Sülh sazişi Azərbaycanın təklif etdiyi prinsiplər əsasında imzalanmalıdır
Siyasət

Sülh sazişi Azərbaycanın təklif etdiyi prinsiplər əsasında imzalanmalıdır

"...Sülh müqaviləsinin beş prinsipi mümkün qədər tez paraflanmalıdır, sülh müqaviləsinin mətni üzərində iş bu prinsiplər əsasında başlamalıdır. Əminəm ki, buna tez nail olmaq mümkündür. Çünki hesab etmirəm ki, bu, hansısa çoxcildlik olmalıdır, bu, beynəlxalq hüquq, beynəlxalq təcrübə çərçivəsində parametrləri müəyyən edən bir neçə maddədən ibarət yetərincə yığcam sənəd olmalıdır. Bununla biz müharibə, düşmənçilik səhifəsini qapadacağıq".

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Artıq İkinci Qarabağ müharibəsindən iki il ötüb. Lakin Azərbaycan ilə Ermənistan arasında münasibətlər hələ də normallaşmayıb. Baxmayaraq ki, öz ərazi bütövlüyünü təmin edərək müharibəni qalibiyyətlə başa vuran Azərbaycan müharibənin bitdiyi ilk günlərdən düşmən ölkəyə sülh təklifi etmişdir, amma Ermənistan hökuməti bu təklifi hələ də müsbət cavablandırmayıb.

Bu müddət ərzində həm Rusiyanın, həm də Avropa İttifaqı Şurasının vasitəçiliyi və təşəbbüsü sayəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli və dördtərəfli görüşlər keçirilmiş və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün sülh müqaviləsinin imzalanmasının vacibliyi bu görüşlərin əsas müzakirə mövzusu olmuşdur. Müzakirələr zamanı Azərbaycan tərəfinin 5 baza prinsipi əsasında sülh təklifinə heç bir ölkə irad bildirməmişdir.

Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il oktyabr ayının 6-da Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində bu barədə demişdir: "Deməliyəm ki, bizim tərəfdən elan edilən beş prinsiplə bağlı heç kimin - nə erməni tərəfinin, nə də Avropa İttifaqının heç bir sualı yoxdur. Bu gün Fransa Prezidenti ilə görüş zamanı mən gördüm ki, bu beş prinsip qəbul edilir. Bu, təbiidir, çünki biz yeni heç nə icad etməmişik. Bu, münasibətləri normallaşdırmaq istəyən dövlətlər arasında münasibətlərə əsaslanan prinsiplərdir".

Bəli, Azərbaycan bütün dünyada sülhsevər ölkə olaraq tanınır. Və erməni havadarları istisna olmaqla bütün dünya İkinci Qarabağ müharibəsinin Azərbaycanın öz ərazi bütövlüyü uğrunda apardığı haqq savaşı olduğunu qəbul edir. Bunlarla yanaşı, qalib ölkənin öz düşməninə sülh təklif etməsi də görünməmiş hadisədir. Lakin bütün bunların fonunda qarşı tərəfin Azərbaycanın bu humanist addımını qiymətləndirməməsi yalnız onun sülh tərəfdarı olmadığının, regionda əmin-amanlığı, təhlükəsizliyi təhdid etdiyinin göstəricisidir. Belə ki, ötən il dekabr ayının 14-də, bu il aprel ayının 6-sı, may ayının 22-də və avqust ayının 31-də Belçika Krallığının paytaxtı Brüsseldə, həmçinin 2020-ci il noyabrın 9-da, 2021-ci il yanvarın 11-i, noyabrın 26-da, bu il isə oktyabr ayının 31-də Rusiyanın Soçi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında sülh sazişinin imzalanmasına dair görüşlər keçirilmiş, iki ölkə arasında münasibətlərin normallaşmasının təkcə Azərbaycan ilə Ermənistanın deyil, bütövlükdə region xalqlarının rifahının yaxşılaşmasına xidmət edəcəyi vurğulanmışdır. Bu il avqust ayının 31-də Brüsseldə keçirilən 4-cü üçtərəfli görüşdə Aİ Prezidenti dövlətlərarası sərhəddə yaxın günlərdə sərhəd komissiyalarının birinci birgə iclasının baş tutacağına və iki ölkə arasında sərhədin delimitasiyası və ümumilikdə regionda sabitliyin bərqərar olması üçün bütün məsələlərə toxunulmasına nail olunduğunu bildirmişdir. Həmçinin, tərəflərin Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılığa gəldikləri də qeyd olunmuşdur. Lakin istər Belçika krallığının paytaxtı Brüsseldə, istər Rusiya Federasiyasının Soçi şəhərində təşkil olunan üçtərəfli görüşlərdə, istərsə də oktyabr ayının 6-da Praqada keçirilən dördtərəfli görüşdə Azərbaycan ilə Ermənistan arasında sülh təklifinin imzalanmasına razılığını bildirən, bu məqsədlə tez bir zamanda işçi qrupunun yaradılmasının zəruriliyini deyən Ermənistan baş naziri görüşdən bir müddət sonra fikrini dəyişir, qeyri- konstruktiv mövqe nümayiş etdirərək məsələni uzadır.

Qeyd edək ki, Azərbaycanın Ermənistana 5 prinsip əsasında təklif etdiyi sülh müqaviləsinin əsasını - dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması, dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması və nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması təşkil edir. Lakin iki ildir ki, bu şərtləri qəbul etməyərək sülh sazişini imzalamayan və bununla da, ilk növbədə, 2020-ci ildə imzaladığı üçtərəfli bəyanatın müddəalarına əməl etməyən Ermənistan indi də Rusiyanın təklif etdiyi 15 bəndlik sülh sazişini ortaya ataraq bu sənədin sonuncu bəndinə əsasən Qarabağdakı ermənilərə status verilməsi məsələsini gündəmə gətirir.

Ermənilərin riyakar, ikiüzlü olduqları hər kəsə məlumdur. Bu, artıq özünün təsdiqini tapmış bir faktdır. Amma qorxaq, miskin bir xalqın başına gələn və gələ biləcək faciələri görə bilməməsi isə onların həm də şüursuz və dərrakəsiz olduqlarının göstəricisidir. Əks halda hələ ki, humanist ideyalara sadiq qalaraq sülh təklif edən Azərbaycanın səbrinin tükənəcəyini dərk edər və xalqının bundan sonrakı müqəddəratını fikirləşərdilər. Anlayardılar ki, qətiyyətli və əzmli Azərbaycan Prezidentinin hələ müharibənin bitdiyi ilk gündən bəyan etdiyi kimi, Azərbaycan ərazilərində yaşayan ermənilərə heç bir statusun verilməsi danışıqların mövzusu ola bilməz. Azərbaycan öz mövqeyində qətiyyətlidir. Belə ki, ermənilərə status verilməsinin yer aldığı heç bir müqavilə Azərbaycanın imzalayacağı sülh sənədi ola bilməz və bu sənədin müzakirə edilməsi belə mümkün deyil. Azərbaycan Prezidenti dəfələrlə qeyd edib ki, Azərbaycan dövləti onun ərazilərində yaşayan ermənilərə də öz vətəndaşlarına verilən hüquqları verməyə hazırdır.

Azərbaycan yeganə ölkədir ki, qalib ölkə olsa da, düşməninə sülh təklif edir, regionda əmin-amanlığın, təhlükəsizliyin bərqərar olmasına çalışır. Lakin bunu dəyərləndirməyən Ermənistan öz acı taleyi ilə barışmalı olacaq. Çünki gec və ya tez sülh sazişi Azərbaycanın təklif etdiyi 5 baza prinsipi əsasında imzalanacaq. Rusiyanın və yaxud hansısa bir ölkənin sülh variantı və bu sənədin hər hansı bir bəndi qalib Azərbaycan üçün qəbuledilməzdir. Bunu məğlub Ermənistan da yaxşı bilir, onu dəstəkləyənlər də...

Mehparə ƏLİYEVA,

"Respublika".