Qlobal ekoloji problemlərlə mübarizənin yeni mərhələsi
Ekologiya

Qlobal ekoloji problemlərlə mübarizənin yeni mərhələsi

Hazırda bəşəriyyəti ağuşuna alan qlobal problemlərdən biri də iqlim dəyişmələridir. Bu dəyişmələr və onların ətraf mühitə təsiri getdikcə dünyanı daha çox narahat edir, dünya ölkələrinin böyük əksəriyyəti iqlim dəyişmələrindən əziyyət çəkir. Bu problem nəinki dövlətlərin iqtisadi vəziyyətinə, eləcə də insanların səhhətinə ciddi ziyan vurur. Belə ki, Yer kürəsində son 100 ildə orta temperatur 0,8 dərəcə artıb. Antropogen amillərlə əlaqədar olan bu dəyişmələr planetin müxtəlif yerlərində təbii fəlakətlərin artması ilə xarakterizə edilir. Ölkəmiz də qlobal iqlim dəyişmələrinin təsirinə məruz qalır. İqlim dəyişmələri bu gün bir sıra beynəlxalq tədbirlərin, o cümlədən elmi və praktiki konfransların əsas müzakirə mövzusuna çevrilib.

Azərbaycan bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. COP29-un ölkəmizdə keçirilməsi dövlətimizin beynəlxalq tədbirlərə önəm verdiyinin, ölkəmizə göstərilən etimadın əyani sübutudur. Bu gün iqlim dəyişimələri ilə mübarizə üçün real maliyyələşdirilmələrin aparılması, vəsaitlərin cəlb olunması vacibdir. Dövlətimiz bu sahədə böyük təcrübəyə malikdir. Hər il dünyanın müxtəlif yerlərindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində çağırışlar edirlər. Xatırladaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının ilk toplantısı 1995-ci ildə Berlin şəhərində baş tutub. Sözügedən tədbirin hər il keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişmələri ilə mübarizəni daha da genişləndirməkdir. Şübhəsiz, COP29-un Azərbaycanda keçirilməsinə qərar verilməsi dövlətimizin qlobal iqlim dəyişmələri ilə mübarizədə beynəlxalq səylərə dəstəyi ilə bağlıdır. Ümumiyyətlə, ölkəmiz bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malikdir. Respublikamızın bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavat təşkil edir. Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaldılmasını proqnozlaşdırıb. Bununla yanaşı, 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən olunub ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılmasıdır.

İkinci Qarabağ savaşında əldə etdiyimiz qələbədən sonra işğaldan azad edilmiş Şərqi Zəngəzur və Qarabağ torpaqları "yaşıl enerji zonası" elan edilib. Sözügedən ərazilərin 2050-ci ilədək "netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulub. Eyni zamanda, dövlət başçısının "Yaşıl dünya naminə həmrəylik ili" haqqında Sərəncamı da Azərbaycanın bu il ərzində "yaşıl enerji" sahəsində çoxsaylı tədbirlər həyata keçirəcəyini təsdiqləyir, "yaşıl enerji"nin inkişafı və bu istiqamətdə yeni texnologiyaların tətbiqi kimi məsələlər də daim diqqət mərkəzindədir. İqlim problemi üçün konkret maliyyə vəsaitinin ayrılması, fond yaradılması da bu qəbildəndir.

Aprelin 23-də ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forum keçirilib. Forumda iştirak edən Prezident İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfransının Çərçivə Konvensiyasının 29-cu sessiyasının önəmini bir daha diqqətə çatdırıb. Ölkə başçımız qeyd edib ki, bu, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük ehtiramın, dəstəyin göstəricisidir və biz hazırlığın fəal mərhələsindəyik: "Bizim bir ildən az vaxtımız var idi və yaxşı nəticələr əldə etmək üçün biz olduqca fəal və səmərəli çalışmalıyıq. Əlbəttə, bizim üçün COP29 çox böyük məsuliyyətdir. Burada söhbət təkcə təşkilati məsələlərdən deyil, nəticələrin əldə edilməsindən də gedir". Noyabr ayında keçirilməsi nəzərdə tutulan COP29-da daha təqdirəlayiq qərarlar qəbul olunacaq, addımlar atılacaq. Ölkəmizin istər regionda, istərsə də qlobal arenadakı nüfuzuna, beynəlxalq aləmdə görülən işlərə nəzər yetirsək, doğrudan da bu, real görünür. Bir sıra nüfuzlu dövlətlərin dünya liderlərinin, eləcə də bu sahə üzrə mütəxəssislərin ölkəmizdə bir araya gəlməsi yeni təşəbbüslərin, istiqamətlərin müəyyənləşməsinə mühüm töhfə olacaq. BMT-nin ən böyük miqyaslı tədbirlərindən biri olan COP29-un Azərbaycanda keçirilməsi respublikamızın beynəlxalq nüfuzunun daha da artmasına müsbət təsir göstərəcək. Ölkəmiz bu cür mötəbər tədbirə ev sahibliyi etməklə nəinki bu istiqamətdə, hətta bütün sahələrdəki inkişafını dünya ictimaiyyətinin diqqətinə çatdıracaq.

Nəzrin ELDARQIZI,

"Respublika".