömürlü İnsan” başlıqlı Kitab Bayramınının əhəmiyyətindən söz açıb.

Vəli VƏLİYEV,

“Respublika”.