Tarixin heç bir dövründə olmadığı qədər bizi güclü edən lider
Siyasət

Tarixin heç bir dövründə olmadığı qədər bizi güclü edən lider

Ötən dövrün təcrübəsi göstərir ki, Cənubi Qafqaz kimi mürəkkəb coğrafiyada güclü dövlət olmaq və müstəqil yaşamaq üçün ilk növbədə Ulu Öndər Heydər Əliyev və cənab İlham Əliyev kimi müstəqil dövlətçilik təfəkkürü ilə düşünmək lazımdır. Amma təəssüf ki, müstəqillik tariximizdə nə 1918-1920-ci illərdə, nə də 1991-ci ildən 1993-cü ilin iyununa qədər bu təfəkkür hakim olub. Üstəlik Ümummilli Liderin hakimiyyətə gəlişinə qədər, yəni nə Xalq Cümhuriyyəti dönəmində, nə də 1987-1993-cü illərdə biz nəinki parktik olaraq müstəqil ola, müstəqil düşünə, hətta başqalarında özümüzə ehtiram təlqin edə bilməmişdik.

Heydər Əliyevin azərbaycançılıq ideologiyası elə müstəqil Azərbaycan deməkdir. Heydər Əliyev cəsarət, sədaqət deməkdir. Bu coğrafiyada heç bir amil Heydər Əliyev kursu qədər tam mənada müstəqilliyimizin qarantına çevrilə bilmir. Bu irs bizim müasir dövlətçiliyin təməlidir.

Məlumdur ki, 1969-cu ildə Ümummilli Lider Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə ölkə geri qalmış ucqar subyektdən SSRİ-nin iqtisadi flaqmanına çevrildi, mədəniyyət, incəsənət, ədəbiyyat intibah dövrünə qədəm qoydu. Müstəqilliyin bərpası üçün bazis də məhz bu dövrdə formalaşmağa başladı.  Heydər Əliyevin qurduğu sənaye, inkişaf etdirdiyi iqtisadiyyat, yaratdığı hərbi təyinatlı təhsil müəssisələri, formalaşdırdığı və qoruduğu milli elita elə sovet dövründəcə Azərbaycana müstəqil davranmaq imkanı verdi. Hətta çəkinmədən demək olar ki, Heydər Əliyevin sovet Azərbaycanı Xalq Cümhuriyyətindən heç də az müstəqil deyildi, 1991-1993-cü illərin respublikasından daha çox müstəqil idi.

Biz illər ərzində yanlış təbliğat, yarıtmaz tarix dərsliklərinin ucbatından sovet Azərbaycanına ancaq təqiblər dönəmi kimi baxmışıq. Amma Heydər Əliyevin əsəri olan 1978-ci il Konstitusiyasının 68-ci maddəsində Azərbaycanın suverenliyi, 69-cu maddədə SSRİ-dən azad surətdə çıxmaq hüququ, 73-cü maddədə dövlət dili kimi Azərbaycan dili təsbit edilirdi. Heydər Əliyev “Dəyişdirə bilməyəcəyin bir rejimdə xalq üçün nə etmək olar?” sualına cavab verməyi bacaran ilk və son lideri oldu.

Tarixdən bəllidir ki, Sovet hakimiyyətinin ilk dövrlərində bolşeviklər kommunist ideologiyasına bağlı olmayan hər şeyin üzərindən xətt çəkirdilər. İnanclar, ənənələr, hətta milli musiqi belə keçmişin qalığı hesab olunurdu.  Nə qədər qəribə olsa da SSRİ süquta uğrayandan sonra bu düşüncə vandalizmi Azərbaycanda yenidən baş qaldırdı. Bolşeviklərin muzdurlar şurasından fərqli olmayan AXC-Müsavat cütlüyü sovetlərə bağlı nə varsa hər şeyə nifrət aşılamağa, hətta İkinci Dünya müharibəsi iştirakçılarını belə xainlikdə suçlamağa başladılar. Bunun bir səbəbi var idi, Heydər Əliyevə olan kin və düşmənçilik. Bilirdilər ki, Azərbaycan xalqı Heydər Əliyev kimi bir dahini qoyub bunlara üz tutmayacaq. Ona görə də bu böyük şəxsiyyəti  SSRİ və KQB ilə assosiasiya edərək gözdən salmaq istəyirdilər. Amma xalq bilirdi ki, Heydər Əliyev şərəfli general kimi KQB sədri olanda da, Azərbaycana rəhbərlik edəndə də, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olanda da həmişə milli olub. Əks halda Heydər Əliyev 1988-1989-cu illərdə meydan hərəkatında olanlardan daha çox məhrumiyyətlərə məruz qalmazdı. Lakin heç bir amil xalqın iradəsindən daha təsirli ola bilməz və Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya böyük qayıdışı ölkənin və ümumilikdə bölgənin həyatında yeni bir başlanğıc oldu, dövlətimiz müstəqilliyini itirərək parçalanmaqdan, xalq isə vətəndaş müharibəsindən qurtuldu. İnkişaf və tərəqqi üçün zəmin yarandı. Heç şübhəsiz ki, böyük Zəfərə gedən yol da məhz o gündən başladı. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana ikinci dəfə rəhbərliyə qayıtması yalnız bizim ölkə üçün yox, bütövlükdə yerləşdiyimiz mürəkkəb geosiyasi məkan üçün tarixi dönüş anı hesab edilməlidir. Xüsusən hazırkı postmünaqişə dövründə Qafqazda vahid təhlükəsizlik ideyasından danışarkən istinad oluna bilinəcək təməl prinsiplər məhz Heydər Əliyev ideologiyasının tezisləridir. Ümumiyyətlə, ötən bir əsrlik dövr göstərir ki, Qafqazda müstəqilliyi qoruyub saxlamaq əldə etməkdən qat-qat çətindir. Cənubi Qafqazın bütün dövlətləri kimi biz də ilk müstəqilliyimizi tarixi proseslərin təbii gedişatında əldə etmişik. Yəni çar İmperiyası dağılıb və digər dövlətlər kimi, biz də ilk cümhuriyyətimizi elan etmişik. Lakin o zaman birinci müstəqilliyimizi nəinki qoruya bilmədik, üstəlik həmin dövrdə istiqlaliyyəti qorumaq cəhdləri böyük ərazi itkiləri ilə nəticələndi. Qərbi Zəngəzur və Göyçəni itirdik. Xüsusən İrəvanın Ermənistana verilməsi kimi böyük tarixi cinayət yaşandı. İkinci müstəqillik dövründə isə "demokratiya" görüntüsü altında hakimiyyəti zəbt etmiş səbatsız qüvvələr Qarabağı və Şərqi Zəngəzuru itirdilər. Həmçinin tarixin təkərrürü təhlükəsi ortaya çıxdı. Daha dəqiq desək, 1993-cü ildə də 1920-ci ildə olduğu kimi, müstəqillik əldən getməkdə olanda məhz Heydər Əliyev şəxsiyyəti həmin dövrdə istiqlalımızın qarantına çevrildi. Əvvəldə də qeyd etdiyimiz kimi, 1993-cü ildə Azərbaycan xalqı üçün Heydər Əliyevin şəxsiyyəti yeni fenomen deyildi, Heydər Əliyev artıq bir dəfə xalqımızın taleyində həlledici rol oynamışdı, Azərbaycan insanı onu tanıyırdı, yalnız Heydər Əliyev yaranmış situasiyanı lehimizə çevirə bilərdi. Təsadüfi deyil ki, Naxçıvanda dahi Liderə müraciətlərin hamısının məzmununda "xalqı bu bəladan qurtarmaq" xahişlər və hətta, təkidli tələblər əks olunurdu. İnsanlar Heydər Əliyevə ilk və son ümid yeri kimi baxırdılar. Bunun da çox sadə səbəbləri var idi.

Birincisi, Heydər Əliyevin bundan öncə Azərbaycana 13 illik rəhbərlik təcrübəsi var idi. Hansı ki sovet sistemində Azərbaycan yüksək inkişaf dövrünü məhz bu 13 illik dövrdə yaşamış, əvvəldə də qeyd etdiyimiz kimi, elə ikinci müstəqilliyinin təməlini də o zaman qoymuşdu. Eyni zamanda Qarabağda erməni separatizmi baş qaldıranda və 20 yanvar hadisələrində birbaşa Moskvadan həyatını riskə atıb. Sovet sisteminə ilk etiraz edən rəsmi şəxs, o cümlədən də Azərbaycana qayıdıb Naxçıvana rəhbərlik etdiyi dövrdə ilk dəfə üçrəngli bayrağımızı dövlət müəssisələrində dalğalandıran məhz Ulu Öndər olmuşdu. 1991-ci ildə Heydər Əliyev Naxçıvanda üçrəngli bayrağı dalğalandırdığı halda xalq görürdü ki, Bakıda hakimiyyət də, meydandakılar da konkret niyyət göstərmir. Hətta ittifaq ölkələri bir-birinin ardınca müstəqilliyini elan etsə də Bakıdakı "demokratlar" SSRİ-dən çıxıb-çıxmamaq barədə qərarsız qalmışdılar. Bakıda müstəqillik məsələsini referenduma çıxarmaq kimi utancverici bir qərar qəbul edildiyi halda Heydər Əliyev tarixi cəsarət göstərib bu ideyanı ümumiyyətlə rədd etdi və Naxçıvanda ümumxalq səsverməsi keçirilməsinə imkan vermədi. Məhz bu qətiyyət xalqa kimin kim olduğunu bir daha göstərdi. Ölkənin üzərini almış vətəndaş müharibəsindən, dövləti parçalanmaqdan xilas edə biləcək yeganə gücün məhz Heydər Əliyev olması heç kimdə, hətta ilk gündən dahi şəxsiyyətə düşmən mövqe sərgiləyən AXC-Müsavat cütlüyündə, o cümlədən o zamankı prezidentdə də şübhə doğurmurdu. Reallıqda da aydın idi ki, Bakıda o zamankı rəhbərliyin nəinki dövləti, ümumiyyətlə heç özlərini idarə etməyə səriştələri yox idi. Dövlətdə cəzasızlıq şəraitində cəngəllik qaydaları hökm sürürdü. Belə bir şəraitdə, uşaqdan böyüyə hər kəsə aydın idi ki, bütün bəlaların, o cümlədən, işğalın, vətəndaş müharibəsinin, daxili parçalanmanın kökündə məhz bu səbatsızlıq və yarıtmazlıq dayanırdı. Heydər Əliyevin xalqın təkidli tələbi ilə Bakıya gəlişi bizi ilk növbədə məhz bu zehniyyətdən qurtardı. Xalqı vahid amal uğrunda birləşdirdi, xaricdən maliyyə və silah dəstəyi alıb parçalanmaya rəvac verən ünsürləri zərərsizləşdirdi. Vahid, güclü mərkəzləşdirilmiş dövlət yaratdı, siyasi və iqtisadi müstəqillik üçün zəmin olan beynəlxalq müqavilələr imzaladı. Bu, dövlətin parçalanmadan, dövlətçiliyin süqutdan, xalqın isə məhvdən qurtuluşu demək idi.

Azərbaycan xalqının bəxti onda gətirdi ki, Heydər Əliyev ideyaları özündən sonra daha müasir və daha mütərəqqi formada cənab İlham Əliyevin timsalında davam etdi.

Sirr deyil ki, Qarabağ məsələsi Ulu Öndərin nisgili idi, hətta son müraciətində də ifadə edirdi ki, “xaos və anarxiya dövründə yaranmış bu problemi hələ də həll edə bilməmişik”. Baxmayaraq ki, Heydər Əliyevə qədərki idarəçilik normal təfəkkürə sahib olsaydı, onun dediyi kimi, “xalqı vahid sarsılmaz bir qüvvə kimi Azadlıq meydanına toplayan milli hisslərdən konstruktiv şəkildə istifadə olunsaydı, Qarabağ adlı problem də olmazdı”. Amma o zaman Xalq cəbhəsi təhlil və proqnozlar əsasında milli platforma yaratmaq əvəzinə, populist meydan əhvali-ruhiyyəsinə üstünlük vermişdi. Baxmayaraq ki, Ulu Öndərin dediyi kimi, “Bu məsələyə Azərbaycan xalqı layiqincə cavab verməyə qadir idi”. Və cənab İlham Əliyev də sübut etdi ki, Azərbaycan xalqı böyük qələbəyə həm qadirdir, həm də layiq! Sadəcə idarəçilik milli düşüncədə, doğru əldə olmalıdır. Lakin Ulu Öndərin layiqli varisi və Heydər Əliyev siyasi kursunu keyfiyyətcə yeni mərhələyə daşıyan cənab İlham Əliyev prosesə konseptual yanaşmağı bacardı.  Güclü iqtisadiyyat qurub, iqtisadi suverenliyimizi təmin etdi. Ölkəni çadırlardan azad etdi. Məcburi köçkün çadır şəhərciklərini ləğv edərək vətəndaşın layiqli rifahı, rəngli inqilablar simgəsi olan narıncı çadırlara meydan verməyərək müstəqilliyimizin davamlılığını təmin etdi, düşüncələri “paladka” təfəkküründən xilas edib 200 ildir məğlub kimi yaşayan xalqa qalib kimi düşünməyi öyrətdi. Böyük zəfərlərimizə qədər cənab İlham Əliyev həm tariximizin, həm də regionun ən güclü ordusunu və ən nəhəng müdafiə sənayesini qurdu, vətənpərvər gənclik yetişdirdi. 200 ildir zəbt edilmiş təfəkkürləri, 30 il işğalda qalan Qarabağ və Şərqi Zəngəzuru azad etməklə, ərazi bütövlüyü və suverenliyimizi tam bərpa etməklə, cənab İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi Azərbaycan tarixinin heç bir dövründə heç bir liderə müyəssər olmayan bir zirvəyə ucaldı. Zəfərdən cəmi 8 gün sonra özünün ən sadiq silahdaşı Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə işğaldan azad olunmuş bölgələrə səfər edən cənab İlham Əliyev tariximizin ən irihəcmli quruculuq-bərpa prosesinə start verdi. Strateji əhəmiyyətinə görə tarix boyu maraqların toqquşma nöqtəsi olan və faydasından çox zərərini gördüyümüz coğrafiyanı ilk dəfə məhz cənab İlham Əliyev Ulu Öndərin  siyasi kursuna sadiq qalaraq milli kapitala çevirdi və nə qədər ki, Heydər Əliyev siyasi kursunun davamlılığı təmin ediləcək, coğrafiyamız bizim üçün dividend gətirməkdə davam edəcəkdir. Heydər Əliyev ideologiyasının, İlham Əliyev şəxsiyyətinin simasında realizəsi nəticəsində bu gün Azərbaycan torpaq itirən dövlətdən işğala, təcavüzə son qoyan və bölgədə diqtə edən müzəffər gücə çevrilmiş, milli həmrəyliyimiz möhkəmlənmişdir. Xüsusən 44 günlük müharibə və antiterror tədbirlərindən sonra yaranan yeni reallıqda cənab İlham Əliyevin rəhbərliyi altında vahid azərbaycançılıq ideyası və milli maraqlar rəhbər tutularaq ölkənin tərəqqisi naminə həlledici addımlar atılmaqla, eyni zamanda Türk dünyasının birliyi yolunda ciddi və təsirli nəticələrə nail olunur.

Bütün yaşananlar, əldə olunan müstəsna nəticələr göstərir ki, Azərbaycan üçün ən doğrusu məhz Heydər Əliyev siyasi kursunun davamlılığıdır. Bunun üçün isə Ulu Öndərin irsini dərindən öyrənmək zərurətdir. 20 il əvvəl Ulu Öndər irsini yaşadan, öyrənən və öyrədən Heydər Əliyev Fondunu da məhz bu zərurətlər meydana çıxardı. Əminliklə deyə bilərik ki, Fond Mehriban xanım Əliyevanın rəhbərliyi altında Ulu Öndərin arzuladığı dövlət quruculuğunda nəinki aktiv rol almağı bacardı, hətta bir sıra istiqamətlərdə, o cümlədən sosial-mədəni və humanitar sahələrin inkişafında, azərbaycançılıq ideologiyasının və milli həmrəyliyin güclənməsində aparıcı mövqe tutdu. Vətən müharibəsində arxa cəbhənin mənəvi və bir çox hallarda maddi yükü Mehriban xanımın və rəhbərlik etdiyi Fondun üzərinə düşdü.

Anadan olmasının 101-ci ilində artıq əminliklə deyə bilərik ki, Ümummilli Liderin hər bir sağlam təfəkkürlü azərbaycanlının qəlbində yaşayan irsi bizim taleyimizdir. Çox xoşbəxt xalqıq ki, Ulu Öndər siyasi kursu cənab İlham Əliyevlə özünün tam yeni mərhələsinə qədəm qoyub və bu siyasi irsin davamlılığını heç kim əngəlləyə bilməz. Hər kəs arxayın ola bilər ki, Heydər Əliyevlə başlanan və bizi tarixin heç bir dövründə olmadığı qədər güclü edən bu yol birmənalı şəkildə İlham  Əliyevlə davam edəcək.

Bəhruz MƏHƏRRƏMOV,

Milli Məclisin deputatı.