Qürurla anılır: Kərimov Kazımağa
Sosial həyat

Qürurla anılır: Kərimov Kazımağa

Adı Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış Kazımağa Mövsüm oğlu Kərimov 1951-ci il sentyabrın 1-də igidlər oylağı Qubadlı rayonunun Sarıyataq kəndində dünyaya göz açmışdır. Uşaqlıq illəri yalçın qayalıqlarda, atlas geyimli dağların sinəsində təbiətin qoynunda keçmişdir. O, Qara İlyasov adına Qubadlı şəhər orta məktəbini bitirdikdən sonra rayonun “Avanqard” qəzetinin mətbəəsində yığıcı işləmişdir.

Orta məktəbi müvvəffəq qiymətlərlə bitirən Kazımağa 1970-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuş, tələbəlik illərindən mətbuat orqanlarında qələmini sınamış, müxtəlif janrda maraqlı yazıları dərc olunmuşdur.

O, universiteti bitirdikdən sonra təyinatla “Azərbaycan məktəbi” jurnalında əmək fəaliyyətinə başlamışdır. Lakin həyatında baş verən müəyyən problemlər onu öz sevimli peşəsindən ayrılmağa məcbur edir. Bir müddət keçdikdən sonra Goranboy rayonunun Qızılhacılı kəndini özünə yurd seçir. Ömrünün sonuna qədər də həyatını bu torpaqla, bu yurdun insanları ilə bağlayır. Çox keçmir ki, Kazımağa Rayon Aqrar Sənaye Birliyində hüquq məsləhətçisi kimi işə qəbul olunur. Ancaq onun bu sakit həyatı uzun sürmür, yaşıdları kimi o da erməni nankorlarına qarşı mübarizəyə qoşulur.

Kazımağa Kərimov 1991-ci ildə birinci Goranboy özünümüdafiə batalyonunun yaradılmasında xüsusi fəallıq göstərir. Sonralar isə Goranboy ikinci özünümüdafiə batalyonunun komandir müavini təyin edilir. O, Erkəc, Qaraçinar, Meşəli və bir sıra başqa kəndlərdə keçirilən əməliyyatlarda rəşadətlə vuruşur, döyüş meydanında erməni quldurlarına qan uddururdu.  

Vətənin igid, cəsur oğlu Kazımağa Kərimovun son döyüşü Meşəli kəndi ərazisində oldu. Əməliyyat bir saata başa çatmalı idi. Qəlbi Vətən, Azərbaycan eşqi ilə döyünən komandir müavini sevimli əsgərlərinə son döyüş tapşırığını verdi. Onlar bu ərazini erməni vandallarından azad etməli idilər. Elə bu vaxt sıx meşəlikdən ermənilər görünməyə başladı. Şiddətli döyüş başlandı. Hər tərəfə güllə yağışı səpələnirdi. Çox keçmədən erməni quldurları tərk-silah olundu. Kazımağa bu ağır döyüşdə ayağından ağır yaralandı. Yoldaşları vaxt itirmədən onu Bakıya çatdırsalar da, çox qan itirdiyindən 15 iyun 1992-ci ildə Bakıda hospitalda dünyasını dəyişdi, Kazımağanı ölümün pəncəsindən xilas etmək mümkün olmadı.

O, Bakıdakı Şəhidlər Xiyabanında dəfn edilmişdir.  

1994-cü ildə “İşıq” nəşriyyatında nəşr olunan “Goranboy qartalları” kitabı qarşımızdadır. Kitabda mərhum professor Qulu Xəlillinin, AzərTac-ın baş direktoru Aslan Aslanovun, jurnalist Səfalı Nəzərlinin AzərTac-ın İdarə Heyətinin sədr müavini Dağbəyi İsmayılovun, mərhum professor İsmayıl Vəliyevin, jurnalist Gülşən Əkbərovanın və başqalarının Kazımağa haqqında xatirələri dərc olunmuşdur.

Kazımağa Kərimovun hər qarışında ayaq izləri qalmış Qubadlı 44 günlük Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, sərkərdəlik məharəti sayəsində erməni işğalından azad olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Kazımağa Möhsüm oğlu Kərimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir.

Goranboyun Qızılhacılı kənd mədəniyyət evi Kazımağanın adını daşıyır. Goranboy şəhərində büstü qoyulmuşdur.

Qədir ASLAN,

“Respublika”.