Şanlı sentyabr
Gündəm

Şanlı sentyabr

Yetər fəraq odlarından

kül ələndi başımıza

Dur ayağa, ya azad ol,

ya tamam yan, Azərbaycan!

Məhəmmədhüseyn Şəhriyarın bu şeiri 27 sentyabrı, şanlı qələbəmizin başlanğıcını ifadə edir. Tarixi ədalətin bərpasından 3 il keçməsinə baxmayaraq, xalqımız hələ də həmin günlərin həyəcanını yaşayır. Qalib xalq olaraq dünyaya haqq səsimizi çatdırdıq, televiziyada xəbər aparıcılarının azad olan ərazilərin adlarını açıqladığı zaman göz yaşlarına hakim ola bilməmələri də o günlərin ən səmimi görüntüləri kimi yadda qaldı. Lakin bu göz yaşları kədər yox, sevincdən tökülürdü. Rəşadətli Ordumuzun gücü, əzmi, müasir hərbi texnologiyalara malik olması və ondan məharətlə istifadə etməsi onun yüksək peşəkarlığını, qabiliyyətini göstərir. Azərbaycan ordusunun Ali Baş Komandanı Prezident İlham Əliyev uğurlu siyasət, prinsipiallıq və yenilməz iradə nümayiş etdirərək hər zaman xalqının milli maraqlarını qətiyyətlə müdafiə edir.

Əslində, Ermənistan siyasi rəhbərliyinin davamlı olaraq təxribatlar törətməsi 27 sentyabra gətirib çıxardı. Qısaca ötən günlərə nəzər salsaq 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələri öz hiyləgərliyindən əl çəkməyib, Azərbaycan sərhədlərinin ön xətti boyunca hücum edərək yaşayış məntəqələrini intensiv artilleriya atəşinə tutub. Nəticədə yüzlərlə əsgərimiz yaralanıb, minlərlə döyüşçümüz həyata gözlərini əbədi yumub. Bununla yanaşı,  30-dan çox yaşayış məntəqəsi bombalanıb, 16 yaşdan kiçik 2-si uşaq olmaqla 6 mülki şəxs həlak olub, 26 şəxs ağır yaralanıb. Həmçinin 232 fərdi yaşayış evi, 99 elektrik dirəyi, 3 elektrik yarımstansiyası, kilometrlərlə su və qaz boruları dağıdılıb. İgid əsgərlərimizin qəhrəmanlığı sayəsində hücumun qarşısı layiqincə alınıb. Döyüş 4 gün davam etməsinə baxmayaraq, övladı, doğması cəbhədə olanlar üçün bir ömür kimi görünüb.

Daha sonra bir neçə dəfə Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutulub, təxribatlar törədilib. 2020-ci il iyulun 12-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, eyni zamanda bütövlükdə qoşunların təmas xəttində gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmdə silah-sursat toplaması Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi. Hər dəfə layiqli cavabını alan erməni qoşunları daha da azğınlaşaraq iyulun 14-ü yenidən Tovuz rayonunun Ağdam, Əlibəyli və Dondar Quşçu kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə məruz qoyub.

Tovuz döyüşlərində xalqımız Ali Baş Komandanın rəhbərliyi ilə düşmənə qarşı qəhrəmancasına döyüşən ordumuzla milli həmrəylik nümayiş edirdi. Belə ki, iyulun 14-dən 15-nə keçən gecə on minlərlə gənc paytaxtımızda yürüş edib, Azərbaycan Ordusuna dəstəyini göstərdi. Növbəti günlərdə gənclərimiz ordu sıralarına yazılmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bölmələrinə müraciət etdilər. Buna əsasən, Nazirlər Kabinetinin iyulun 15-də keçirilmiş iclasında Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa çağırış etdi: "Əgər kimsə, hansısa vətənpərvər insan orduda xidmət etmək istəyirsə, mən bunu ancaq alqışlayıram". Bundan sonra minlərlə vətəndaşımız Xidmətin yerli idarə, şöbə və bölmələrinə gələrək könüllü şəkildə orduda xidmət etmək barədə arzularını bildirdilər və müvafiq qaydada qeydiyyata alındılar.

Azərbaycan Ordusunun yüksək peşəkarlığının daha bir örnəyi olan Tovuz döyüşləri zamanı Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhidlik zirvəsinə ucaldı və 1 mülki şəxs həlak oldu. Xalq bu döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan öz mərd, vətənsevər oğullarını böyük izdihamla son mənzilə yola saldı.  Düşmən tərəfin isə 100-dən çox hərbçisi məhv edildi, döyüş texnikası sıradan çıxarıldı.

Bizi zəfərə aparan 44 günlük yolda hər birimiz qarabağlı idik. Günlərimiz televiziya, telefon qarşısında cənab Prezidentin paylaşımlarını, xəbərlərini gözləməklə keçirdi. Gənclərimiz internet başında dezinformasiyaların qarşısını almaq üçün gecə-gündüz demədən sosial şəbəkələrdə mübarizə aparırdı. Həmin günlərdə neçə-neçə vətənpərvərlik mahnıları, şeirləri yazıldı. Vətən sevgisi, yurda, torpağa duyulan həsrət ən müqəddəs ülvi hisslər kimi hər kəsi mübarizəyə ruhlandırırdı. Nəticədə qisasımızı döyüş meydanında aldıq. Ordumuzun sarsıdıcı zərbələri qarşısında duruş gətirə bilməyən Ermənistanın müdafiə səddi qısa zamanda yarıldı.  Simvollaşan və dillər əzbəri olan "Dəmir yumruq" əməliyyatı uğurla nəticələndi.

Töhfə SƏMƏDOVA,

"Respublika".