Azərbaycan
Ekologiya

Azərbaycan "yaşıl enerji", Ermənistan ekosid deyir

Ermənistanın dənizə çıxışı yoxdur. Blokadada olan bu ölkənin ən böyük və şirin sulu gölü Göyçədir. Bu cəhətdən, bu göl Ermənistan üçün əhəmiyyətlidir. Lakin hökumət iclasında etiraf edilib ki, tullantı suları təmizlənmədən Göyçə gölünə axıdılır. Son zamanlar ekoloji yönümlü QHT-lər, həmçinin ekofəallar bildirir ki, Amuldağ yatağındakı qanunsuz istismar əraziyə yaxın yerləşən Göyçə gölünün ekosisteminə mənfi təsir göstərir. Ağır metal tərkibli tullantılar Ermənistanın ən böyük şirin su gölünə axıdılır, gölün canlı aləmi məhv olur. Bununla birlikdə bu sudan istifadə edən insanların sağlamlığı da təhlükə altındadır.

Bu mövzuda "Environmental Protection First" Koalisiyası Ermənistanın baş naziri Nikol Paşinyana müraciət edib. Müraciətdə qeyd olunub ki, Göyçə gölünün təmizlənməsi üçün beynəlxalq şirkətlərə pul xərcləməkdənsə, Ermənistanın baş naziri öncə gölün ətrafında xarici ölkələrin investorlarına həvalə etdiyi mədən sənayesi müəssisələrinin qeyri-şəffaf fəaliyyəti nəticəsində ətraf mühitə dəyən ziyanın həcminə nəzər yetirməlidir. Bildirilib ki, bununla da illərdir həllini tapmayan suyun təmizlənməsi problemi aradan qalxacaq.

Qeyd edək ki, ekoloji normalar gözlənilmədən Amuldağ yatağındakı amansız istismarın şirin su ehtiyatlarını zəhərləməsi ilə bağlı Ermənistan və Azərbaycan QHT-lərinin və ekofəalların etiraz bəyanatlarına cavab verən Paşinyan uzun illərdir müzakirələr aparılmasına baxmayaraq, məsələnin birdəfəlik həllinin tapılmadığını, Ermənistanın buna imkanı olmadığını etiraf edib. Ermənistan baş naziri bildirib ki, suyun təmizlənməsi ilə bağlı beynəlxalq tərəfdaşlar cəlb edilsə də, Göyçə gölü bir müddət sonra yenə çirkləndirilir.

XX əsrin sonlarına qədər Göyçə gölünün ətrafında əsasən azərbaycanlılar məskunlaşıb. Cənubi Qafqazın başlıca gölləri, qərbdə Göyçə gölü və şərqdə Göygöldür. Göyçə gölü ekoloji, estetik və rekreasiya əhəmiyyətinə malikdir. Şirin sulu bir göl kimi müxtəlif flora və faunanı dəstəkləyir, bölgənin biomüxtəlifliyinə öz töhfəsini verir. Təmiz su mənbəyi olan Göyçə gölünün şirin su anbarı kimi strateji əhəmiyyəti var. O, yaxınlıqdakı icmaların suya olan tələbatının ödənilməsində, kənd təsərrüfatının dəstəklənməsində və bu cür resurslara çıxışın böyük əhəmiyyət kəsb etdiyi regionda dayanıqlı su təchizatının təmin edilməsində mühüm rol oynayır.

Dənizə çıxışı olmayan ölkə kimi Ermənistan su ehtiyatlarına böyük əhəmiyyət verməlidir. Lakin təəssüf ki, Göyçə gölü dəhşətli çirklənmə təhlükəsi ilə üz-üzədir. Tənzimlənməmiş tullantı suları, sənaye və başqa tullantıları gölün suyunun keyfiyyəti üçün ciddi risklər yaradır. Çirklənmə təkcə müxtəlif canlıların həyatı üçün təhlükə yaratmır, həm də gölün kənd təsərrüfatı və içməli su təchizatı üçün yararlılığını təhlükə altına qoyur.

Ermənistan 30 illik işğal müddətində törətdiyi vəhşiliklərlə sadəcə insanları deyil, təbiəti də hədəf alıb. Onlar Ağdam şəhərində və digər bölgələrdə palıd, çinar, qoz ağaclarını qırıb, qərəzli şəkildə çaylarımızı və su mənbələrini tullantılarla, torpaqlarımızı isə minalarla çirkləndirib, təbii sərvətləri talan edib. Yəni Ermənistanın ekoloji tarazlığı pozma cəhdləri ilk deyil. Ekoloji terror fəaliyyətləri səbəbilə Qarabağ regionunda nadir rast gəlinən heyvan və bitki növlərinin sayı azalıb. Ermənistan, həmçinin Sədərək rayonu istiqamətində sərhəddə yerləşən Arazdəyən kəndində metallurgiya zavodu inşa edib onun zərərli tullantılarını Araz çayına axıtmaq istəyib.

Ermənistanın geosiyasi çağırışlarına baxmayaraq, ətraf mühitə olan məsuliyyətsiz nəzarəti ciddi problemlər yaradır. Azərbaycan COP29-a evsahibliyi etməklə qlobal səviyyədə iqlim və təbiət problemlərinin həlli üçün çalışır. Ölkəmiz "yaşıl enerji"yə keçid etməklə təbiətə minimum zərər verməyə cəhd göstərir. Lakin qərb qonşumuz "yaşıl enerji" siyasətini kölgələyir. Hazırda qlobal səviyyədə ekoloji problemlərin həlli üçün çalışıldığı bir vaxtda Ermənistanın təbiətə qarşı terror siyasəti qəbuledilməzdir.

Siyasi məsələlər gündəmdə üstünlük təşkil etsə də, ətraf mühitin deqradasiyası ilə mübarizə zərurətidir. Vandalizm və təbiətə etinasızlıq hallarının təkcə ərazi münaqişələri kontekstində deyil, həm də Ermənistanın öz sərhədləri daxilində müşahidə olunduğunu qeyd etmək məyusedicidir. Bu cür halların aradan qaldırılması, davamlı gələcəyin dəstəklənməsi və geosiyasi narahatlıqlarla ekoloji məsuliyyət arasında harmonik tarazlığın qorunması üçün çox vacibdir.

Nurcan SÜLEYMANOVA,

"Respublika".