“S&P Global Commodity Insights” şirkəti ilə Azərbaycanın “yaşıl enerji” kursuna dair müzakirələr aparılıb
İqtisadiyyat

“S&P Global Commodity Insights” şirkəti ilə Azərbaycanın “yaşıl enerji” kursuna dair müzakirələr aparılıb

Energetika naziri Pərviz Şahbazov ilə “S&P Global Commodity Insights” şirkətinin vitse - prezidenti Carlos Pascual arasında görüş olub. Energetika nazirliyinin mətbuat xidmətinin verdiyi məlumatda bildirilir ki, görüşdə qlobal enerji keçidi müstəvisində Azərbaycanın “yaşıl enerji” sahəsində transformativ fəaliyyət kursu və şirkətlə əməkdaşlıq istiqamətlərinə dair müzakirələr aparılıb.

Azərbaycanın "CERAWeek" konfransında təmsil olunmasına görə təşəkkürünü bildirən “S&P Global Commodity Insights” şirkətinin vitse - prezidenti Carlos Pascual ölkəmizin  “yaşıl enerji” keçidi üzrə prioritetləri və COP zamanı enerji sahəsində fəaliyyət gündəliyindəki məsələlərlə maraqlanıb.

Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası və enerji sektorunda islahatların ölkəmizdə enerji keçidinə təkan verdiyini vurğulayan energetika naziri bərpa olunan enerjinin istehsalı-ixracı  ilə bağlı hədəflər və reallaşdırılan layihələr barədə məlumat verib. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji zona” larının, “Xəzər - Qara dəniz - Avropa”, “Mərkəzi Asiya - Azərbaycan - Avropa” marşrutları üzrə “yaşıl enerji dəhliz”lərinin yaradılması, 2027-ci ilədək 9 külək-günəş elektrik stansiyasının şəbəkəyə qoşulması, dekarbonizasiya, hidrogen istehsalı-nəqli və enerji saxlanc sistemləri üzrə təşəbbüs və layihələrin Azərbaycanla yanaşı, region və Avropa ölkələrində enerji transformasiyasına töhfə verəcəyi bildirilib. COP tədbiri zamanı bp tərəfindən təməli qoyulacaq günəş elektrik stansiyası vasitəsilə “Səngəçal” terminalının “yaşıl enerji” ilə təmin edilməsi uğurlu dekarbonizasiya nümunəsi kimi dəyərləndirilib.

Görüşdə dünyada bərpa olunan enerjidən istifadə və ölkələrarası qarşılıqlı enerji bağlantılarının qurulması istiqamətlərində irəliləyişlər və problemlərə dair fikir mübadiləsi aparılıb. Şirkətin COP29 çərçivəsində əməkdaşlıq üçün irəli sürdüyü təkliflər nəzərdən keçirilib.

Respublika”.