Ölkə başçısının multiregional siyasətinin əsasında dövlətçilik maraqları dayanır
Siyasət

Ölkə başçısının multiregional siyasətinin əsasında dövlətçilik maraqları dayanır

Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın beynəlxalq nüfuzu gündən-günə artır. Sosial-iqtisadi inkişaf və diplomatiya sahəsində qazanılan nailiyyətlər Şərqlə Qərbin qovuşuğunda yerləşən ölkəmizin qüdrətlənməsinə, iqtisadi suverenliyinin möhkəmlənməsinə və dünya dövlətləri ilə əlaqələrinin daha da genişlənməsinə imkan yaradır.

Bir zamanlar yalnız neft yataqlarına sahib ölkə kimi tanınan və dünyada baş verən proseslərdə iştirak etməyən Azərbaycan haqqında təsəvvürlər 1993-cü ildən sonra tədricən dəyişməyə başladı. Xalqın təkidli xahişi ilə ikinci dəfə hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin gələcəyə hədəflənmiş uzaqgörən siyasəti sayəsində reallaşdırılan beynəlxalq əhəmiyyətli layihələr nəticəsində 80-ci illərin sonu, 90-cı illərin əvvəlində iqtisadi gücü, siyasi nüfuzu olmayan Azərbaycan bütün dünyada tanınmağa başladı. Bir vaxtlar ölkəmizi qəbul etməyən, onunla heç bir əməkdaşlıq əlaqələri qurmayan dövlətlər Azərbaycanla diplomatik səviyyədə əməkdaşlıq etməyə can atdılar. 1994-cü ildə "Əsrin müqaviləsi"ndən sonra 1996-cı ildə "Şahdəniz" yatağı üzrə kontraktın imzalanması, 1997-ci ildə "Çıraq" platformasından ilk neftin çıxarılması, 1998-ci ildə həmin neftin Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixrac edilməsi, 1999-cu ildə Qara dənizin digər limanına - Supsaya Bakıdan neft kəməri çəkilməsi, 2002-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlinin qoyulması, 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyənin Ceyhan limanında istifadəyə verilməsi, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin fəaliyyətə başlaması və s. bu kimi regional və beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüskarı, iştirakçısı, eyni zamanda icraçısı olan müstəqil Azərbaycanın iqtisadi gücü ilə yanaşı, həm də nüfuzunu artırdı.

İkinci Qarabağ müharibəsindən sonra isə ölkəmiz bütün dünyada həm də XXI əsrin müharibəsini apararaq ərazi bütövlüyünü təmin etmiş Qalib Azərbaycan kimi qəbul edildi. Bu gün beynəlxalq aləmdə adına hörmətlə yanaşılan, irimiqyaslı layihələrin reallaşmasında bilavasitə iştirak edən, Cənubi Qafqazda söz sahibi olan müstəqil dövlətimiz müxtəlif regionları əhatə edən fəal siyasət kursu həyata keçirir. Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət yalnız region ölkələri ilə məhdudlaşmayaraq geniş coğrafiyanı əhatə edir. Multiregional və strateji xarakter daşıyan bu siyasət özündə Azərbaycanın maraqlarına uyğun olan siyasi, hərbi, iqtisadi, humanitar və s. sahələri ehtiva edir.

Prezident İlham Əliyev milli maraqların təmin edilməsi istiqamətində məqsədyönlü, düşünülmüş və çoxşaxəli siyasət yürüdərək bu istiqamətdə qətiyyətli addımlar atır. Avropanın enerji təhlükəsizliyində əsas söz sahibinə çevrilən ölkəmiz həm də dünyada logistik və nəqliyyat mərkəzi kimi qəbul edilir. Prezident İlham Əliyev məqsədyönlü fəaliyyətində multiregional siyasətini şaxələndirərərək türkdilli ölkələrlə yanaşı, bir sıra qərb ölkələri ilə də sağlam təməllər və qarşılıqlı etimad əsasında əməkdaşlıq əlaqələri yaradır.

Azərbaycanın türkdilli dövlətlərlə həmrəyliyindən danışarkən ilk növbədə Türkiyə Respublikası ilə əlaqələr qeyd olunur. Belə ki, dost, qardaş Türkiyə ilə Azərbaycan arasında olan münasibətlərə dünyanın ikinci heç bir ölkəsində rast gəlmək mümkün deyil. Səmimiyyət, doğmalıq, qardaşlıq prinsipləri əsasında qurulan əməkdaşlıq əlaqələri soyu bir, kökü bir olan ölkələrimizi müttəfiqlik səviyyəsinə yüksəldib. Təsadüfi deyil ki, bu gün ölkəmiz bir təşkilat kimi əhəmiyyətli inkişaf yolu keçən Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın inkişafında mühüm rol oynayır və bu ölkələrin xalqları ilə dostluq və qardaşlıq əlaqələrinin daha da dərinləşməsinə, təhlükəsizlik sahəsində əməkdaşlığın genişlənməsinə mühüm töhfələr verir.

Artıq 20 ilə yaxındır ki, müstəqil Azərbaycan dövlətinə rəhbərlik edən və ilk günlərdən etibarən Azərbaycanın sürətli inkişaf yoluna doğru irəliləməsi, dövlətçiliyimizin möhkəmlənməsi, xalqımızın milli mənafeyinin qorunması istiqamətində yorulmadan, əzmlə, qətiyyətlə mübarizə aparan Prezident İlham Əliyevin ölkəmizin inkişaf strategiyasında islam həmrəyliyi, müsəlman ölkələrinin birliyi xüsusi yer tutur. Müsəlman dünyasının üzləşdiyi problemlərin həllində yaxından iştirak edən, islam dövlətlərinin qarşısında duran vəzifələrin yerinə yetirilməsində təşəbbüskarlıq göstərən Azərbaycan Prezidenti bu istiqamətdə uğurlu, gələcəyə hədəflənmiş missiya həyata keçirir. Qarşılıqlı hörmət, etibar və etimad prinsiplərinə söykənən bu münasibətlər günbəgün inkişaf edərək daha da möhkəmlənir, ortaq dəyərlərə sahib olan xalqlarımız, türk birliyinə xidmət edən dövlətlərimiz get-gedə daha da yaxınlaşırlar. Bu il noyabr ayının 1-də Azərbaycan Prezidenti İlham Əliyevin Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun tərəfindən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına Fəxri qonaq qismində dəvət olunması ölkəmizin artan nüfuzunun, dövlət rəhbərimizə olan yüksək ehtiramın, eyni zamanda müsəlman ölkələrinin birliyinin təcəssümü idi.

Uğurlu xarici siyasətində nüfuzlu təşkilat və beynəlxalq qurumlarla sıx əməkdaşlıq edən ölkəmiz bu formatda da təhlükəsizlik, iqtisadi inkişaf istiqamətində fəaliyyətini genişləndirir. Belə ki, Azərbaycanın dünyada böyük coğrafi ərazini və planetimizin əhalisinin yarısına qədərini birləşdirən regional təşkilat olan Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı statusuna malik olması ölkəmizə dünya ölkələri tərəfindən göstərilən inam, etibar və etimadın təzahürü, həmçinin dünyanın təhdid və çağırışlarına qarşı duran ölkə olduğunun isbatıdır. Bu baxımdan, Şanxay Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin inkişaf etdirilməsi, bu il sentyabr ayının 16-da ŞƏT-in Sammitində ölkə başçımızın iştirakı qüdrətli dövlətimizin dünyada artan nüfuzunun bariz nümunəsidir. Bu gün iqtisadiyyatını ildən-ilə möhkəmləndirən, daxili resurslarını xalqın rifahı, xoş gələcəyinin təminatına sərf edən Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində Çinlə əlaqələrini genişləndirməsi də gələcək iqtisadi inkişafa, ölkəmizin tərəqqisinə hesablanmış uğurlu addımdır.

İkinci Qarabağ müharibəsindən sonra regionda yeni reallıqlar yaradan Azərbaycan bölgədə sülhün, sabitliyin təmin olunması, region xalqlarının bir-biri ilə yaxın qonşuluq şəraitində yaşaması üçün səylə çalışır. Daxili və xarici siyasətində dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinə böyük önəm verən, dostluq, etibarlı tərəfdaşlıq çərçivəsində milli maraqlarını qoruyan müstəqil Azərbaycan ilə Gürcüstan arasında illər öncə qurulmuş əlaqələr bu gün dinamik sürətlə inkişaf edir. İki ölkə arasında bir çox sahələr, o cümlədən ticarət, investisiya, maliyyə, bank, enerji, nəqliyyat, kənd təsərrüfatı, idman, təhsil, mədəniyyət və s. sahələri əhatə edən əməkdaşlıq həyata keçirilir. Azərbaycan ilə Gürcüstan Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA, Bakı-Tbilisi-Qars və Trans-Anadolu Qaz Boru Kəməri kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələrini birgə reallaşdırır, həmçinin GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində ikitərəfli strateji əlaqələrini daha da şaxələndirirlər. Bu il oktyabr ayının 24-də Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri yeni inkişaf mərhələsinə qədəm qoymuş Azərbaycan-Gürcüstan münasibətlərinin daha da möhkəmlənməsinə xidmət etmişdir.

Xarici siyasətində multiregionallıq prinsiplərinə böyük əhəmiyyət verən Azərbaycan Prezidenti İlham Əliyev dünya siyasi arenasında böyük nüfuza malik müdrik liderdir. Düzgün, düşünülmüş daxili və xarici siyasəti ilə ölkəsini daim irəliyə aparın dövlət başçımız istər türkdilli ölkələrlə, müsəlman dünyası ilə, istərsə də dünya birliyi ölkələri ilə şəffaf, heç bir ölkənin daxili işlərinə qarışmadan, hər bir ölkənin ərazi bütövlüyünə, suverenliyinə hörmət ifadə edən mühüm işlər görür. Bunun nəticəsidir ki, Mərkəzi Asiya ölkələri ilə iqtisadi və humanitar sahədə əməkdaşlıq əlaqələrini dərinləşdirən dövlətimiz, eyni zamanda Avropa İttifaqı ölkələri ilə önəmli, beynəlxalq əhəmiyyətli əməkdaşlıq həyata keçirir. Avropa Qonşuluq Siyasəti çərçivəsində uğurla inkişaf edən Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr və bu əməkdaşlıq "Şərq Tərəfdaşlığı" təşəbbüsünün reallaşması ilə yeni mərhələyə daxil olmuşdur. Belə ki, Avropa İttifaqına üzv olan 9 ölkə ilə Azərbaycanın strateji tərəfdaş olması, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına ciddi səy göstərməsi inkişaf etmiş münasibətlərin nümunəsidir. Bu il oktyabrın 6-da Çex Respublikasının paytaxtı Praqada 44 ölkənin dövlət və hökumət başçılarının iştirak etdiyi "Avropa siyasi birliyi" Zirvə Toplantısı çərçivəsində keçirilən "Avropa qitəsində sülh və təhlükəsizlik" mövzusunda dəyirmi masada iştirak edən Prezident İlham Əliyev bunu bir daha vurğulamışdır.

Beynəlxalq əlaqələrini gündən-günə genişləndirən, multiregional siyasətini şaxələndirən Azərbaycan bu gün Prezident İlham Əliyevin düzgün strateji hədəflərə əsaslanan məqsədyönlü siyasəti nəticəsində dünyada sayılıb-seçilən, qərarlarına hörmətlə yanaşılan və dəstəklənən ölkələr sırasında qərarlaşıb.

Mehparə ƏLİYEVA,

"Respublika".